Gürcüstan parlamentinin sədri Şalva Papuashvili Estoniya hakimiyyətini və Avropa İttifaqının rəhbərliyini “beynəlxalq fırıldaqçılıqda” ittiham edib. Gürcüstan Konstitusiyasına əsasən parlament respublikası olan ölkədə parlament sədri dövlətin ikinci ən yüksək vəzifəli şəxsi hesab olunur.
“İki sahil” xəbər verir ki, bu barədə bu barədə Gürcüstanın hökumətyönlü Imedinews media resursu məlumat yayıb.
Şalva Papuashvilinin sözlərinə görə, Gürcüstanda fəaliyyət göstərən və “xarici agentlər haqqında” qanuna uyğun olaraq Gürcüstan Ədliyyə Nazirliyində qeydiyyatdan keçməkdən imtina edən ən nüfuzlu qeyri-hökumət təşkilatları Estoniyada yenidən qeydiyyatdan keçiblər.
Parlament sədri “Imedi” televiziya kanalında canlı efirdə Tallin yaxınlığında yerləşən, yarıuçuq barak tipli binanın fotosunu nümayiş etdirərək bildirib ki, Gürcüstanın ən nüfuzlu QHT-lərindən biri olan “Transparency International — Georgia”, eləcə də bir sıra digər QHT-lər və müxalifət yönlü media qurumları məhz həmin ünvanda qeydiyyatdan keçiblər.
“Bu, ‘Transparency International — Georgia’nın Estoniyadakı ofisidir. Eyni ünvanda ‘Avropa Orbiti’nin, habelə özünü media qurumu kimi təqdim edən, əslində isə təbliğat aləti olan ‘Publika’nın və bir sıra digər oxşar təşkilatların Estoniya ünvanı yerləşir”, — deyə Şalva Papuashvili qeyd edib.
O, baş verənləri “beynəlxalq fırıldaqçılıq” adlandıraraq Estoniya hakimiyyətini “Gürcüstan xalqına hörmətsizlikdə” ittiham edib. Papuashvili bu “fırıldaqçı sxemin” əsas məsuliyyətini Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallasa yönəldib. Qeyd edək ki, Kaya Kallas daha əvvəl Estoniyanın baş naziri vəzifəsini tutub.
Məlumatda bildirilir ki, 2024-cü ildən etibarən Gürcüstan hakimiyyəti Qərb fondları tərəfindən maliyyələşdirilən QHT-lər və media qurumları ilə bağlı qanunvericiliyi mərhələli şəkildə sərtləşdirib. Hazırda qüvvədə olan “Qrantlar haqqında” qanuna əsasən, Gürcüstanda qeydiyyatdan keçmiş istənilən təşkilat yalnız hökumətin razılığı ilə qrant ala bilər.