30 yanvar 2026 11:30
251

Dəm qazı bəlası: Səbəblər və çıxış yolları...

Son günlərdə ölkədə dəm qazı ilə bağlı baş verən faciəli hadisələrin sayının artması bu problemin artıq ciddi təhlükəsizlik məsələsinə çevrildiyini göstərir. Xüsusilə qış aylarında məişətdə qaz cihazlarından istifadənin intensivləşməsi fonunda baş verən bu hadisələr bir çox hallarda insan itkisi ilə nəticələnir. Mövcud vəziyyətin ciddiliyi onu göstərir ki, problemin səbəblərinə və qarşısının alınması yollarına peşəkar yanaşma zəruridir.

Dəm qazı ilə bağlı risklərin haradan qaynaqlandığını, hansı hallarda təhlükənin daha da artdığını və məişətdə hansı səhvlərin faciəvi nəticələrə yol açdığını aydınlaşdırmaq üçün təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyevin mövzuya dair fikirləri xüsusilə diqqət çəkir.

Təhlükə ən çox haradan gəlir?

Ekspert, “İki sahil”ə açıqlamasında bildirdi ki,  son vaxtlar dəm qazı səbəbindən ölüm hallarının artması əsasən məişətdə qaz cihazlarından düzgün istifadə edilməməsi, təhlükəsizlik qaydalarına laqeyd yanaşma və texniki normativlərin pozulması ilə əlaqədardır: “Qazın fiziki-kimyəvi xüsusiyyətlərinə görə yanıcı və partlayıcı olması, düzgün istismar olunmadıqda isə natamam yanma nəticəsində dəm qazının yaranması bu riski daha da artırır. Yanma prosesinin normal getməsi üçün oksigen vacib şərt sayılır və otaqda kifayət qədər hava olmadıqda təhlükə yaranır.

Ev şəraitində ən çox risk yaradan qaz cihazları su qızdırıcıları, kombilər və köhnə tip qaz sobaları hesab olunur. Bu cihazlardan istifadə zamanı vətəndaşlar əsasən havalandırma və ventilyasiya tələblərinə əməl etmir, nəfəslikləri bağlayır, tüstü bacalarının texniki vəziyyətini yoxlamır və ya standartlara uyğun olmayan bacalardan istifadə edir. Bəzi hallarda tüstü bacası mövcud olsa belə, onun sorma qabiliyyəti olmur və bu da yanma prosesini pozaraq dəm qazının otağa dolmasına səbəb olur.

Dəm qazı natamam yanmanın məhsuludur və yanma prosesi yalnız tüstü bacası işlək vəziyyətdə olduqda, normativlərə uyğun qurulduqda və otaqda kifayət qədər hava olduqda düzgün gedir. Bu şərtlərdən hər hansı biri təmin edilmədikdə dəm qazının yaranma ehtimalı xeyli artır. Qaz cihazı olan otaqlarda mütləq havalandırma, ventilyasiya və nəfəslik olmalı, tüstü bacaları isə normativ standartlara uyğun və işlək vəziyyətdə saxlanılmalıdır”.

Görünmür, amma özünü tez büruzə verir

Ekspert qeyd etdi ki, dəm qazı sızmasının ilk əlamətləri adətən başgicəllənmə, halsızlıq, ürəkbulanma, baş ağrısı və yuxululuq hissi ilə özünü göstərir: “Bu əlamətlər hiss olunan kimi dərhal qaz cihazı söndürülməli, pəncərə və qapılar açılmalı, otaq havalandırılmalı və insanlar təmiz havaya çıxarılmalıdır. Zərurət yarandıqda təcili tibbi yardıma müraciət edilməlidir.

Köhnə tikililərdə və fərdi yaşayış evlərində təhlükənin daha yüksək olmasının əsas səbəbi tüstü bacalarının köhnəlməsi, ventilyasiya sistemlərinin olmaması və ya yararsız vəziyyətdə qalması, həmçinin qaz cihazlarının illərlə texniki baxışdan keçirilməməsidir. Bu tip tikililərdə normativlərə uyğunluq çox vaxt təmin edilmir ki, bu da risk faktorunu artırır.

Dəm qazının qarşısını almaq üçün hər bir ailə mütləq əsas təhlükəsizlik tədbirlərinə əməl etməlidir. Qaz cihazları olan məkanlarda havalandırma və ventilyasiya təmin edilməli, tüstü bacaları mütəmadi yoxlanmalı, qaz sızmasına və dəm qazına qarşı detektorlar quraşdırılmalıdır. Qaz sızmasına qarşı detektorlar sızma zamanı qazın verilişini avtomatik dayandırır, dəm qazına qarşı detektorlar isə xüsusi siqnal vasitəsilə təhlükə barədə xəbərdarlıq edir”.

Ən təhlükəli məkan

Elmar Nurəliyev vurğuladı ki, dəm qazı halları əsasən hamam otaqlarında baş verir. Təhlükəsizlik baxımından hamam otaqlarında qaz cihazlarının quraşdırılması məqsədəuyğun deyil: “Zərurət yarandıqda isə burada ciddi təhlükəsizlik tədbirləri görülməli, otağın minimum 7,5 kvadratmetr sahəsi və 2,2 metr hündürlüyü təmin edilməli, qapının aşağı hissəsində hava keçidi üçün boşluqlar olmalı, havalandırma və tüstü bacaları standartlara tam uyğun qurulmalıdır.

Ümumilikdə, qaz cihazlarından istifadə olunan bütün məkanlarda təhlükəsizlik daim ön planda saxlanılmalı, ən kiçik texniki nöqsan belə diqqətdən kənarda qalmamalıdır. Bu yanaşma insanların həyatının qorunması baxımından həlledici əhəmiyyət daşıyır”.

Nigar Orucova, “İki sahil”