29 yanvar 2026 15:55
177

Trampın Milli Qvardiyanı şəhərlərə göndərməsi ABŞ-a 496 milyon dollar başa gəlib

ABŞ prezidenti Donald Trampın Milli Qvardiyanın bəzi şəhərlərə, o cümlədən Vaşinqtona göndərilməsi ABŞ vergi ödəyicilərinə 496 milyon dollarə başa gəlib.

“İki sahil” xəbər verir ki,  bu barədə CNN də daxil olmaqla aparıcı amerika media orqanları Konqresin Büdcə İdarəsinin məlumatlarına istinadla xəbər verib.

Əgər Milli Qvardiyanın şəhərlərdə yerləşdirilməsi bu il də davam edərsə, büdcəyə zərərin 1,1 milyard dollara çatacağı proqnozlaşdırılır.

Oregon ştatından olan senator, Demokratlar Partiyasının büdcə komitəsindəki aparıcı üzvü Ceff Merkli bu məlumatı ABŞ şəhərlərində Milli Qvardiya bölmələrinin yerləşdirilməsinin xərclərini öyrənmək üçün tələb etmişdi.

Xatırladaq ki, keçən ilin yayından Tramp Vaşinqton, Memfis və digər şəhərlərdə Milli Qvardiyanın yerləşdirilməsi barədə bir neçə fərman imzalayıb. Prezident bu addımı həmin şəhərlərdə genişmiqyaslı zorakı etirazlar və cinayətkarlığın artması ilə izah edib. Lakin şəhər meri və Demokrat qubernatorlar bunu səlahiyyətlərin sui-istifadəsi kimi qiymətləndirərək, Trampı vəziyyəti şişirdərək təqdim etməkdə günahlandırıblar.