29 yanvar 2026 18:40
125

Aİ Ukraynanın enerji ehtiyacları üçün 50 milyon avro ayırıb

Avropa Komissiyası Avropa İnvestisiya Bankı ilə birgə Ukraynanın dövlətə məxsus enerji şirkəti “Naftoqaz”a əlavə olaraq 50 milyon avro maliyyə vəsaiti ayırıb.

“İki sahil” “İnterfaks”a istinadla xəbər verir ki,  bu barədə Avropa Komissiyası rəsmi kommünikedə məlumat verib.

Məlumatda qeyd olunur ki, vəsait Ukrayna Fondu çərçivəsində əlavə kredit kimi təqdim edilib və bu addım Ukraynanın ən kəskin enerji ehtiyaclarına cavab olaraq Avropanın dəstək tədbirlərini gücləndirir.

Brüsseldə bildirilib ki, Aİ-nin 2025–2026-cı illər qış mövsümü üçün qazın təcili alınmasına ayırdığı ümumi maliyyə dəstəyi 977 milyon avroya çatıb. Avropa Komissiyasının məlumatına əsasən, “Naftoqaz” ayrılan maliyyəyə ekvivalent məbləği öz vəsaiti hesabına yönəltməyi öhdəsinə götürüb. Bu vəsait bərpa olunan enerji və dekarbonizasiya sahəsində layihələrin maliyyələşdirilməsinə sərf olunacaq.

Bundan əlavə, Avropa Komissiyası daha əvvəl Ukraynaya və ukraynalı qaçqınları qəbul edən Moldovaya 153 milyon avro həcmində təcili yardım ayrıldığını da açıqlamışdı. Sözügedən vəsait aşağı temperatur şəraiti və elektrik enerjisinin verilməsində yaranan fasilələrlə bağlı təcili ehtiyacların qarşılanmasına yönəldilib.