Bu metalın sürətlə bahalaşması nədən qaynaqlanır?
Son bir həftədə Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyasının qiyməti 17 dollar artaraq 4 850 dollar səviyyəsinə yüksəlib. Bu, investorların qızıl bazarına olan marağının artdığını bir daha göstərir. Həmçinin digər bir metalın- gümüşün də qiyməti 1,64 dollar yüksələrək 77 dollara çatıb.

Analitiklər yaxın gələcəkdə qızıl və gümüş bazarında qiymətlərin daha da yüksələcəyini iddia edirlər. Onların qənaətincə, qiymətlərin belə sürətlə artımasının səbəbi bir çox ölkələrin, fondların və investorların inflyasiyadan qorunmaq üçün qızılı ehtiyat aktiv kimi almalarıdır. Eyni zamanda, qızılın qiymətinin dünya bazarında tarixi maksimuma qalxması həm də regional hərbi münaqişələrdən qaynaqlanır.
Təbii ki, burada söhbət ilk növbədə Rusiya-Ukrayna müharibəsindən, gərgin vəziyyətdə olan İsrail -İran, ABŞ- İran münaqişəsindən, o cümlədən Qrelandiya adasına görə yaranan ABŞ- Avropa qarşıdurmasından gedir. İnvestorlar belə zamanlarda riskli aktivlərdən (səhmlərdən və valyutalardan ) uzaqlaşaraq iqtisadi təhlükəsizliklərini qızıl ehtiyatlarını artırmaqda görürlər.
Bundan başqa, ABŞ Federal Ehtiyat Sistemi (FED) hər dəfə faiz dərəcələrini azaldarkən dolların da dəyəri düşür. Bu da qızılın dəyərinin artmasına səbəb olur. Xüsüusilə son bir neçə ayda Çin, Hindistan, Rusiya və digər ölkələrin mərkəzi bankları valyuta risklərini azaltmaq üçün qızıl ehtiyatlarını artırırlar. Nəticədə qızıl bazarında tələbat yüksəlir.
Bəs son illərdə daha çox qızıl hasil edən olan ölkələr hansılardır ? «World Gold Council»in (WQC) məlumatlarına əsasən, 2024-cü ildə dünyada 3,7 min ton qızıl hasil olunub ki, bu da əvvəlki illə müqayisədə cəmi 0,6 faiz çoxdur. Qızıl hasilatında liderlik Çinə məxsusdur. Bu ölkə 10,4 faizlik payla 380,2 ton qızıl istehsal edib. Əhəmiyyətli həcmlər, həmçinin Rusiyanın (330 ton), Avstraliyanın (284 ton) və Kanadanın (202,1 ton) payına düşür. İlk onluğa, həmçinin ABŞ (158 ton), Qana (140,6 ton), Meksika (140,3 ton), İndoneziya (140,1 ton), Peru (136,9 ton) və Özbəkistan (129,1 ton) daxil olub.
WGC-nin məlumatına görə, Qazaxıstan 87 ton hasilatla 14-cü yeri tutub. Qeyd edək ki, bu göstəricilər «Metals Focus» metodologiyasına əsaslanır və burada «refined» (xammal) və ya «paid gold» nəzərə alınır. Başqa sözlə, söhbət qızıl filizinin və ya yarımfabrikatların kütləsindən yox, emal olunmuş və affinaja ən yaxın vəziyyətdə olan metaldan gedir.
WGC-yə görə, Qazaxıstanda və Qırğızıstanda qızıl hasilatı müvafiq olaraq 1,3 faiz və 7,5 faiz azalıb. Rusiyada və Özbəkistanda isə əksinə, hasilat 2,6 faiz və 7,9 faiz artıb.

Belə bir fikir var ki, idarə olunan fiziki qızılın həcmi dövlətin real çəkisini və suverenliyini əks etdirir. Təsadüfi deyil ki, ötən əsrin 30-cu illərində Franklin Ruzvelt bütün dünyadan, o cümlədən SSRİ-dən qızıl alaraq ABŞ-ın qızıl ehtiyatlarını artırırmışdı. Maraqlıdır ki, G7 ölkələrinin qızıl ehtiyatlarının əhəmiyyətli hissəsi, xüsusən də Almaniya və İtaliya qızılları bu gün də Nyu-Yorkdakı Federal Ehtiyat Bankının anbarında yerləşir və faktiki olaraq ABŞ dövlətinin nəzarətindədir. Digər tərəfdən, maraqlıdır ki, Amerika öz milli qızıl ehtiyatlarını Kentukkidəki Fort Knox hərbi bazasında saxlamağa üstünlük verir.
2025-ci ilin sttistikası açıqlanmadığı üçün 2024-cü ilin statistikasından istifadə etməli olacağıq. Belə ki, 2024-cü ildə ən çox qızıl almış ölkələrdn biri də Azərbaycandır. Ölkəmiz bu cədvəldə 5-ci yerdədir. Ümumdünya Qızıl Şurası tərəfindən qeyd edilib ki, ölkəmizin qızıl alışlarını Azərbaycan Mərkəzi Bankı deyil, Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) reallaşdırıb. Ümumdünya Qızıl Şurasının EMEA üzrə baş analitiki Krişan Qopaul sosial media paylaşımında bildirib ki, ARDNF 2024-cü ilin son rübündə daha 20 ton qızıl alıb və bununla da 2024-cü il üçün qızıl alışını 45 tona çatdırıb. «2024-cü ilin sonunda Azərğaycanın ümumi qızıl ehtiyatları 147 ton təşkil edib ki, bu da onun investisiya portfelinin 21 faizini təşkil edir (2023-cü ilin sonunda bu göstərici 12 faiz idi),» - Qopaul bildirib.
Qızıl haqqında daha bir önəmli xəbər isə odur ki, 2025-ci ilin yanvar-sentyabr aylarında Azərbaycan 238 milyon ABŞ dolları dəyərində qızıl ixrac edib. Bununla da ölkəmiz qızıl ixracından gəlirini ötən ilin eyni dövrü ilə müqayisədə 2,1 dəfə çox artırıb. Təkcə sentyabrda isə Azərbaycan 27,4 milyon ABŞ dolları dəyərində qızıl ixrac edib. Bu isə 1 il əvvəlinə nisbətən 45,75 faiz çoxdur.
Elçin Zaman, «İki sahil»