23 yanvar 2026 21:57
94

Müasir dünya nizamı özünün ən kritik sınaqlarından birini yaşayır

Müasir dünya nizamı özünün ən kritik sınaqlarından birini yaşayır. Onilliklər ərzində beynəlxalq münasibətlərin fundamentini təşkil edən, dövlətlərin suverenliyini və ərazi bütövlüyünü qoruyan beynəlxalq hüquq normaları artıq universal bir qanun yox, selektiv bir alət təsiri bağışlayır. Azərbaycan Prezidenti İlham Əliyevin Dünya İqtisadi Forumunda (Davos) verdiyi müsahibədə səsləndirdiyi “Beynəlxalq hüquq normaları dünya ictimaiyyətinin bütün üzvləri üçün artıq mütləq görünmür” fikri, əslində qlobal sistemin "diaqnozu"dur. Beynəlxalq hüququn mütləq xarakterini itirməsinin kökündə duran əsas səbəb ikili standartlar və böyük güclərin maraqlarının hüquq prinsiplərini üstələməsidir. Uzun illərdir ki, dünya "selektiv ədalət" anlayışı ilə üz-üzədir. Eyni hüquq norması bir münaqişədə hərbi müdaxiləyə əsas kimi götürüldüyü halda, başqa bir regionda illərlə görməzdən gəlinir.

Azərbaycan bu acı reallığı torpaqlarımızın işğalı dövründə bizzat təcrübə etdi. BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi dörd qətnamənin onilliklər ərzində icra olunmaması beynəlxalq hüququn tətbiq mexanizminin iflic olduğunu sübuta yetirdi. Prezidentin bu fikri məhz həmin tarixi ədalətsizliyin və qlobal laqeydliyi bir da gözlər önünə sərdi.

Hüquq normaları mühafizə olunmadıqda, dünya anarxiyaya sürüklənir. Belə bir mühitdə dövlətlər artıq beynəlxalq təşkilatlara və ya kağız üzərindəki maddələrə deyil, öz hərbi-iqtisadi güclərinə güvənməyə başlayırlar. Prezidentin mesajı həm də bir xəbərdarlıqdır: əgər hüquq normaları hamı üçün mütləq və icbari deyilsə, onda hər bir dövlət öz maraqlarını və təhlükəsizliyini "güc faktoru" ilə qorumağa məcbur qalacaq.

Azərbaycanın 44 günlük Vətən müharibəsi zamanı öz ərazi bütövlüyünü bərpa etməsi, əslində beynəlxalq hüququn ölü nöqtədən çıxarılması idi. Lakin bu, dünya ictimaiyyətinə göstərdi ki, beynəlxalq institutlar işləməyəndə hüququn bərpası üçün hərbi-siyasi iradə yeganə yol olur.

Hazırda dünya "hüququn gücü"ndən "güclünün hüququ"na keçid edən bir keçid dövründədir. Bu tendensiya dayandırılmazsa, beynəlxalq sistem bütövlükdə çökə bilər. İlham Əliyevin bu çıxışı sadəcə bir tənqid deyil, eyni zamanda beynəlxalq təşkilatların, xüsusilə BMT-nin təcili islahatlara ehtiyacı olduğuna dair çağırışdır.

Beynəlxalq hüquq normaları hər bir dövlət üçün mütləq və toxunulmaz olmadığı müddətcə dünya daha təhlükəli bir yerə çevriləcəkdir. Prezidentin Davosdan verdiyi mesaj beynəlxalq ictimaiyyəti güzgü önünə qoyur: Ya ədalətli və hamı üçün bərabər olan yeni bir hüquqi çərçivə yaradılmalı, ya da dünya qlobal xaosun fəsadları ilə barışmalıdır. Azərbaycanın bu məsələdəki qətiyyətli mövqeyi isə sübut edir ki, ədalət gec-tez bərpa olunur, lakin bunun üçün təkcə hüquq deyil, həm də sarsılmaz iradə lazımdır.

İsa Məmmədov,
YAP Babək rayon təşkilatının sədri