21 yanvar 2026 22:16
177

Prezident İlham Əliyevin Davosda səsləndirdiyi fikirlər beynəlxalq mətbuat tərəfindən geniş işıqlandırılıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Davosda Dünya İqtisadi Forumu çərçivəsində “Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi” mövzusunda panel iclasında və “Azərbaycan rəhbərliyi ilə səhər yeməyi“ adlı tədbirdə söylədiyi fikirlər beynəlxalq mətbuat tərəfindən geniş işıqlandırılıb.

“İki sahil” xəbər verir ki, Avropanın müxtəlif ölkələrinin, Rusiyanın və ərəbdilli ölkələrin media orqanları Azərbaycan Prezidentinin “Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi” mövzusunda panel iclasındakı çıxışına istinadən məqalələr hazırlayıblar. Məqalələrdə ilk növbədə Ermənistan və Azərbaycan arasında artıq arxada qalmış müharibədən sonra regionda yaranmış yeni reallıqlar, iki ölkə arasında gələcəyə yönəlmiş baxışlar diqqət mərkəzində dayanıb.

Türkiyənin “Anadolu“, “İhlas“ xəbər agentlikləri, Rusiyanın “Kommersant“, “Komsomolskaya pravda“, “Vedomosti“, “Vesti“, “Qazeta“ qəzet və portalları, “TASS“ xəbər agentliyi, ərəbdilli “lebanon24“, “Al bayader“ portalları” Prezident İlham Əliyevin çıxışına istinadla Azərbaycanın və Ermənistanın müharibə fəslini bağladığını qeyd ediblər. Dövlətimizin başçısı qeyd edib ki, otuz il əziyyət çəkmiş ölkənin lideri olaraq lazımi vaxtda dayanmaq olduqca məsuliyyətli və vacib qərar idi. Sonsuz müharibələr daha çox əziyyət və qurbanlar ilə nəticələnəcəkdi. “Beləliklə, müharibə heç vaxt bitməyəcəkdi. Kimsə bunu dayandırmalı idi və biz buna son qoymaq qərarına gəldik. Bəli, həmin fəsli bağlamaq və sülh üçün imkanları görməklə bağlı qərar Azərbaycan və Ermənistan liderlərinin birgə qərarı idi”, - deyə Azərbaycan Prezidenti vurğulayıb.

Qeyd olunur ki, Azərbaycan Prezidenti çıxışında beynəlxalq təşkilatların fəaliyyətindən də danışıb: “Beynəlxalq vasitəçiliklə bağlı bütün ümidlərimiz tam alt-üst oldu. Ali beynəlxalq qurum - Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası ərazilərimizdən erməni qoşunlarının çıxarılmasını tələb edən dörd qətnamə qəbul etdi. Onlar kağız üzərində qaldı. ATƏT və digər beynəlxalq təsisatlar çoxsaylı qətnamələr qəbul etdilər. Onların heç biri biz vəziyyəti öz əlimizə alanadək həyata keçirilmədi. Biz özümüz bunu etdik. Biz ədaləti, beynəlxalq hüququ, suverenliyimizi və ərazi bütövlüyümüzü bərpa etdik, sonra isə sülhə nail olduq”.

Dövlətimizin başçısı qeyd edib ki, bu gün sülhün faydası əməkdaşlığın başlanmasında əks olunur. Azərbaycan Qazaxıstandan və Rusiyadan Ermənistana yüklərin daşınması ilə bağlı bütün məhdudiyyətləri aradan qaldırıb. Azərbaycandan Ermənistana neft göndərilib.

Məqalələrdə xüsusilə vurğulanıb ki, Azərbaycan və Ermənistan arasında bu addım regionda sabitliyin və əməkdaşlığın gücləndirilməsi üçün vacib dönüş nöqtəsidir və bunun bu mötəbər forum çərçivəsində Avrasiyaya həsr olunmuş toplantıda ifadə olunması mühüm əhəmiyyət kəsb edir.

“gulfpress.net“, “inkl.com“, “indexbox.io“, “alsaudiapress.com“ portalları isə Azərbaycan Prezidentinin Davosda beynəlxalq hüquq, Avropanın enerji təhlükəsizliyi və enerji təchizatının geosiyasi aspektləri barədə fikirlərinə yer ayırıblar. Qeyd edilib ki, Avropanın enerji təchizat mənbələrini şaxələndirməyə çalışdığı bir dövrdə Azərbaycan Avropa enerji bazarlarında sürətlə mühüm oyunçuya çevrilib. Prezident Əliyevin sözlərinə görə, hazırda Azərbaycan 16 dövlətə, o cümlədən Avropa İttifaqının 10 üzvünə təbii qaz ixrac edir. Bu geniş şəbəkə Azərbaycanı boru kəmərləri vasitəsilə qaz təchiz edən aparıcı qlobal ölkələrdən birinə çevirir ki, bu da təhlükəsiz və etibarlı enerji infrastrukturunun ön plana çıxdığı bir bazarda mühüm fərqləndirici cəhətdir.

Bir sıra mətbu orqanları isə Azərbaycan Prezidentinin “Azərbaycan rəhbərliyi ilə səhər yeməyi“ adlı tədbirdə söylədiklərinə, xüsusilə Azərbaycan neftinin gələcəyinə dair fikirlərinə diqqət ayırıblar. “mk.ru“, “vesti.ru“, “life.ru“, “Komsomolskaya pravda“, “Vzqlyad“ kimi portal və qəzetlərdə Prezident İlham Əliyevin Azərbaycanda ikinci neft bumunun baş verə biləcəyinə dair fikri manşetə çıxarılıb. Qeyd edilib ki, qaz hasilatının artması fonunda hazırda ölkə “qara qızıl”ın hasilatını azaldır. Lakin neft hasilatını sabitləşdirmək, hətta artırmaqla bağlı planlar var.

Bununla yanaşı, Prezident İlham Əliyev əsas prioritetin iqtisadiyyatın şaxələndirilməsi olduğunu xüsusi vurğulayıb. Azərbaycan Prezidenti yaşıl enerjinin artan roluna diqqət çəkərək deyib: “2032-ci ilə qədər Günəş və külək enerjisi üzrə 8 giqavat güc əldə etməyi gözləyirik”.