Son beş ildə fermerlərə 22,6 milyon manat zərər ödənişi həyata keçirilib
Azərbaycanda əhalinin ərzaq məhsulları ilə etibarlı təminatı və onun xarici bazarlara ixracı üçün geniş və planlı tədbirlər həyata keçirilir. Bu istiqamətdə fermerlərə mühüm dəstəklərdən biri də ölkəmizdə 5 il əvvəl tətbiqinə başlanılan aqrar sığortadır. Bu işi həyata keçirən Aqrar Sığorta Fondudur (ASF) Respublikası Prezidentinin 19 avqust 2019-cu il tarixli Fərmanı ilə yaradılsa da fəaliyyətə 2020-ci ildən başlamışdır. Fərmana əsasən, Fondun qarşısına qoyulan əsas vəziəfə aqrar sığorta sisteminin təşkilini, inkişafını və dayanıqlılığını təmin etməkdir.
ASF fəaliyyətə başladığı dövrdən əkin sahələrini, meyvə bağlarını və digər təsərrüfatları təbiət hadisələri, dolu, sel-subasma, fırtına-qasırğa, yanğın, şaxtavurma, leysan və sair risklərdən qoruyur. Fondun mətbuat üçün açıqlamasında bildirilir ki, 2025-ci il ərzində müxtəlif hadisələr səbəbindən zərərlə üzləşən fermer və təsərrüfatlara, ümumilikdə, 9 milyon 147 min milyon manat sığorta ödənişi edilib. Bu da əvvəlki ilin ödənişləri ilə müqayisədə 44 faiz, 2023-cü illə müqayisədə isə 2,1 dəfə çoxdur. Aqrar Sığorta Fondu 2023-cü ildə 4,4 milyon manat, 2024-cü ildə isə 6,4 milyon manat sığorta ödənişi həyata keçirib. Ötən il isə əkin sahələrində baş vermiş hadisələr üzrə fermer və təsərrüfatlara 8,8 milyon manat sığorta ödəniş edilib. Bu, 2024-cü illə müqayisədə 70 faiz, 2023-cü ildəki ödənişlərə nisbətən isə 2,5 dəfə artıqdır.
Qeyd edək ki, Fond 2020-ci ildən indiyədək ölkə üzrə 22,6 milyon manat sığorta ödənişi aparıb. Müqayisə üçün qeyd edək ki, Fond fermerlərə və digər təsərrüfat suğuektlərinə 2021-ci ildə 200 min manat, 2022-ci ildə 2,4 milyon manat, 2023-cü ildə 4,4 milyon manat, 2024-cü ildə 6,4 milyon manat ödəniş həyata keçirib.
Ötən il reallaşan ödənişlərin 8 milyon 753 min manatı bitkiçilik, 394 min manatı isə heyvandarlıq sığortasının payına düşüb. Yeri gəlmişkən, bu günlərdə ölkədə ən çox aqrar sığorta ödənişi edilən əkin sahələri açıqlanıb. Bildirilib ki, ötən il Fond tərəfindən sığortalanan 41 bitki növündən 26-sı üzrə sığorta ödənişi həyata keçirilib.
2025-ci il buğda və arpa sahələri üzrə, ümumilikdə, 5 milyon 175 min manat sığorta ödənişi həyata keçirilib. Bu, 2024-cü illə müqayisədə 2 milyon manat və ya 63 faiz çoxdur. Pambıq sahələri üzrə ödənişlər isə 958 min manat təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 72 min manat və ya 8 faiz artıqdır. Taxıl bitkiləri və pambıqdan sonra ən çox aqrar sığorta ödənişləri şaftalı, qarğıdalı, badam, günəbaxan, tütün, alma, armud, üzüm və ərik bağları üzrə həyata keçirilib.
Məlumdur ki, respublikamızda aqrar sığorta mexanizmi dövlət dəstəyi ilə həyata keçirilir. Fermerlərə dəstək üçün sığorta haqqının 50 faizini dövlət özü ödəyir. Nəticədə, fermerlər cüzi ödəniş etməklə əkin sahələrini sığortalayırlar. Artıq ölkəmizdə payızlıq taxıl zəmiləri və meyvə bağlarının sığortalanması prosesi davam edir. Fond cari ildə dəfermerləri dövlətin dəstəyindən faydalanmağa və əkin sahələrini vaxtında sığortalamağa çağırır. Sığortalanma prosesini asanlaşdırmaq üçün isə fermerlərin sığorta ödənişini «AsanPay» sistemi vasitəsilə, mobil telefonla ödəməsi imkanı yaradılıb.
Hazırda tətbiq olunan aqrar sığorta sahələrindən biri də heyvandarlıq təsərrüfatlarıdır. Belə ki, aqrar sığorta vasitəsilə kənd təsərrüfatı heyvanlarını – iribuynuzlu südlük və ətlik mal-qaranı və xırdabuynuzlu heyvanları – qoyun və keçiləri sığortalamaq mümkündür. Məsələn, son iki ildə heyvandarlıq sığortası üzrə ödənişlər əsasən yoluxucu xəstəliklər, yem və otdan zəhərlənmə, vəhşi heyvanların (ayı, canavar və sair) hücumu, ilan və ya həşərat sancması və sair hallarda qeydə alınır.
Dövlətin 50 faizlik sığorta haqqı dəstəyi sayəsində fermerlər öz heyvanlarını olduqca cüzi məbləğdə – sığorta haqqının yarısını ödəməklə sığortalaya bilərlər. Belə ki, hazırda iribuynuzlu heyvanların sığortası üzrə tariflər seçilmiş sığorta zərfindən asılı olaraq 4,89-7,80 faiz, xırdabuynuzlu heyvanlar üzrə tariflər isə 4,60-7,37 faiz arasında dəyişir. Nəticədə, qiyməti 1000 manat olan inəyi sığorta etmək fermerə cəmi 24-39 manata, 300 manatlıq qoyun və ya keçinin sığortası isə cəmi 7-11 manata başa gəlir.
Aqrar Sığorta Fondu tərəfindən son zamanlar heyvandarlıq sığortası üzrə ödənişlərdə də artım müşahidə olunur. Müqayisə üçün qeyd edək ki, heyvandarlıq təsərrüfatlarına 2021-ci ildə 118 min manat, 2022-ci ildə 671 min manat, 2023-cü ildə 910 min manat, 2024-cü ildə 1 milyon 172 min manat sığorta ödənişi edilib. Ümumilikdə isə Aqrar Sığorta Fondu tərəfindən heyvandarlıq təsərrüfatlarında baş verən hadisələr və heyvan tələfatı ilə əlaqədar olaraq fermerlərə indiyədək, ümumilikdə, 3,2 milyon manat sığorta ödənişi həyata keçirilib.
Sığorta haqqında qaydalara görə, yalnız rəsmi bəyan edilmiş və Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində qeydiyyatda olan heyvanlar sığortalana bilərlər. Sığortalanmaq üçün müraciət edilmiş təsərrüfata əvvəlcə müstəqil aqrar sığorta eksperti baxış keçirir, təsərrüfat və heyvanlar lazımi tələblərə cavab verdiyi halda, onlar aqrar sığorta təminatına alınır.
Elçin Zaman, "İki sahil"