19 yanvar 2026 16:50
128

Özbəkistan Qəzza üzrə Sülh Şurasına qoşulmağa hazır olduğunu bildirib

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Yaxın Şərqdə sülhün möhkəmlənməsi və münaqişələrin həlli üzrə beynəlxalq təşəbbüsə Qəzza üzrə Sülh Şurasının təsisçi dövləti kimi qoşulmağa hazır olduğunu bildirib.

“İki sahil” xəbər verir ki, bu barədə Özbəkistan Prezidentinin mətbuat katibi Şerzod Asadov bildirib.

Onun sözlərinə görə, Özbəkistan ABŞ tərəfindən bu təşəbbüsə qoşulmaq üçün rəsmi dəvət alıb.

"Özbəkistan Respublikasına Sülh Şurasına təsisçi dövlət kimi qoşulmaq təklif edilib. Dövlət başçımız amerikalı həmkarına cavab məktubu göndərib və burada Özbəkistanın Sülh Şurasına təsisçi dövlət kimi qoşulmağa hazır olduğunu ifadə edib", - deyə o qeyd edib.

Prezident Ş.Mirziyoyev öz məktubunda vurğulayıb ki, bu təşəbbüs Yaxın Şərqdə uzunmüddətli münaqişələrin həlli, regionda sülh və sabitliyin təmin edilməsi üçün vacib addım kimi qiymətləndirilir.

Daha əvvəl Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev də Qəzza üzrə Sülh Şurasına daxil olmağa razılıq vermişdi.

Sülh Şurası – ABŞ-nin rəhbərlik etdiyi hökumətlərarası təşkilatdır, onun nominal məqsədi sabitliyə töhfə vermək, etibarlı və qanuni idarəetməni bərpa etmək və münaqişədən zərər çəkən və ya münaqişə təhlükəsi altında olan ərazilərdə davamlı sülhü təmin etməkdir. Şuranın yaradılması ABŞ Prezidenti Donald Tramp tərəfindən 2025-ci ilin sentyabrında təklif edilmiş, onun təsis edildiyini isə Tramp 2026-cı il yanvarın 15-də elan etmişdi.