16 yanvar 2026 21:06
100

Baş nazir: Macarıstan qışa hazırdır

Macarıstanın Baş naziri Viktor Orban bu il ilk dəfə “Kossuth” radiostansiyasına müsahibə verərək son günlərdə müşahidə olunan ekstremal qar və şaxtalı hava şəraitinin nəticələrini dəyərləndirib. Onun sözlərinə görə, ölkə bu sınaqdan uğurla çıxıb, vətəndaşlar isə intizam və səbir nümayiş etdiriblər.

“İki sahil” xəbər verir ki, hökumət başçısı dəmir yolu işçilərinə, yol xidmətlərinə, orduya və polisə əlaqəli və koordinasiyalı fəaliyyətlərinə görə təşəkkür edib.

V.Orban qeyd edib ki, Macarıstan orta Avropa göstəricisindən yüksək səviyyədə qaz ehtiyatlarına malikdir, yanacaq tədarükü isə fasiləsiz davam edir. O, həmçinin əhalinin odunla təmin olunmasına dəstəyin artırıldığını və sosial müəssisələrin “qırmızı kod” çərçivəsində hazırlıq vəziyyətində olduğunu bildirib.

V.Orban müsahibəsində Avropa İttifaqının Ukraynanın maliyyələşdirilməsi ilə bağlı planlarını da kəskin tənqid edib və Budapeştin ümumi kredit təşəbbüsünü dəstəkləməyəcəyini vurğulayıb. Onun fikrincə, ölkə sülhyönümlü kursu qorumalı və milli maraqları müdafiə etməlidir.