14 yanvar 2026 22:15
102

Ötən il Ordubad şəhərinin Baş planının hazırlanması istiqamətində mühüm addımlar atılıb

Yanvarın 14-də “2025-ci ildə Ordubad rayonunun sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr”ə həsr olunmuş hesabat tədbiri keçirilib.

“İki sahil” xəbər verir ki, tədbirdə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsinin müavini Samir Seyidəhmədli, Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli, Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin 13-cü ərazi sektorunun müdiri Çingiz Əliyev, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Vüqar Rəhimzadə, Yeni Azərbaycan Partiyası Ordubad Rayon Təşkilatının sədri Ehtibar İsmayılov, Naxçıvan Muxtar Respublikası Ali Məclisində Ordubad rayonunu təmsil edən deputatlar, şəhid ailələri, qazilər, müharibə iştirakçıları, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının rəhbərləri, şəhər, qəsəbə, kənd inzibati ərazi dairəsi üzrə nümayəndələri, bələdiyyə sədrləri, eləcə də ictimaiyyət və media nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Ordubad şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək xatirəsini ehtiramla anıblar.

Ordubad Rayon Mədəniyyət Sarayında davam edən tədbir Dövlət Himninin səslənməsi ilə başlayıb. Ulu Öndər Heydər Əliyevin, Azərbaycan Respublikasının dövlət müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli çıxış edərək vurğulayıb ki, ölkəmizə həyata keçirilən uğurlu siyasətin tərkib hissəsi olaraq Ordubad rayonunda da son illər, o cümlədən 2025-ci il ərzində sosial-iqtisadi inkişafın təmin edilməsi istiqamətində mühüm işlər görülüb. Xüsusilə Prezident İlham Əliyevin 21 fevral 2024-cü il tarixli “Ordubad” Dövlət Tarix-Mədəniyyət Qoruğunun yaradılması haqqında Sərəncamı da əsas götürülməklə “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”na uyğun olaraq 2025-ci ildə Ordubad şəhərinin tarixilik və müasirlik prinsiplərini özündə birləşdirən Baş planının hazırlanması istiqamətində mühüm addımlar atılıb. Dövlət proqramına uyğun olaraq rayonun avtomobil yollarında əsaslı təmir işləri aparılıb. 2025-ci ildə Ordubad şəhərindəki XVII əsr abidəsi olan Cümə məscidinin təmir və yenidənqurma işləri yekunlaşıb. Həmçinin XVIII əsrə aid olan Sərşəhər məscidinin və Ordubad Mədrəsəsinin bərpası ilə əlaqədar layihələndirmə işləri başa çatıb. Ordubad şəhərində layihə-smeta sənədləri yekunlaşan Şəhidlər Xiyabanı Abidə Kompleksinin abadlaşdırılması nəzərdə tutulur. Hazırda Ordubad şəhərinin mərkəzindəki Ərbabın iş yeri tarixi binasında əsaslı təmir və bərpa işləri davam etdirilir.

Elektrik enerjisi və təbii qazla fasiləsiz təminat, poçt, rabitə və informasiya təminatı, avtomobil nəqliyyatı, məşğulluq, təhsil, səhiyyə, mədəniyyət, idman, ekoloji və digər sahələrdə görülən işlərdən də bəhs edən Rəcəb Rəhimli göstərdiyi diqqət və qayğıya görə rayon ictimaiyyəti adından ölkə başçısına minnətdarlığını bildirib, görülən işlərdə əməyi olan hər kəsə təşəkkür edib, qarşıda duran vəzifələrdən danışıb.

Ordubad Rayon Maliyyə Şöbəsinin müdiri Yamin Mehbalıyev və Təhsil Şöbəsinin müdiri Samir Zeynalov müvafiq sahələr üzrə görülən işlərdən bəhs ediblər.

Milli Məclisin deputatı Vüqar Rəhimzadə çıxışında əlamətdar və uğurlu nəticələri ilə 2025-ci ilin Azərbaycan tarixində dərin iz buraxdığını qeyd edib. O bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan mühüm iqtisadi nailiyyətlər, siyasi nüfuz qazanıb, iqtisadi imkanlarımız genişlənib. Ötən il həm də Zəngəzur dəhlizi ilə bağlı məsələlərə yekun siyasi nöqtə qoyulub. Bu dəhliz açıldıqdan sonra Naxçıvanı daha böyük uğurlar gözləyir. 2025-ci il Ordubad rayonunun yaşayış məntəqələrində də bir çox yeniliyə səbəb olub, müasir infrastruktur layihələri həyata keçirilib, müasir yollar çəkilib.

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin Səlahiyyətli Nümayəndəsinin müavini Samir Seyidəhmədli bildirib ki, bu gün ölkəmizdə Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf kursu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən müasir dövrün çağırışlarına uyğun şəkildə yaradıcı yanaşma və ardıcıl siyasət əsasında uğurla davam etdirilir. Bunun nəticəsində ölkəmiz mühüm nailiyyətlər əldə edir. Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası bu inkişaf strategiyasının fəal iştirakçısı olaraq qarşıdakı mərhələdə də Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramından irəli gələn mühüm vəzifələrin icrasını təmin etməlidir. Sosial-iqtisadi inkişaf, infrastrukturun yenilənməsi və dövlət proqramının vaxtında, keyfiyyətlə və nəticəyönümlü icrasını təmin etmək əsas məqsədlərdən biridir.