Müstəqil Azərbaycan zəngin təbii sərvətlərə, davamlı iqtisadiyyata malik olmaqla yanaşı dünyanın enerji təhlükəsizliyi məsələlərinin həllində aparıcı mövqe tutur. Ölkəmizin enerji diplomatiyası regional təhlükəsizliyə, beynəlxalq əməkdaşlığa və milli maraqlara xidmət edir. Azərbaycanın bu gün həyata keçirdiyi enerji layihələri, regional inteqrasiyaya xidmət edən əməkdaşlıq formatları Cənubi Qafqazda sabitliyin təmin edilməsində mühüm rol oynayır. Yanvarın 8-də Bakıda, “Gülüstan” sarayında Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti tərəfindən inşa edilmiş “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının rəsmi açılış mərasimi ölkəmizin energetika strategiyası tarixinə uğurlu bir addım kimi əlavə olundu. 240 meqavat gücündə stansiya Azərbaycanın enerji potensialına güc qatacaq, ölkəmizin ümumi inkişafına öz töhfəsini verəcək.
Ölkə Prezidenti cənab İlham Əliyevin iştirakı ilə “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının istifadəyə verilməsi, öz növbəsində Azərbaycanda elektrik enerjisi təsərrüfatının fəaliyyətinin gücləndirilməsinin bariz göstəricisidir.
Xızı–Abşeron elektrik yarımstansiyasının istifadəyə verilməsi regionun enerji təminatında dayanıqlığın artırılması, iqtisadi inkişafın sürətləndirilməsi və əhalinin fasiləsiz elektrik enerjisi ilə təmin olunması baxımından xüsusi əhəmiyyət daşıyır. Xızı–Abşeron stansiyası müasir texnologiyalar əsasında inşa olunub və yüksək enerji ötürmə qabiliyyətinə malikdir. Eyni zamanda, bu stansiya Abşeron iqtisadi rayonunda artan enerji tələbatının qarşılanmasında, sənaye və qeyri-neft sektorunun inkişafında mühüm rol oynayacaq.
Ölkə Prezidenti çıxışı zamanı vurğulayıb ki, son illər ölkəmizdə enerji infrastrukturunun yenilənməsi və şaxələndirilməsi dövlət siyasətinin əsas prioritetlərindən biridir. Azərbaycanın enerji təhlükəsizliyi təkcə daxili tələbatın ödənilməsi ilə məhdudlaşmır, eyni zamanda ölkəmizin etibarlı enerji tərəfdaşı kimi beynəlxalq mövqeyini daha da möhkəmləndirir.
Xızı–Abşeron stansiyasının istismara verilməsi eyni zamanda, paytaxt Bakı və ətraf ərazilərin elektrik təchizatında etibarlılığı artırmaqla yanaşı, mümkün yüklənmələrin qarşısının alınmasına, enerji itkilərinin minimuma endirilməsinə də xidmət edəcək. Layihənin icrası zamanı ekoloji standartlara xüsusi diqqət yetirildiyi, ətraf mühitə təsirin minimum səviyyədə saxlanıldığı qeyd olunub.
Dövlət başçımız görülən işləri yüksək qiymətləndirərək, enerji sahəsində çalışan mütəxəssislərə və layihənin icrasında iştirak edən bütün kollektivə təşəkkürünü bildirib. Dövlət başçısı qeyd edib ki, bu kimi layihələr Azərbaycanın davamlı inkişaf strategiyasının tərkib hissəsidir və ölkənin gələcək inkişafına güclü töhfə verir.
“Keçən il Mingəçevirdə yeni elektrik stansiyasının açılışını qeyd edərkən bir daha əmin olduq ki, Azərbaycanda bu iki proses, yəni ənənəvi generasiya gücləri və bərpaolunan generasiya gücləri paralel şəkildə aparılmalıdır. Ancaq o təqdirdə biz istədiyimiz nəticəyə nail ola bilərik. Keçən il Mingəçevirdə istismara verilmiş ənənəvi elektrik stansiyasının generasiya gücü təxminən 2000 meqavata bərabərdir və bu gün Azərbaycan enerji təminatı, enerji təhlükəsizliyi nöqteyi-nəzərindən özünü çox rahat hiss edir. Bu yaxınlarda 230 meqavat gücündə Günəş elektrik stansiyası istismara verilmişdir. Bu gün 240 meqavat gücündə külək elektrik stansiyası, işğaldan azad edilmiş ərazilərdə - Cəbrayıl rayonunda hazırda üç Günəş elektrik stansiyası inşa edilir. Bu üç stansiyanın ümumi potensialı 340 meqavatdır.”- deyə bildirən Prezidentimiz cənab İlham Əliyev bu gün ölkəmizin müxtəlif yerlərində bərpaolunan enerji növlərinin inkişaf etdiyi qeyd edərək, növbəti böyük stansiyaların açılışının Biləsuvarda, Neftçalada, Naxçıvanda, işğaldan azad edilmiş ərazilərdə nəzərdə tutulduğunu diqqətə çatdırıb: Azərbaycanın coğrafi vəziyyəti elədir ki, istənilən bölgədə bərpaolunan enerji növlərini istehsal etmək mümkündür. Mən hələ Xəzər dənizinin potensialını demirəm. Xəzər dənizinin Azərbaycan sektorundakı külək potensialı beynəlxalq qiymətləndirməyə görə, 157 giqavat səviyyəsindədir. Yəni növbəti illərdə artıq bu proses Azərbaycanda geniş vüsət alacaq. Azərbaycan bölgənin çox etibarlı və böyük elektrik generasiya gücünə malik ölkəsi olacaq. Mən buna şübhə etmirəm. Ona görə xarici investorları həm bu sahəyə, həm də böyük həcmdə elektrik enerjisi tələb edən digər sahələrə dəvət edirəm. Xüsusilə süni intellekt, data mərkəzlərinin yaradılması və böyük enerji gücünə tələbat olan digər sahələrə investisiya qoymağa dəvət edirəm. O cümlədən Azərbaycan şirkətlərini də.
Bərpaolunan enerji potensialının artması, mühüm infrastrukturun açılışı bir daha göstərdi ki, Azərbaycan Prezidentinin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində ölkəmizdə müasir, dayanıqlı və təhlükəsiz enerji infrastrukturu formalaşdırılır.
Bayram Aslanov,
YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri