Paris ətrafında yerləşən Medon şəhərində 38 yaşlı rusiyalı jurnalist Yevgeni Safronovun meyiti aşkarlanıb.
“İki sahil” xəbər verir ki, bu barədə Fransanın BFM TV və "Le Parisien" nəşrləri məlumat yayıb.

İlkin məlumata görə, Safronov yaşadığı mənzilin pəncərələri altından tapılıb. O, yeddinci mərtəbədə yerləşən mənzildə yaşayırdı. Hadisədən sonra təcili tibbi yardımla xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
"Le Parisien"in məlumatına əsasən, polis mərhumun mənzilinə baxış keçirərkən bir sıra diqqətçəkən detalları aşkar edib. Belə ki, pəncərənin yanında stul olub, zibil qabında “tibbi preparatlara” aid izlər tapılıb, həmçinin rus dilində yazılmış bir neçə əlyazma qeyd aşkarlanıb. BFM TV bildirir ki, bu qeydlərdən biri yaxınlarına ünvanlanmış vida məktubu olub.
Telekanalın iddiasına görə, məktubda Safronov özünü haker hücumunun qurbanı adlandırıb. Onun sözlərinə əsasən, naməlum şəxslər bütün hesablarını sındırıb və şəxsi yazışmalarını ələ keçiriblər.
Qeyd olunur ki, Yevgeni Safronov Mixail Xodorkovskiyə məxsus “Açıq Media” nəşrində çalışıb. Daha sonra işdən azad edilib və dostlarının sözlərinə görə, son dövrlər depressiya vəziyyətində olub.