Azərbaycan dövlətçilik tariximiz üçün çox mühüm tarixi hadisələrlə bağlı “Konstitusiya və Suverenlik İli” elan edilmiş 2025-ci ili istər daxili, istər də xarici siyasətdə böyük uğurlarla başa vurdu. Ölkəmiz işğal edilmiş torpaqlarımızın azad olunması uğrunda 2020-ci ilin sentyabr-noyabr aylarında başlanan, Azərbaycan Prezidenti, Müzəffrə Ali Baş Komandan İlham Əliyevin hərbi, siyasi, diplomatik zəkasının kulminasiya nöqtəsi kimi tarixə düşən Vətən müharibəsindən cəmi 44 gün ərzində misilsiz bir qalibiyyətlə çıxdı. Öz inanılmaz şücaətləri ilə silinməz qəhrəmanlıq salnaməsi yazan şəhidlərimizin qanı, qazilərimizin sağlamlıqları hesabına qazanılan bu qələbə yalnız Azərbaycanın son üç əsrlik tarixinin ən böyük hadisəsi kimi tariximizə yazılmadı, eyni zamanda, bugünkü və gələcək bir çox uğurların da əsasını qoyan böyük hərbi-siyasi hadisə oldu.
Belə ki, məhz Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda başlanan prosesdə (Vətən müharibəsi, 2022-ci il avqustun 26-da Laçın dəhlizinin nəzarətə götürülməsi və 2023-cü il aprelin 23-də Ermənistanla sərhəddə nəzarət-buraxılış məntəqəsinin yaradılması və 2023-cü il sentyabrın 19-20-də tam uğurla nəticələnən lokal antiterror əməliyyatı) bütün hərbi-diplomatik və siyasi amillərlə yanaşı, həm də ölkədə üçüncü onillikdir ki, davam edən sabit daxili ictimai-siyasi şəraitin də böyük rolu oldu.
Ölkəmizin öz torpaqlarını düşmən tapdağından azad etməsinin əhəmiyyəti o qədər böyükdür ki, bu hadisə Ümummilli Lider Heydər Əliyevin “Azərbaycan dünyaya günəş kimi doğacaq” sözlərinin reallaşmasının son möhürü kimi də qiymətləndirilə bilər. Onsuz da Prezident İlham Əliyevin dövlət başçısı kimi 22 illik fəaliyyəti Azərbaycan dövlətinin dünya siyasətində yerini, rolunu və əhəmiyyətini xeyli artırmış, ölkəmiz öz əhali və ərazi sayına görə kiçik ölkələrdən sayılsa da, beynəlxalq aləmdə mühüm aktorlardan birinə çevrilmişdi.
Vətən müharibəsində qazanılan böyük Zəfər Azərbaycanın xarici siyasətində də keyfiyyətcə yeni dövrün başlanğıcını qoydu. Həm müharibə günlərində, həmdə ondan sonrakı dövrdə ölkəmizə qarşı edilən çoxsaylı açıq və gizli təzyiqlər iflasa uğradı, həm də Azərbaycan dünya siyasətində hegemon rola malik ABŞ kimi böyük bir dövlətin xüsusilə Bayden-Blinken administrasiyası dövründə özünə qarşı olan haqsız və “nankor” siyasətinə ləyaqətlə sinə gərərək, öz ədalətli mövqeyinin qalib gəlməsinə nail oldu. Azərbaycan müstəqil dövlət kimi mövcud olduğu 34 il ərzində heç bir dövlətlə, o cümlədən ABŞ-la heç vaxt yaxşı olmayan münasibətlərin təşəbbüskarı və ya “günahkarı” olmayıb. Əksinə, ölkəmiz sayı çox olmayan dövlətlərdəndir bütün yazın və uzaq dövlətlərlə səmimi olaraq qarşılıqlı hörmətə əsaslanan, bərabərhüquqlu münasibətlər qurmaq siyasətini davamlı şəkildə yürüdür.
Bu baxımdan 2024-cü ilin noyabr ayında keçirilən seçkilərdə ABŞ Prezidenti seçilən Donald Tramp administrasiyasının fəaliyyətə başladığı son bir il ərzində bu ölkənin Azərbaycanla bağlı siyasətində yaxşıya doğru kardinal dəyişikliklər aydın müşahidə olunur. 2025-ci il avqustun 8-də məhz Vaşinqtonda, Ağ Evdə “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Saziş” layihəsinin paraflanması bir tərəfdən D.Trampın Azərbaycana qarşı əvvəlki administrasiyadan tamamilə fərqli siyasət yürütüdüyünün təzahürüdürsə, digər tərəfdən Azərbaycanın mövcud ABŞ rəhbərliyinə sülh sazişi üzrə danışıqlar prosesində əvvəlki bütün vasitəçilərdən fərqli, müsbət münasibətinin göstəricisidir.
Həmin gün Azərbaycan-ABŞ münasibətlərində keçmişin mənfi mirası olan Azadlığa Dəstək Aktına 907-ci düzəlişin tətbiqinin dayandırılması barədə D.Tramp tərəfindən sərəncamın imzalanması, SOCAR-la “ExxonMobil” şirkəti arasında “Əməkdaşlıq haqqında Memorandum” və “Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında Anlaşma Memorandumu”nun imzalanması da iki ölkə arasında münasibətlərin keyfiyyətcə daha yüksək və etibarlı müstəviyə keçməsindən xəbər verir. Bu vacib sənəd gələcəkdə enerji, ticarət və tranzit daxil olmaqla regional bağlantılar, süni intellekt və rəqəmsal infrastruktur daxil olmaqla iqtisadi sərmayə, eləcə də müdafiə, təhlükəsizlik və terrorla mübarizə kimi sahələrin prioritetləşdirilməsini nəzərdə tutur. Razılaşmalara görə Azərbaycan-ABŞ əlaqələri uzunmüddətli və sistemli plan əsasında inkişaf etdiriləcək, davamlı siyasi dialoq və koordinasiya mexanizmləri formalaşdırılacaq. Memorandum dünyanın ən qüdrətli ölkəsi olan ABŞ-ın Azərbaycanı qlobal miqyasda strateji əhəmiyyətə malik tərəfdaş kimi qəbul etdiyini, Ağ Evin rəmzi açarının Prezident İlham Əliyevə təqdim edilməsi və haqqında tez-tez çox yüksək fikirlərin səsləndirilməsi isə Prezident D.Trampın Azərbaycanın dövlət başçısına şəxsi yüksək münasibətini nümayiş etdirir.
Əlbəttə, Ağ Evdəki avqust görüşlərinin daha bir müsbət nəticəsi də Azərbaycanın əsas hissəsi ilə onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası arasında “Zəngəzur dəhlizi”nin açılması sahəsində əldə edilən razılıq və, belə demək mümkündürsə, D.Trampın bu məsələyə şəxsi zəmanəti oldu. Rəsmi olaraq “Beynəlxalq sülh və rifah naminə Tramp marşrutu” (TRİPP) adlansa da, Azərbaycan üçün qarşıya qoyulan məsələnin həlli anlamına gələn bu hadisə də Azərbaycan Prezidentinin böyük diplomatik uğurlarından biri kimi qiymətləndirilməlidir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ABŞ Prezidenti Donald Trampın və Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisinin dəvəti ilə dünyanın 200-ə yaxından dövlətindən cəmi 20-dən bir az artıq ölkə liderinin qatıldığı Yaxın Şərq Sülh Sammitində iştirak etməsi də ABŞ-ın Azərbaycana olan yüksək münasibətinin ifadəsi kimi dəyərləndirilməlidir.
Bütün bunları nəzərə alaraq, qətiyyətlə demək olar ki, ABŞ-Azərbaycan münasibətləri özünün bütün tarixi ərzində bu qədər yüksək və qarşılıqlı faydalı səviyyəyə qalxmayıb. Bu baxımdan, həqiqətən də, Prezident İlham Əliyevin 2026-cı il yanvarın 5-də yerli televiziya kanallarına verdiyi müsahibədə qeyd etdiyi kimi, “Azərbaycan-Amerika münasibətlərinin kontekstində 2025-ci il tarixi il sayıla bilər”.
Elman Cəfərli,
YAP Naxçıvan şəhər təşkilatının sədri,
tarix üzrə fəlsəfə doktoru, dosent
Azərbaycan–ABŞ münasibətləri: Enerji təhlükəsizliyi və geosiyasi maraqlar fonunda 2025-ci ilin tarixi mərhələsi
Azərbaycan milli maraqların təmin olunması üçün çevik, məsuliyyətli və konstruktiv diplomatiya həyata keçirir
Zəngəzur Şərqə açılan qapı sülhün, əmin-amanlığın möhkəmlənməsinə doğru aparan yoldur
Yeni dövrün strateji reallıqları Azərbaycanın sosial-iqtisadi yüksəlişini və siyasi nüfuzunun artmasını göstərir
Azərbaycan-Amerika münasibətlərinin kontekstində 2025-ci il tarixi il sayıla bilər