Prezident İlham Əliyev daim vurğulayır ki, ölkədə həyata keçirilən siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır və ona görə də sosial məsələlərin həlli daim diqqət mərkəzindədir. Respublikamızda həyata keçirilən islahatlar nəticəsində əməkhaqqı, pensiya, müavinət və təqaüdlərin istehlak tələbinə uyğun artırılması və indeksləşdirilməsi, əhalinin real gəlirlərinin bazar səviyyəsinə uyğunlaşdırılması, aztəminatlı insanların, tələbələrin, əlillərin, şəhid ailələri və veteranların sosial müdafiəsinin təşkili, sosial sığorta qaydalarının, ünvanlı sosial yardım, pensiya sisteminin təkmilləşdirilməsi, bu sahədə artımlar Azərbaycan dövlətinin çoxşaxəli sosial siyasətinin parlaq təzahürüdür.
Ölkəmizdə əhalinin sosial müdafiəsinin gücləndirilməsi Prezident İlham Əliyev tərəfindən həyata keçirilən sosial-iqtisadi siyasətin mühüm prioritetlərindən biridir. Son illərdə ölkəmizdə uğurla reallaşdırılan sosial siyasətin əsas istiqamətlərindən biri vətətəndaş rifahının təminatı, həssas əhali qruplarının, şəhid ailələrinin və müharibədə sağlamlığını itimiş vətəndaşlarımızın sosial təminatının daha da gücləndirilməsidir. Bu istiqamətdə ciddi irəliləyişlərə nail olunub, əhalinin sosial müdafiəsinin gücləndirilməsi, sosial ödənişlərin, əməkhaqlarının artırılması istiqamətində ardıcıl addımlar atılıb. Yalnız ötən il reallaşan 5-ci sosial paket 3 milyondan çox vətəndaşımızı əhatə etməklə ölkəmizdə sosial təminat sisteminin daha güclənməsinə böyük töhfələr verib.
Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın tapşırıqları əsasında sosial islahatlar proqramı davam etdirilib, sosial müdafiə və aktiv məşğulluq proqramlarının icrası və daha da genişləndirilməsi təmin olunub. Sosial müdafiə və fəal məşğulluq proqramlarının icrası, daha da genişləndirilməsi təmin edilir. Bütün bunlar bir daha təsdiq edir ki, ölkəmizdə vətəndaş rifahının və məmnunluğunun təminatı, eyni zamanda, şəhid ailələrinə və müharibə əlillərinə diqqət dövlət siyasətinin əsas prioritetlərindəndir.
Hazırda ölkəmizdə sosial dövlət quruculuğu uğurla və davamlı olaraq həyata keçirilir. Dövlətimiz vətəndaşların rifah halının yaxşılaşdırılması üçün bütün imkanlardan istifadə edir. Son illər ərzində ölkəmizdə çox ciddi sosial tədbirlər həyata keçirilib. Azərbaycanda sosial müdafiə sistemi yenilənərək ünvanlılığa üstünlük verilib, müvafiq islahatlar aparılıb, dövlət büdcəsindən bu sahəyə ayrılan vəsaitin həcmi artırılıb. Ötən ilin əvvəlində çox böyük sosial paket təsdiqləndi və bu paketin həcmi 4 milyondan çox insanı əhatə etdi. Minimum əməkhaqqı və pensiya artırıldı. Dövlət əlavə gəlirlərin tam həcmini sosial sahəyə yönəldir. Çünki Azərbaycan Prezidentinin də vurğuladığı kimi, sosial sahə, Azərbaycanda əhalinin rifahının gücləndirilməsi dövlət siyasətinin prioritetlərindən biridir.
Prezident İlham Əliyev yanvarın 5-da yerli televiziya kanallarına müsahibəsində bildirib ki, siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır: “Bu, həmişə bizim siyasətimizin ana xəttini müəyyən edən istiqamətdir. Çünki mən uzun illərdir deyirəm və bunu əməli işlərdə də biz görürük ki, siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Bu, sadəcə olaraq, şüar deyil. Bizim bütün siyasətimiz həm sosialyönümlüdür, həm də ki, investisiyayönümlüdür. Hər ikisi arasında çox həssas balans, tarazlıq olmalıdır”.
Azərbaycan vətəndaşlarının rifahı, yaşayış səviyyəsi daim diqqət mərkəzindədir. Belə ki, 2025-ci ilki artımlar üçün illik əlavə olaraq 1,4 milyard manat ayrılıb. Yalnız 2020-ci ildən sonra Azərbaycan Prezidentinin göstərişi ilə reallaşan paketlərə 7.6 milyard manat əlavə vəsait yönəldilib. 2024-cü ildə respublika üzrə orta aylıq əmək haqqı 8.1 faiz artmışdırsa, ötən ilin ilk 10 ayında artım 9.4 faiz olub. 2025-ci ilin yekun nominal orta aylıq əməkhaqqı artım fazinin fevral ayının əvvəllərində rəsmi elan ediləcəyi gözlənilir. İlkin gözlənti 9.2 faiz maaş artımıdır. Bu isə o deməkdir ki, bu aydan etibarən bütün növ pensiyaların indeksləşdirilərək artırılması baş verəcək. 9.2 faiz artırılacağı gözlənilən pensiya artımları 1 milyon 100 mindən çox vətəndaşımıza şamil olunaraq yanvar ayından hesablanacaq. Bu, bütün növ əmək pensiyalarını, o cümlədən yaşa, əlilliyə və ailə başçısını itirməyə görə əmək pensiyaları alan bütün vətəndaşlarımıza şamil olunacaq. Onu da qeyd edək ki, hazırda 540 manat məbləğində orta pensiya alan vətəndaşımızın pensiyasında bu aydan 50 manata yaxın artım olacaq. Yanvar ayının artımı fevral ayının artımı ilə birlikdə ödəniləcək. Nəticədə 2026-cı ildə Azərbaycanda orta aylıq pensiyanın təxminən 590 manat olacağı proqnozlaşdırılır, yaşa görə orta pensiya isə 629 manata çatacaq və bu məbləğ 2025-ci illə müqayisədə 7.9 faizdən çox artım deməkdir.
Bir məsələni xüsusi ilə vurğulamaq istərdik ki, 2026-cı ilin dövlət büdcəsindən sosial istiqamətə 17.1 milyard manat vəsaitin ayrılması nəzərdə tutulur. Bu il büdcə xərclərinin 41 faizindən çoxu sosial istiqamətə yönələcək. Bu 2026-cı ildə də sosial təminatın güclənməsinin əsas prioritetlərdən olacağınə bird aha sübut edir.
Ölkə başçısının tapşırığına uyğun olaraq sosial islahatlar proqramının uğurla davam etdirilməsi sayəsində sosial müdafiə və aktiv məşğulluq proqramlarının icrası və daha da genişləndirilməsi təmin edilib. Həmçinin həssas qrupların sosial təminatı və sosial ödənişlərin artırılması, sosial sahədə xidmətlərin vahid mərkəzdən şəffaf, operativ və əlçatan şəkildə təşkili və digər müvafiq fəaliyyət sahələrində ardıcıl və məqsədəuyğun işlər görülüb.
Zahid Rza, “İki sahil”