07 yanvar 2026 12:33
174

Mövcud reallıqlar Azərbaycana yeni perspektivlər vəd edir

İlin əvvəlində Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi ənənəvi müsahibələr artıq siyasi təqvimin mühüm hadisəsinə çevrilib. Bu format təkcə statistik yekunların təqdimatı deyil, eyni zamanda dövlətin keçdiyi yolun dəyərləndirilməsi, əldə olunan nəticələrin izahı və gələcək mərhələnin konturlarının cəmiyyətə çatdırılması baxımından xüsusi əhəmiyyət daşıyır. 2025-ci ilin yekunlarına həsr olunan müsahibə də məhz bu baxımdan daha geniş məzmunu və tarixi mahiyyəti ilə diqqət çəkir.

Dövlətimizin başçısının sözügedən müsahibəsində vurğulanan məqamlardan biri 2025-ci ilin çox uğurlu və tarixi il kimi dəyərləndirilməsidir. Uzun illər davam edən Ermənistan–Azərbaycan qarşıdurması zaman-zaman dəyişən siyasi və hərbi şərait fonunda müxtəlif mərhələlərdən keçmiş, fərqli intensivliklə müşahidə olunmuşdur. Fəal döyüş əməliyyatları, atəşkəs dövrü, İkinci Qarabağ müharibəsi, sonrakı antiterror tədbirləri və keçid mərhələsi bir-birini əvəz etmişdir. Bütün bu proseslər ötən ilin avqustunda siyasi müstəvidə yekunlaşmışdır.

Döyüş meydanında əldə olunan şanlı Qələbənin qlobal siyasi platformada təsdiqlənməsi yalnız hərbi uğurun rəsmiləşdirilməsi deyil, eyni zamanda beynəlxalq legitimliyin möhkəmləndirilməsi deməkdir. Bu əlamətdar hadisə müstəqillik tarixində ən yaddaqalan və strateji əhəmiyyət daşıyan mərhələlərdən biri kimi dəyərləndirilir. Artıq cəmiyyət sülh şəraitində yaşamaq mərhələsinə qədəm qoyur və bu faktor həm düşüncə tərzinin, həm də prioritetlərin dəyişməsini zəruri edir. Siyasi sabitliyin möhkəmlənməsi, iqtisadi aktivliyin artması, təhlükəsizliklə bağlı inamın güclənməsi və ümumi ictimai əhvali-ruhiyyənin yüksəlməsi göstərir ki, postmüharibə dövrü təkcə bərpa deyil, həm də yeni imkanlar mərhələsidir. Bu amillər qarşıda duran vəzifələrin daha sistemli və planlı şəkildə icrasına şərait yaradır. Yerli televiziya kanallarına verdiyi müsahibədə dövlətimizin başçısının vurğuladığı kimi, cəmiyyətdə mövcud olan xoş əhvali-ruhiyyə, sabitliyə və təhlükəsizliyə olan inamın artması, bütün bu amillər, əlbəttə, bizə imkan verir ki, uğurla irəliyə addımlayaq və ölkə qarşısında duran bütün vəzifələri bundan sonra da həll edək.

Prezident İlham Əliyevin müsahibəsində diqqət mərkəzində olan mühüm mövzulardan biri Amerika Birləşmiş Ştatları (ABŞ) ilə münasibətlərin keyfiyyətcə yeni müstəviyə keçməsidir. Strateji işçi qrupunun yaradılması ikitərəfli əlaqələrin artıq institusional mexanizmlər üzərindən inkişaf etdiyini göstərir. Həmin qrupun əsas missiyası strateji tərəfdaşlıq xartiyasının hazırlanmasıdır ki, bu da münasibətlərin uzunmüddətli və davamlı əsaslar üzərində qurulmasına xidmət edir. Eyni zamanda, bu proses yalnız siyasi dialoqla məhdudlaşmır. Qarşılıqlı sərmayə qoyuluşu, iqtisadiyyat, ticarət, nəqliyyat və hərbi-sənaye sahələrində əməkdaşlıq məsələləri paralel şəkildə müzakirə olunur. Son aylarda müxtəlif tərkibli rəsmi nümayəndə heyətlərinin ABŞ-a ezam edilməsi tərəflərin münasibətləri konkret nəticələr üzərində qurmaq niyyətində olduğunu göstərir. Bu yanaşma 2025-ci ili diplomatik baxımdan da uğurlu və məhsuldar il kimi xarakterizə etməyə əsas verir. Ermənistanla normallaşma prosesi çərçivəsində paraflanmış sülh sazişi və imzalanmış birgə Bəyannamə isə regionda uzunmüddətli sabitliyin hüquqi-siyasi zəminini möhkəmləndirən əsas sənədlərdir. Bu sənədlər qarşıdurma dövrünün bağlandığını və yeni əməkdaşlıq mühitinin formalaşdığını təsdiqləyir. Dövlətimizin başçısının qeyd etdiyi kimi, bizə Ermənistanla normallaşma prosesi çərçivəsində lazım olan bütün məsələlər istədiyimiz kimi öz həllini tapdı: “Əlbəttə, Ermənistanla Azərbaycan arasında paraflanmış sülh sazişinin əhəmiyyəti, imzaladığımız birgə Bəyannamə təbii ki, göz önündədir. Prezident Tramp şahid qismində bu Bəyannaməyə öz imzasını atdı”.

2025-ci ilin diqqətçəkən diplomatik hadisələrindən biri Azərbaycanın D-8 təşkilatına üzvlüyə qəbul edilməsi olub. Təxminən 30 ilə yaxın müddət ərzində yeni üzv qəbul etməyən bu qurumda ilk dəfə olaraq yeni iştirakçı kimi təmsil olunmaq beynəlxalq miqyasda yüksək etimadın göstəricisidir. Bir milyarddan artıq əhalini və trilyonlarla ölçülən iqtisadi potensialı birləşdirən bu platformada yer almaq balanslaşdırılmış və müstəqil siyasətin nəticəsi kimi dəyərləndirilir. Üzvlük formal xarakter daşımır. Qısa müddət ərzində media, iqlim, ekologiya, energetika və nəqliyyat sahələri üzrə mərkəzlərin yaradılması təşəbbüsü irəli sürülüb. Bu addımlar təşkilat daxilində fəal mövqenin tutulduğunu və əməkdaşlığın real məzmunla zənginləşdirildiyini göstərir.

Dövlətimizin başçısının müsahibəsində nəqliyyat və logistika məsələlərinə toxunulması regionun artan tranzit imkanlarının və strateji mövqeyinin xüsusi önəm kəsb etdiyini göstərir. Mövcud geosiyasi şəraitdə Mərkəzi Asiya ilə Qərb arasında etibarlı və dayanıqlı marşrutların əhəmiyyəti artmaqdadır. Bu kontekstdə ölkənin etibarlı tərəfdaş kimi rolu daha da ön plana çıxır. Ərazidən keçən yüklərin həcminin sürətlə artması, ilk dəfə olaraq 100 min konteynerin daşınması sözügedən prosesin yalnız başlanğıc mərhələdə olduğunu göstərir. İnfrastrukturun genişləndirilməsi üçün əlavə vəsaitlərin ayrılması, Xəzərin dibi ilə enerji və fiber-optik xətlərin çəkilməsi kimi layihələr regionun geosiyasi mənzərəsini dəyişən amillər sırasındadır. Bu layihələr həm iqtisadi, həm də strateji baxımdan uzunmüddətli təsir gücünə malikdir.

İşğaldan azad edilmiş şəhərlərin beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilməsi 2025-ci ilin simvolik və siyasi baxımdan mühüm hadisələrindəndir. Xankəndidə təşkil olunan ECO Zirvə Görüşü, Şuşa, Laçın və Ağdamda keçirilən Biznes, gənclər və qadınlar forumları bu ərazilərin artıq yalnız bərpa zonası deyil, eyni zamanda beynəlxalq dialoq platforması olduğunu nümayiş etdirir.

Mövcud infrastrukturun, müasir konfrans zallarının, hotellərin və təşkilati imkanların yüksək səviyyəli tədbirlərə hazır olması göstərir ki, azad edilmiş torpaqlar yeni funksional mərhələyə qədəm qoyub. Bu tədbirlər həm siyasi mesaj, həm də beynəlxalq ictimaiyyət üçün açıq çağırış xarakteri daşıyır, bölgə sabitlik, əməkdaşlıq və inkişaf məkanına çevrilib.

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi bu müsahibə 2025-ci ilin sadəcə xronoloji yekunu deyil, eyni zamanda yeni mərhələnin strateji yol xəritəsi kimi dəyərləndirilə bilər. Müharibə dövrünün başa çatması, sülh mərhələsinin başlanması, beynəlxalq mövqelərin möhkəmlənməsi və regional liderlik rolunun artması göstərir ki, formalaşan yeni reallıqlar təsadüfi deyil və uzunmüddətli xarakter daşıyır.

Heydər Əsədov,
Milli Məclisin deputatı