Əsas hədəf gənclərin öz gücünə inanan, məqsədyönlü və cəmiyyətə fayda verən fərdlər kimi formalaşmasıdır
Gənclərin potensialının üzə çıxarılması və onların hərtərəfli inkişafının təmin olunması dövlətlərin əsas strateji prioritetlərindən biri kimi qiymətləndirilir. Bu baxımdan Azərbaycanda gənclərin təhsili, məşğulluğu, karyera inkişafı və ictimai fəallığının dəstəklənməsi dövlət siyasətinin mühüm istiqamətlərindən biridir. Həyata keçirilən məqsədyönlü proqram və təşəbbüslər gənclərin müasir çağırışlara uyğun bilik və bacarıqlarla təmin olunmasına, onların rəqabətqabiliyyətli insan kapitalı kimi formalaşmasına xidmət edir.
Bu siyasətin icrasında mühüm rol oynayan Gənclərin İnkişaf və Karyera Mərkəzi (GİKM) gənclərin əmək bazarına hazırlıqlı daxil olması, karyera planlaması, innovativ düşüncə tərzinin və liderlik bacarıqlarının inkişaf etdirilməsi istiqamətində ardıcıl fəaliyyət həyata keçirir. 2 Fevral – Azərbaycan Gəncləri Günü ərəfəsində Gənclərin İnkişaf və Karyera Mərkəzinin Layihələrin və proqramların idarə edilməsi şöbəsinin müdiri Jalə Həsənova ilə apardığımız müsahibədə gənclər üçün yaradılan imkanlar, reallaşdırılan layihələr və qarşıdakı dövr üçün əsas prioritetlər ətraflı şəkildə təqdim olunur.

-Mərkəz gənclərin inkişafını dəstəkləmək və onların uğur hekayələrini yaratmaq istiqamətində hansı strateji təşəbbüslər və prioritet layihələr həyata keçirir?
-Gənclərin potensialının üzə çıxarılması, onların hərtərəfli inkişafının dəstəklənməsi və iş həyatına hazırlıqlı olmalarının təmin edilməsi Gənclərin İnkişaf və Karyera Mərkəzinin əsas fəaliyyət istiqamətlərindən biridir. Biz gənclərin yalnız bilik əldə etməsini deyil, eyni zamanda, bu bilikləri real bacarıqlara çevirməsini prioritet hesab edirik. Bu səbəbdən, Gənclərin İnkişaf və Karyera Mərkəzi olaraq 11 regional nümayəndəliyik və 44 bölmədə fəaliyyətimizi davam etdiririk. Bu məqsədlə son illərdə karyera planlaması, şəxsi inkişaf, iş həyatına hazırlıq, liderlik və təşəbbüskarlıq istiqamətlərini əhatə edən layihələr və proqramlar, təcrübə və könüllülük proqramları, eyni zamanda, müxtəlif istiqamətlərdə irimiqyaslı Karyera forumları həyata keçiririk. Mərkəzin əsas hədəfi gənclərin öz gücünə inanan, məqsədyönlü və cəmiyyət üçün faydalı fərdlər kimi formalaşmasına töhfə verməkdir.
-Gənclərin karyera inkişafına dəstək məqsədilə GİKM tərəfindən həyata keçirilən təşəbbüslərin effektivliyini necə qiymətləndirirsiniz? Son illərdə hansı konkret nəticələr əldə olunub?
-Həyata keçirdiyimiz təşəbbüslərin effektivliyini ilk növbədə gənclərin real nəticələri və geri dönüşləri əsasında qiymətləndiririk. Son illərdə keçirilən CV və motivasiya məktubu yazılışı, müsahibəyə hazırlıq, karyera konsultasiyaları nəticəsində yüzlərlə gənc əmək bazarına daha hazırlıqlı şəkildə daxil olub. Bir çox iştirakçının sonradan işlə təmin olunması və ya karyera istiqamətini daha dəqiq müəyyənləşdirməsi bu fəaliyyətlərin praktik təsirini açıq şəkildə göstərir. GİKM-in regional nümayəndəlik və bölmələrində bu istiqamətdə 1000-dən çox fəaliyyət təşkil olunub.
-Gənclərin məşğulluq imkanlarını artırmaq üçün Mərkəz tərəfindən hansı yeni strategiyalar həyata keçirilir? Onların bazar tələblərinə uyğunluğu necə təmin edilir?
-Biz məşğulluq sahəsində daha çox əmək bazarının real tələblərinə uyğun bacarıqların formalaşdırılmasına fokuslanmışıq. Son dövrdə işəgötürənlərlə əməkdaşlıq, praktik yönümlü təlimlər və innovasiyayönümlü yanaşmalar bu strategiyanın əsasını təşkil edir. Məqsədimiz gənclərin əmək bazarına daxil olmamışdan əvvəl öz ixtisaslarına uyğun real bacarıqları mənimsəməsinə dəstək göstərməkdir. Bu istiqamətdə ölkənin bir çox universitet və kolleclərində həyata keçirilmiş “CareerLab” şəbəkəsi layihəsi nümunə kimi göstərilə bilər. Layihə çərçivəsində gənclərin təhsil aldıqları sahə barədə məlumatlılığını və motivasiyasını artırmaq, ixtisaslı kadrların sayını yüksəltmək, onların karyera quruculuğuna dəstək olmaq və şəbəkələşməsini təmin etmək məqsədilə Bakı və regionlarda müxtəlif istiqamətlər üzrə peşəkarların iştirakı ilə panel müzakirələr təşkil edilib.
-Gənclərin innovasiya, texnologiya və startap sahələrinə marağını artırmaq üçün GİKM hansı platforma və resursları təqdim edir? Bu istiqamətdə uğurlu nümunələrdən danışa bilərsinizmi?
-GİKM olaraq innovativ düşüncə tərzinin formalaşdırılmasını mühüm istiqamət hesab edirik. Bu məqsədlə Mərkəz tərəfindən “Rəqəmsal Gənclik” proqramı həyata keçirilir. Proqram çərçivəsində gənclər üçün data elmi, rəqəmsal marketinq, mobiloqrafiya, məzmun yaradıcılığı və digər rəqəmsal bacarıqlar üzrə praktiki fəaliyyətlər və təlimlər təşkil olunub. Bu yanaşma gənclərin müasir əmək bazarının tələblərinə uyğun bacarıqlar əldə etməsinə imkan yaradıb. Eyni zamanda, GİKM tərəfindən Bakı və regionlardan olan gənclər üçün “Gənclərin Süni İntellekt Forumu” təşkil edilib. Forumlar çərçivəsində sahə üzrə ekspertlərin iştirakı ilə süni intellektin real tətbiq imkanları, innovasiya və texnoloji trendlər müzakirə olunub. Bu tədbirlər gənclərin texnologiyaya marağının artmasına, yeni baxış bucağı qazanmasına və innovativ düşüncə tərzinin formalaşmasına mühüm töhfə verib.
-Sosial layihələr və könüllülük fəaliyyəti gənclərin şəxsiyyət və liderlik bacarıqlarının inkişafında önəmlidir. GİKM bu sahədə hansı imkanları yaradır?
-Gənclərin İnkişaf və Karyera Mərkəzi bu istiqamətdə xüsusilə kənd və region gənclərinin sosial fəallığının artırılmasına yönəlmiş layihələr həyata keçirir. Reallaşdırılan layihələr çərçivəsində gənclər ekoloji təmizliyin təmin edilməsi və müxtəlif sosial təşəbbüslərdə könüllü olaraq iştirak ediblər. Bu fəaliyyətlər gənclərin cəmiyyət qarşısında məsuliyyətini artırmaqla yanaşı, onların komanda işi, təşəbbüskarlıq və liderlik bacarıqlarının inkişafına real töhfə verib.

- Regionlardan və az inkişaf etmiş yerlərdən olan gənclərin Mərkəzin imkanlarından bərabər şəkildə faydalanması üçün hansı tədbirlər görülür?
-Regionlarda yaşayan gənclərin imkanlara çıxışı bizim üçün xüsusi əhəmiyyət daşıyır. Regional nümayəndəliklərimiz vasitəsilə təlimlər, görüşlər və proqramlar təşkil edərək gənclərin mərkəzin fəaliyyətlərindən bərabər şəkildə yararlanmasını təmin edirik. Bu yanaşma region gənclərinin potensialının üzə çıxarılmasına real töhfə verir. Bu istiqamətdə Azərbaycan Respublikasının Gənclər Fondunun təşkilatçılığı və Gənclərin İnkişaf və Karyera Mərkəzinin tərəfdaşlığı ilə həyata keçirilən “Səyyar Gənclər Xidməti” layihəsini misal gətirə bilərik. Layihənin əsas məqsədi müxtəlif şəhər və rayon gənclərinin dövlət tərəfindən təqdim olunan imkanlardan xəbərdar olması, həmçinin onların ictimai fəallıq, liderlik və şəxsi inkişaf bacarıqlarının gücləndirilməsi istiaqamətində təlimlərə cəlb olunmasıdır. Tədbirlər çərçivəsində gənclər üçün maarifləndirici təlimlər, interaktiv sessiyalar, intellektual oyunlar və master-klaslar təşkil olunub. Bu fəaliyyətlər onların peşəkar və şəxsi bacarıqlarını, ünsiyyət və komanda işini inkişaf etdirməyə və dövlət siyasəti barədə biliklərini artırmağa yönəlib.
-Gənclərin öz təşəbbüslərini həyata keçirməsinə dəstək üçün maliyyə və mentorluq imkanları mövcuddur. Bunlar barədə məlumat verə bilərsinizmi?
-GİKM gənclərin ideyalarının inkişafı üçün layihə istiqamətləndirilməsi və tərəfdaşlara çıxış imkanları yaradır, təşəbbüslərin düzgün istiqamətdə formalaşdırılması və davamlılığının təmin olunmasına dəstək göstərir.
Bu məqsədlə GİKM tərəfindən həyata keçirilən “Regionun Gənc Liderləri” proqramı regionda yaşayan gənclərin liderlik potensialını inkişaf etdirməyə yönəldilib. Proqramın məqsədi gənclərdə liderlik və qərarvermə bacarıqlarını gücləndirmək, onların yerli icmalarla əməkdaşlıq etmək imkanlarını artırmaq, ictimai tədbirlərin təşkilində daha fəal iştirakını təmin etmək və gənclərin regionun ictimai-sosial həyatında aktiv rol almasına dəstək olmaqdır. Bu proqram sayəsində gənclər həm şəxsi inkişaflarına töhfə verib, həm də öz icmalarının inkişafında daha təsirli şəkildə iştirak ediblər. Eyni zamanda, “Regionun Gənc Eko-Səfirləri” proqramı vasitəsilə region gənclərinin iqlim dəyişikliyi və ekologiya sahəsində maarifləndirilməsi, ictimai iştirakçılığının artırılması və praktik fəaliyyətlərdə iştirakı təmin edilib.
-Gənclərin qərarvermə və liderlik bacarıqlarının inkişafı üçün Mərkəz tərəfindən hansı təlim və mentorluq proqramları həyata keçirilir?
-Gənclərin şəxsi və peşəkar inkişafının dəstəklənməsi məqsədilə Bakı və regionlarda həyata keçirilən “Youth Start” şəxsi inkişaf proqramı çərçivəsində gənclərə yeni bilik və bacarıqlar qazandırılıb. Proqram çərçivəsində təşkil olunan təlimlərdə iştirakçılar komanda işi, liderlik və təşəbbüskarləq mövzuları üzrə nəzəri və praktiki biliklər əldə ediblər. Təlimlər gənclərin fərdi bacarıqlarının inkişafına, öz potensiallarını daha dəqiq müəyyənləşdirmələrinə və gələcək karyera istiqamətlərini planlaşdırmalarına töhfə verib.
-Qarşıdakı dövr üçün GİKM-in əsas hədəfləri və prioritetləri nələrdir?
-Qarşıdakı dövrdə əsas məqsədimiz gənclərin məşğulluq imkanlarını daha da genişləndirmək, regionlarda fəaliyyətləri gücləndirmək, innovativ və davamlı layihələrin sayını artırmaqdır. Bu məqsədlə gənclərin inkişafına yönəlmiş çevik və nəticəyönümlü yanaşmanı davam etdirəcəyik.
-Qarşıdan 2 fevral – Azərbaycan Gəncləri Günü gəlir. Bu münasibətlə gənclərə hansı mesajı çatdırmaq istərdiniz və GİKM bu əlamətdar günü necə qeyd edir?
-Ölkəmizdə gənclərin təhsili, karyera inkişafı və təşəbbüslərinin dəstəklənməsi üçün dövlətimiz tərəfindən geniş imkanlar yaradılıb. 2 fevral tarixinin Azərbaycan Gəncləri Günü kimi qeyd edilməsi ölkəmizdə gənclərə göstərilən yüksək diqqət və dəstəyin bariz nümunəsidir. 2 fevral – Azərbaycan Gəncləri Günü münasibətilə bütün gənclərə çağırış edirik ki, onlar üçün yaradılan imkanlardan yararlansınlar və daim öz şəxsi inkişafları üzərində çalışsınlar. Bu əlamətdar günü gənclərlə birgə faydalı, öyrədici və əyləncəli fəaliyyətlər icra etməklə qeyd edirik.
Yaqut Ağaşahqızı, “İki sahil”