06 yanvar 2026 10:40
289

Azərbaycanın tarixi, geosiyasi və iqtisadi maraqları təmin olunur - Deputat

Prezident İlham Əliyevin yanvarın 5-də yerli televiziya kanallarına verdiyi müsahibədə səsləndirdiyi fikirlər Azərbaycanın postmüharibə dövründə formalaşdırdığı yeni geosiyasi reallıqları, milli maraqlara söykənən qətiyyətli mövqeyini və strateji hədəflərinin dəyişməzliyini bir daha aydın şəkildə ortaya qoydu. Uzun illər arzulanan Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında birbaşa coğrafi bağlantının yaradılması artıq real mərhələyə keçib. Bu isə təkcə regional nəqliyyat layihəsi deyil, Azərbaycanın tarixi, geosiyasi və iqtisadi maraqlarının təmin olunması deməkdir.

Bu fikirləri "İki sahil"ə Milli Məclisin deputatı Səbinə Salmanova bildirib.

Deputat xatırladıb ki, Zəngəzur dəhlizinin açılması ilə bağlı məsələ 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatdan sonra beynəlxalq gündəliyin əsas mövzularından birinə çevrilib: “Həmin sənəddə regional kommunikasiyaların açılması birmənalı şəkildə təsbit olunmuşdu. Sonrakı mərhələlərdə Azərbaycan tərəfi bu müddəanın icrası istiqamətində ardıcıl və prinsipial mövqe nümayiş etdirdi. Ermənistan isə müxtəlif bəhanələrlə prosesi ləngitməyə çalışırdı. Lakin cənab Prezidentin müsahibədə qeyd etdiyi kimi, ‘Azərbaycan vətəndaşlarında şübhə yoxdur ki, Zəngəzur dəhlizi açılacaq. Onun adı fərqli ola bilər, amma mahiyyət dəyişmir’”.

S.Salmanova qeyd edib ki, ABŞ Prezidenti Donald Tramp tərəfindən də Zəngəzur dəhlizinin açılacağı ilə bağlı məsələnin təsdiqlənməsi bu layihənin regional deyil, qlobal əhəmiyyət daşıdığını göstərir: “Zəngəzur dəhlizi Şərq–Qərb və Şimal–Cənub nəqliyyat marşrutlarının kəsişməsində yerləşərək Avrasiya məkanında ticarət əlaqələrinin genişlənməsinə və enerji təhlükəsizliyinin möhkəmlənməsinə mühüm töhfə verəcək. Azərbaycan son illərdə irəli sürdüyü bütün strateji təşəbbüslərin ardıcıl şəkildə reallaşdığını dəfələrlə sübut edib. Bakı–Tbilisi–Ceyhan, Bakı–Tbilisi–Qars, Cənub Qaz Dəhlizi kimi layihələr vaxtilə skeptik yanaşmalarla qarşılaşsa da, bu gün qlobal enerji və nəqliyyat xəritəsinin ayrılmaz hissəsinə çevrilib. Zəngəzur dəhlizi də eyni məntiq üzrə formalaşır”.

Deputat vurğulayıb ki, Zəngəzur dəhlizinin açılması Azərbaycanın milli təhlükəsizliyi və dövlət suverenliyi baxımından da strateji əhəmiyyət daşıyır: “Naxçıvanın uzunmüddətli blokadadan çıxması, Türkiyə ilə birbaşa quru bağlantısının təmin olunması, Türk dünyası ilə inteqrasiyanın dərinləşməsi bu layihənin əhəmiyyətini daha da artırır. Məhz bu səbəbdən Prezident İlham Əliyev Zəngəzur dəhlizi məsələsini prinsipial və dönməz mövqe kimi ortaya qoyur. Bu məsələ artıq müzakirə predmeti deyil, reallaşması qaçılmaz olan siyasi-iqtisadi layihədir. Azərbaycan Vətən müharibəsindən sonra yaratdığı yeni regional reallıqları mərhələli şəkildə möhkəmləndirir. Dövlət başçısının açıqlamaları isə bu prosesin həm daxili, həm də beynəlxalq legitimliyə malik olduğunu aydın şəkildə göstərir. Bu baxımdan Azərbaycan vətəndaşlarının Zəngəzur dəhlizinin açılacağına olan əminliyi tam əsaslıdır. Çünki bu inam sözlərə deyil, real addımlara, imzalanmış sənədlərə və Azərbaycanın sübut olunmuş siyasi iradəsinə söykənir”.