29 dekabr 2025 00:39
72

Tarixi köklərə bağlılığı və Vətən sevgisini ifadə edən bayram

Azərbaycan xalqının milli yaddaşında xüsusi yer tutan 31 dekabr tarixi bütün dünyada yaşayan azərbaycanlıların birlik və həmrəyliyinin rəmzi kimi qeyd olunur. Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü xalqımızın ortaq milli kimliyini, tarixi köklərə bağlılığını və Vətən sevgisini ifadə edən mühüm bayramlardan biridir.

Bu əlamətdar günün təsis olunması 1991-ci ilə təsadüf edir. Həmin ilin 16 dekabr tarixində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Ulu Öndər Heydər Əliyevin sədrliyi ilə keçirilən iclasında 31 dekabrın dünya azərbaycanlılarının həmrəyliyini ifadə edən bayram günü kimi qeyd olunması barədə tarixi qərar qəbul edilmişdir. Bu qərar Azərbaycan xalqının milli birliyinin möhkəmləndirilməsi baxımından mühüm addım olmuşdur.

Uzun bir dövr Vətəndə yaşayan azərbaycanlılar başqa ölkələrdə məskunlaşmış həmvətənliləri ilə görüşmək, əlaqələr yaratmaq imkanından məhrum olmuşlar. Sovet dövlətinin qadağaları qardaşın qardaşla görüşməyinə imkan vermirdilər. Sovet rejiminin zəifləməyə başladığı 1980-ci illərin sonlarında Azərbaycan xalqı öz həmvətənləri ilə əlaqələr yaratmaq üçün səylərini artırdı.

Lakin 1980-ci illərin sonlarına doğru Sovet İttifaqının siyasi və ideoloji zəifləməsi Azərbaycan xalqında milli oyanış prosesini sürətləndirdi. Məhz bu mərhələdə xalqımız dünyanın müxtəlif ölkələrində yaşayan həmvətənləri ilə yenidən əlaqələr qurmaq, milli birliyi bərpa etmək istiqamətində fəal addımlar atmağa başladı. Bu səylər sonradan dünya azərbaycanlılarının həmrəyliyi ideyasının formalaşmasına və möhkəmlənməsinə mühüm zəmin yaratdı.

Məsələnin qanunvericilik səviyyəsində təsdiqlənməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Azərbaycan Respublikası Ali Sovetinə müraciət etmişdir. Nəticədə 1991-ci il dekabrın 25-də Ali Sovetin Milli Şurası bu müraciəti nəzərə alaraq, 31 dekabr tarixinin rəsmi şəkildə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan olunması haqqında qanun qəbul etmişdir.

Ümummilli Lider Heydər Əliyev demişdir: “Dünya azərbaycanlılarının həmrəyliyi gününün dövlət bayramı kimi qeyd edilməsi xalqımızın milli azadlıq mübarizəsinin məntiqi nəticəsi olaraq artıq xoş ənənəyə çevrilmişdir. Qədim və zəngin tarixə malik olan Azərbaycan xalqının dirçəlişini, tərəqqisini və milli birliyini əks etdirən, onu müstəqil dövlətçilik uğrunda müqəddəs və məsuliyyətli mübarizəyə səfərbər edən həmrəylik günü hər bir azərbaycanlı üçün inam və ümid anıdır. Dünyanın müxtəlif ölkələrində milyonlarla soydaşımız yaşayır, işləyir, fəaliyyət göstərir. Buna baxmayaraq, onların milli-mənəvi varlığını yaşadan yeganə bir dövlət var. Bu, müstəqil, suveren Azərbaycan Respublikasıdır. Dünya azərbaycanlılarının birliyi və həmrəyliyi ideyasının əsasını da məhz Azərbaycan dövlətçiliyinə, xalqımızın dilinə, dininə, milli-mənəvi varlığına və ümumbəşəri dəyərlərə hörmət, onların daim qorunmasına, yaşamasına qayğı təşkil edir.”

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü yalnız bir bayram deyil, eyni zamanda milli birlik ideyasının, azərbaycançılıq məfkurəsinin və mənəvi dəyərlərimizin təntənəsidir. Bu gün dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızı bir amal ətrafında birləşdirir, onların Vətənlə mənəvi bağlarını daha da gücləndirir.

Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının III Qurultayında çıxışı zamanı demişdir: “Bizim xaricdə yaşayan böyük ailəmiz vardır, bu, azərbaycanlılardır. Onlar öz doğma Vətəninə bağlı olan adamlardır. Bizi fərqləndirən əlamət ondan ibarətdir ki, harada yaşamağımızdan asılı olmayaraq, öz Vətənimizə bağlıyıq. Bura bizim vətənimizdir, hamımızın vətənidir. Müstəqil Azərbaycan bütün azərbaycanlıların vətənidir. Bizim bir vətənimiz var - Azərbaycan! Bizim bir dilimiz var – Azərbaycan dili! Bizim ümumxalq ideologiyamız var – azərbaycançılıq məfkurəsi! Mən arzu edirəm ki, dünyada yaşayan bütün azərbaycanlılar həmişə bir yerdə olsunlar. Həmişə bilsinlər ki, onların arxasında güclü Azərbaycan dövləti dayanır və onlar hər zaman Azərbaycan dövlətinə arxalana bilərlər.”

31 dekabr xalqımızın birliyini, gücünü və gələcəyə olan inamını nümayiş etdirən, milli qürur hissini yüksəldən əlamətdar gündür.

Aydan Nəsibova,
YAP Xətai rayon təşkilatının “General Şıxlinski 56/2” ünvanı üzrə ərazi partiya təşkilatının üzvü