23 sentyabr 2026 17:33
64

Dağ-mədən və metallurgiyada sistemli inkişaf modeli

“Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz yeni inkişaf mərhələsinə qədəm qoyub. Bu prosesdə regionların sosial-iqtisadi inkişafı xüsusi əhəmiyyət daşıyır. Regionların inkişafı Azərbaycanın iqtisadi diversifikasiya siyasətinin mühüm istiqamətlərindən biri olmaqla yanaşı, davamlı inkişafın, sosial-iqtisadi tarazlığın, müasirləşmənin və innovativ iqtisadiyyatın formalaşdırılmasının əsas şərtlərindəndir. 2004-cü ildən etibarən regionların sosial-iqtisadi inkişafı ilə bağlı həyata keçirilən dövlət proqramları nəticəsində ölkənin bütün bölgələrində genişmiqyaslı quruculuq və inkişaf prosesləri reallaşıb. Bu siyasətin nəticələri Azərbaycanın müasir və dinamik inkişaf edən dövlət kimi mövqeyini daha da möhkəmləndirib”.

“İki sahil” xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Pərvin Kərimzadə deyib.

Deputat bildirib ki, regionların sosial-iqtisadi inkişafı ilə bağlı Dövlət Proqramları Azərbaycanın iqtisadi inkişafının əsas istiqamətlərindən birinə çevrilib. Bu proqramların icrası nəticəsində bölgələrdə infrastruktur yenilənib, yeni istehsal və xidmət sahələri yaradılıb, əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılıb. Eyni zamanda, regionların iqtisadi potensialının daha səmərəli reallaşdırılması üçün yeni imkanlar formalaşıb.

Pərvin Kərimzadə qeyd edib ki, sentyabrın 22-də Prezident İlham Əliyevin sədrliyi ilə “Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı”na həsr olunmuş müşavirə də ölkənin iqtisadi inkişaf gündəliyində mühüm yer tutan məsələlərə həsr olunub. Müşavirədə qeyri-neft sektorunun inkişafında mühüm potensiala malik dağ-mədən və metallurgiya sənayesinin qarşıdakı illər üçün inkişaf perspektivləri geniş müzakirə edilib.

“Dövlət başçısının vurğuladığı kimi, dağ-mədən sənayesi ölkəmizin qeyri-neft sektorunun inkişafı baxımından böyük əhəmiyyət daşıyan və ciddi perspektivlər vəd edən sahələrdəndir. Müasir qlobal iqtisadiyyat “yaşıl enerji”yə keçid, rəqəmsallaşma, yüksək texnologiyalı sənayenin sürətli inkişafı, təchizat zəncirlərinin yenidən formalaşması və iqtisadi təhlükəsizlik amillərinin güclənməsi ilə xarakterizə olunur.

Xüsusilə bərpaolunan enerji mənbələrinin, elektrikli nəqliyyatın, enerji saxlama sistemlərinin, yarımkeçiricilərin, süni intellekt infrastrukturunun və müdafiə sənayesinin inkişafı strateji mineral resurslara qlobal tələbatı artırır. Bu reallıq fonunda dünya ölkələrinin sənaye siyasətində mineral ehtiyatların yalnız hasilatına deyil, onların emalına və yüksək əlavə dəyər yaradan məhsulların istehsalına da diqqət artır. Əlavə dəyər zəncirinin ölkə daxilində formalaşdırılması, istehsalın rəqəmsallaşdırılması, resurs və enerji səmərəliliyinin yüksəldilməsi, aşağı karbon emissiyalı texnologiyalara keçid metallurgiya sənayesinin əsas inkişaf istiqamətlərinə çevrilir”, – deyə Pərvin Kərimzadə bildirib.

Deputatın sözlərinə görə, beynəlxalq təcrübə göstərir ki, dağ-mədən sektorunun rəqabət qabiliyyəti və iqtisadi səmərəliliyi yalnız mineral ehtiyatların hasilatı ilə deyil, onların dərin emalı, yüksək əlavə dəyər yaradan məhsulların istehsalı və qlobal dəyər zəncirlərinə inteqrasiyası ilə müəyyən olunur. O qeyd edib ki, Çin strateji əhəmiyyətli mineralların emalı sahəsində mühüm mövqeyə malikdir. Avropa İttifaqı strateji xammalın hasilatı, emalı və təkrar emalını prioritet istiqamətlərdən biri kimi müəyyənləşdirib. Kanada və Avstraliya da strateji əhəmiyyətli mineralların inkişafı üzrə milli strategiyalar qəbul ediblər. Bu ölkələrin təcrübəsi göstərir ki, əsas məqsədlərdən biri ölkə daxilində emal və metallurgiya sənayesini inkişaf etdirməklə daha yüksək əlavə dəyər yaratmaq və beynəlxalq bazarlara inteqrasiyanı genişləndirməkdir.

“Azərbaycan da qlobal tendensiyalardan kənarda qalmır. Mövcud iqtisadi şərait mineral-xammal bazasından səmərəli istifadəni, hasilat və emal mərhələləri arasında istehsal əlaqələrinin gücləndirilməsini, infrastruktur və logistika imkanlarının uzlaşdırılmasını, eləcə də dövlət-özəl tərəfdaşlığının genişləndirilməsini zəruri edir. Ölkəmizin zəngin təbii resursları yüksək əlavə dəyər yaratmaq üçün geniş imkanlar açır. Enerji potensialımız və inkişaf etmiş nəqliyyat infrastrukturu da bu proses üçün mühüm üstünlüklər formalaşdırır. Azərbaycanın Orta Dəhliz üzərində yerləşməsi isə əlaqəli sənaye sahələrinin və ixracyönümlü istehsalın inkişafı baxımından əlavə imkanlar yaradır”, – deyə deputat vurğulayıb.

Pərvin Kərimzadə bildirib ki, qarşıdakı dövrdə əsas məqsədlərdən biri dağ-mədən və metallurgiya sənayesinin xammaldan son məhsula qədər vahid dəyər zənciri üzrə inkişafını sürətləndirməkdir. Bunun üçün mineral ehtiyatlardan səmərəli istifadə, yüksək əlavə dəyər yaradan metal emalının genişləndirilməsi və metallurgiya məhsullarının ixrac potensialının artırılması istiqamətində kompleks tədbirlərin həyata keçirilməsi vacibdir. “Bu məqsədlə mineral ehtiyatların yenidən kəşfiyyatının aparılması, mövcud emal proseslərinin təkmilləşdirilməsi və daha yüksək emal səviyyəli məhsulların istehsalı üçün müasir infrastrukturun yaradılması mühüm əhəmiyyət daşıyır. Daşkəsən, Gədəbəy, Zəngilan, Ağdərə, Kəlbəcər, Naxçıvan və digər bölgələrdə mövcud və yeni ehtiyatların müəyyənləşdirilməsi, iqtisadi baxımdan səmərəli yataqların mərhələli şəkildə sənaye dövriyyəsinə cəlb edilməsi əsas hədəflərdəndir. Bununla yanaşı, Qərb Sənaye Parkının yaradılması dəmir filizi ehtiyatlarının emalının genişləndirilməsi və metallurgiya sənayesində dəyər zəncirinin dərinləşdirilməsi üçün yeni imkanlar yarada bilər”, – deyə deputat qeyd edib.

Müşavirədə səsləndirilən fikirlərə toxunan Pərvin Kərimzadə bildirib ki, sovet hakimiyyəti illərində bir sıra obyektiv və subyektiv səbəblərdən Azərbaycanın dağ-mədən sənayesi öz potensialına uyğun səviyyədə inkişaf etməyib. Hazırda isə ölkənin bu sahədə yeni imkanları formalaşıb və həmin imkanlardan səmərəli istifadə etmək vacibdir. Onun sözlərinə görə, uzun illər Azərbaycanın iqtisadi inkişafında aparıcı rol oynayan neft sənayesi ilə yanaşı, mineral resursların hasilatı və emalı da gələcək dövrdə iqtisadi şaxələndirmənin mühüm istiqamətlərindən birinə çevrilə bilər. Ölkədə perspektivli yataqların müəyyənləşdirilməsi və yeni geoloji kəşfiyyat işlərinin aparılması bu baxımdan xüsusi əhəmiyyət daşıyır.

“Bu məsələlərin kompleks və sistemli həlli məqsədilə Dövlət Proqramının hazırlanması mühüm addımdır. Xüsusilə işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda bu istiqamətdə işlərin aparılması böyük əhəmiyyət kəsb edir. 30 illik işğal dövründə Ermənistan tərəfindən həmin ərazilərin təbii sərvətlərinin qanunsuz istismarı ilə bağlı çoxsaylı faktlar mövcuddur. Dövlət başçısı da çıxışlarında bu məsələyə xüsusi diqqət yetirib. Dağ-mədən və metallurgiya sənayesinin inkişafı yalnız iqtisadi deyil, həm də sosial əhəmiyyət daşıyır. Yeni istehsal və emal müəssisələrinin yaradılması bölgələrdə məşğulluğun artırılmasına, yeni iş yerlərinin açılmasına və əhalinin gəlirlərinin yüksəlməsinə şərait yaradacaq”, – deyə deputat bildirib.

Pərvin Kərimzadə əlavə edib ki, verilən qiymətləndirmələrə əsasən, təkcə dörd il ərzində beş mindən çox daimi iş yerinin yaradılması nəzərdə tutulur. Sənaye sahəsinin genişlənməsi ilə növbəti illərdə bu göstəricinin daha da artması mümkündür. “Ümumilikdə, Dövlət Proqramının qarşıya qoyduğu hədəflər kifayət qədər genişdir. 2030-cu ilədək dağ-mədən və metallurgiya sektorunun ümumi daxili məhsula töhfəsinin 700 milyon manatdan 1,8 milyard manata, illik ixrac potensialının isə 2025-ci ilin orta dünya qiymətləri əsasında 1,3 milyard manatdan 3,4 milyard manata çatdırılması nəzərdə tutulur. Bu hədəflərin reallaşdırılması Azərbaycanın qeyri-neft sektorunun şaxələndirilməsinə, regionların sənaye potensialının gücləndirilməsinə və yeni əlavə dəyər mənbələrinin formalaşdırılmasına mühüm töhfə verə bilər”, – deyə Pərvin Kərimzadə vurğulayıb.