23 sentyabr 2026 15:02
106

Təbii sərvətlərin səmərəli istifadəsi yeni sənaye imkanları yaradır

Azərbaycan iqtisadiyyatının gələcək inkişafı yeni istehsal sahələrinin yaradılması, təbii sərvətlərin səmərəli işlənməsi və milli sənaye potensialının genişləndirilməsi ilə sıx bağlıdır. Prezident İlham Əliyevin 2027–2030-cu illərdə dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramına həsr olunmuş müşavirədəki çıxışı bu istiqamətdə qarşıya qoyulan hədəfləri aydın göstərir. Söhbət təkcə filiz hasilatından deyil, xammalın çıxarılmasından başlayaraq emal və hazır məhsul istehsalınadək uzanan bütöv sənaye zəncirinin yaradılmasından gedir.

Prezidentin “Bu sahə ölkə iqtisadiyyatı üçün, xüsusilə ölkəmizin qeyri-neft sektorunun inkişafı üçün böyük əhəmiyyət daşıyır, çox perspektivli sahədir” fikri proqramın strateji mahiyyətini ifadə edir. Qeyri-neft sektorunun genişləndirilməsi, ixracın şaxələndirilməsi və yeni daimi iş yerlərinin yaradılması iqtisadi dayanıqlığın möhkəmləndirilməsinə xidmət edir. Proqram çərçivəsində beş mindən çox daimi iş yerinin yaradılmasının nəzərdə tutulması bu hədəflərin konkret göstəricilərindəndir.

Dövlət başçısının çıxışında proqramların maliyyə təminatı və icra mexanizmləri ilə müşayiət olunmasının vacibliyi də vurğulanır. Dövlət investisiyaları, özəl sektorun iştirakı və xarici tərəfdaşlarla əməkdaşlıq layihələrin həyata keçirilməsində mühüm rol oynayacaq. Bununla belə, proqramın icrası investorların iştirakından asılı vəziyyətə salınmır.

Strategiyanın əhəmiyyətli istiqamətlərindən biri işğaldan azad edilmiş ərazilərdəki qızıl, mis və molibden yataqlarının işlənməsidir. Ehtiyatların müasir geoloji üsullarla yenidən qiymətləndirilməsi, Naxçıvanda kəşfiyyat işlərinin başlanması, Ağdərə, Kəlbəcər və Zəngilanda layihələrin irəlilədilməsi yeni iqtisadi imkanlar yaradır. Bu ərazilərdə sənaye müəssisələrinin qurulması məşğulluğun artmasına və doğma yurdlara qayıdışın iqtisadi əsaslarla möhkəmlənməsinə töhfə verə bilər.

Balakəndəki “Filizçay” polimetal yatağının istismara hazırlanması, Daşkəsən filiz yatağı və Qərb Sənaye Parkı ətrafında nəzərdə tutulan layihələr də proqramın mühüm hissəsidir. Məqsəd hasilatı emalla əlaqələndirmək, müəssisələr arasında vahid istehsal zənciri formalaşdırmaqdır. Bunun üçün texniki-iqtisadi əsaslandırma, infrastrukturun qurulması və nəqliyyat tariflərinin iqtisadi səmərəliliyi təmin etməsi vacibdir.

Sənaye inkişafının əsas şərtlərindən biri xammalı hazır məhsula çevirməkdir. Prezidentin “Əgər əhəmiyyətli dərəcədə aşkarlanarsa, bu resursları sadəcə filiz kimi dünya bazarlarına çıxarmaq səhv olar” fikri məhz bu yanaşmanı ifadə edir. Ölkə üçün qazanc yalnız sərvətlərin hasilatından deyil, onların daxildə emalından, əlavə dəyər yaradılmasından və rəqabətqabiliyyətli məhsul istehsalından yaranmalıdır. Zənginləşdirmə, pelet və briketlənmiş dəmir zavodlarının yaradılması, alüminium istehsalının 2030-cu ilin sonunadək 100 min tona çatdırılması bu məqsədə xidmət edir.

İqtisadi inkişafın ekoloji məsuliyyətlə uzlaşdırılması isə proqramın ayrılmaz şərtidir. Prezident bildirdi ki, əsas sərvətimiz yerin altında olan sərvətlər deyil, bizim təbiətimizdir. Bu da yeni konsepsiyanın mahiyyətini açır. Dağ-mədən layihələri ətraf mühitə təsirlərin qiymətləndirilməsi, ekoloji normalara ciddi əməl olunması və təbiətin qorunması əsasında həyata keçirilməlidir. İqtisadi gəlir naminə təbii mühitə zərər vurulması uzunmüddətli inkişaf məqsədləri ilə uzlaşmır.

Son rəqəmlərə görə, ilin ilk səkkiz ayında qeyri-neft sektorunda 5,4 faizlik artım qeydə alınıb. Yeni sənaye layihələrinin hədəfi bu dinamikanı davamlı etmək, iqtisadiyyatın gəlir mənbələrini genişləndirməkdir. Dövlət başçısının çıxışında proqramın gözlənilən illik müsbət maliyyə təsirinin bir milyard manatdan çox ola biləcəyinin bildirilməsi də onun iqtisadi miqyasını göstərir.

Lakin nəticələr yalnız maliyyə göstəriciləri ilə ölçülməməlidir. Sərvətlərin ölkə daxilində emalı, müasir texnologiyaların tətbiqi, peşəkar kadrların hazırlanması və sənaye ənənələrinin formalaşdırılması uzunmüddətli inkişaf üçün mühüm zəmin yarada bilər. Regionlarda istehsal müəssisələrinin qurulması isə iqtisadi fəallığın ölkə ərazisi üzrə genişlənməsinə imkan verər.

Azərbaycanın qarşısında duran əsas vəzifə təbii sərvətləri milli inkişafın davamlı mənbəyinə çevirməkdir. 2027–2030-cu illəri əhatə edən Dövlət Proqramının nəticələri layihələrin vaxtında icrasından, istehsal zəncirinin bütövlüyündən, investisiyaların səmərəli yönəldilməsindən və ekoloji tələblərin qorunmasından asılı olacaq. Yeraltı sərvətlərin milli iqtisadi gücə çevrilməsi məhz bu şərtlərin birgə təmin olunması ilə mümkündür.

Elnarə Akimova,
YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı