24 dekabr 2025 11:09
97

Heydər Əliyev yolunun davamı

Son 22 il Ulu Öndər Heydər Əliyevin arzularının reallığa çevrildiyi dövrdür. Amma bu mühüm məqamı qeyd etməliyik ki, bu uğurlara yol açan, onları şərtləndirən, təbii ki, möhkəm təməl, düzgün müəyyənləşdirilən siyasət, hədəflərə inamla addımlamaqdır.  Ümummilli Liderin dövlətimiz, xalqımız qarşısında mühüm xidmətlərindən biri 2003-cü ildə Azərbaycanın bugünkü və gələcək inkişafını təmin etmək üçün növbəti inam  ünvanını dəqiq göstərməsi oldu. Ulu Öndər Heydər Əliyev həmin müraciətində bildirmişdir: “Üzümü Sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin birinci müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.

2003-cü ildə cənab İlham Əliyevin xalqın böyük əksəriyyətinin səsini qazanması Heydər Əliyev yolunun davamı oldu. Bu yol hər an Azərbaycana möhtəşəm uğurlar qazandırır. Cənab İlham Əliyevin Ümummilli Liderin yaratdığı möhkəm təməl üzərində Azərbaycana hansı uğurları qazandırdığı göz önündədir. Tarixi Zəfərimiz bu uğurların zirvəsi oldu. 22 illik Prezidentlik dövrünün 17 ilini torpaqlarımızın işğaldan azad edilməsi istiqamətində hazırlıq işlərinə yönəldən dövlət başçısı İlham Əliyev Zəfərə imza atmaqla adını tariximizə torpaqlarımızın xilaskarı kimi qızıl hərflərlə yazdırdı. Bu, hər bir Azərbaycan üçün qürurvericidir. Ulu Öndər Heydər Əliyevin və Onun siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin Azərbaycan üçün gördüyü işlər Lider amilinin hər bir ölkənin, xalqın taleyində roluna işıq salır. Dövlətinin, xalqının gələcəyini düşünən, torpağına, Vətəninə bağlı Liderlər hər zaman ölkəsini yeni-yeni hədəflərə doğru aparır, uğurlarından qürur hissi keçirir. Bu gün Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev ata vəsiyyətini yerinə yetirdiyi, ona göstərilən etimadı, inamı doğrultduğu üçün xoşbəxtdir. İşğaldan azad edilmiş ərazilərimizdə Azərbaycan Bayrağını ucaltmaqdan böyük xoşbəxtlik ola bilərmi?

Xankəndi şəhərində Azərbaycan Bayrağını ucaldarkən “İyirmi il bundan əvvəl Prezident kimi öz vəzifə borcumu yerinə yetirməyə başlayanda qarşıma bir nömrəli vəzifə qoymuşdum ki, Azərbaycan Bayrağı o vaxt işğal altında olan bütün ərazilərdə, bütün torpaqlarda, bütün şəhər və kəndlərdə qaldırılsın. Hər gün, hər saat biz bu müqəddəs məqsədə doğru gedirdik” söyləyən Müzəffər Ali Baş Komandan İlham Əliyev bu fikirlərinin davamı olaraq bildirmişdir ki, o vaxt demişdim nəyi, necə, nə vaxt etmək lazımdır, onu mən bilirəm. İkinci Qarabağ müharibəsi dayananda da Azərbaycan xalqı bilirdi ki, mən bunu bilirəm. O gündən üç il keçməmiş  Xankəndidəyik. Bu, böyük xoşbəxtlikdir və tarixi hadisədir. Bu Qələbə  tariximizdə əbədi olacaq. Bizdən sonra gələn nəsillər bu Qələbə ilə əbədi və haqlı olaraq fəxr edəcəklər.

Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətləri sayəsində formalaşan və inkişaf edən Azərbaycan Silahlı Qüvvələri bu gün Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında öz xalqına Qələbəni bəxş etmiş müzəffər Orduya çevrildi.  2003-cü ildən etibarən ordu quruculuğu məsələləri dövlət siyasətinin prioriteti kimi müəyyən olunmuşdur. Planlı və ardıcıl şəkildə görülmüş işlər Azərbaycan ordusunu dünyanın ən güclü 50 ordusu sırasına yüksəltdi. Ötən dövrdə Silahlı Qüvvələrin maddi-texniki təchizatının yenilənməsi, müasir infrastrukturun yaradılması, hərbi qulluqçuların sosial müdafiəsi, mənzil təminatının yaxşılaşdırılması, həmçinin müdafiə sənayesinin inkişaf etdirilməsinə Prezident İlham Əliyev tərəfindən xüsusi diqqət ayrılıb. Azərbaycanda son illərdə formalaşan və dinamik inkişaf edən hərbi sənaye hesabına müxtəlif növ hərbi texnika, zirehli maşınlar, pilotsuz uçuş aparatları, atıcı silahlar istehsal olunur. Azərbaycan öz zavodlarında istehsal etdiyi hərbi təyinatlı məhsullarla ordumuzu əhəmiyyətli dərəcədə təchiz edə bilir. Azərbaycanda hərbi sənaye kompleksinin yaradılması ölkənin hərbi qüdrətini artırdı. Ölkəmizdə  mindən çox hərbi təyinatlı məhsul istehsal edilir. Dünyanın aparıcı beynəlxalq sərgilərində Azərbaycanın hərbi məhsulları nümayiş olunur. Bu cür nailiyyətlər Azərbaycana öz ordusunu zəruri silah, sursat və texnika ilə təchiz etmək üçün əvəzsiz imkanlar yaradıb. Milli Ordunun müdafiə qüdrətinin və döyüş qabiliyyətinin artırılması, maddi-texniki təchizatının yaxşılaşdırılması daim diqqət mərkəzindədir. Azərbaycanda son illərdə formalaşan və dinamik inkişaf edən hərbi sənaye hesabına müxtəlif növ hərbi texnika, zirehli maşınlar, pilotsuz uçuş aparatları, atıcı silahlar istehsal olunur. Azərbaycan öz zavodlarında istehsal etdiyi hərbi təyinatlı məhsullarla Ordumuzu əhəmiyyətli dərəcədə təchiz edə bilir. Silah və hərbi texnikaların satın alınması və hərbi məhsulların istehsalına dair bir sıra ölkələrlə müqavilələr imzalanaraq hərbi əməkdaşlıq əlaqələri genişləndirilib.

Ölkəmizin  30 ilə yaxındır ki, pozulmuş ərazi bütövlüyünün bərpası və xalqımızın mədəniyyət beşiyi hesab olunan Şuşanın azad olunması Prezident İlham Əliyevin Zəfər zirvəsidir. 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, xalqın birliyi və Ordumuzun gücü nəticəsində Zəfərlə sona çatdı. 2023-cü ilin sentyabrında rəşadətli Ordumuzun həyata keçirdiyi bir günlük antiterror tədbirləri nəticəsində suverenliyimiz tam bərpa edidi. 20 sentyabr yeni dövrün başlanğıcı oldu.  Bu gün Azərbaycan yeni dövrün hədəflərini uğurla həyata keçirir.

 Göründüyü kimi, Heydər Əliyev yolu Azərbaycana daim möhtəşəm uğurlar qazandırır, yeni-yeni hədəflərə çağırış edir. Qarşıdakı dövrün  hədəfi isə Qərbi Azərbaycana qayıdışımızdır. Azərbaycan xalqının tarixi Qələbəsinin regionda formalaşmaqda olan yeni reallığın əsas səbəblərindən biri olduğunu dəfələrlə açıq şəkildə səsləndirən Prezident İlham Əliyev “Qərbi Azərbaycan” mövzusunu dövlət siyasəti ilə yanaşı, həm də regionumuzda formalaşan yeni reallığın ayrılmaz parçasına çevirmişdir. Təkcə 2025-ci il ərzində Qərbi Azərbaycan məsələsi Prezident İlham Əliyev tərəfindən beynəlxalq və yerli platformalardakı çıxış, müsahibə və görüşlərdə 9 dəfə, ümumiyyətlə isə 67 dəfə ən ali səviyyədə səsləndirmişdir.

Prezident İlham Əliyevin təşəbbüsü ilə 2022-ci ildə Qərbi Azərbaycan İcmasının yaradılması və fəaliyyəti son bir neçə il ərzində ölkəmizin ictimai-siyasi həyatında baş vermiş ən əlamətdar hadisələrdən biri olmuşdur. Ölkəmizdə ali icra hakimiyyəti orqanı səviyyəsində Qərbi Azərbaycan məsələsi ilə bağlı qəbul edilən siyasi qərarlar, məhkəmə hakimiyyəti orqanı olan Baş Prokurorluq tərəfindən deportasiya və soyqırımı ilə bağlı başladılan cinayət işləri, eləcə də ilk dəfə Milli Məclisdə yaradılmış Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupu məsələnin miqyasını daha da genişləndirmişdir.

Qərbi Azərbaycana sülhsevər qayıdışın konseptual əsaslarının yaradılmasına dair Prezidentin verdiyi tapşırığa uyğun hazırlanmış “İndiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə, sülh yolu ilə geriyə qayıtmasının təmin edilməsi barədə Qayıdış Konsepsiyası” soydaşlarımızın öz doğma torpaqlarına qayıdışı ilə bağlı fəaliyyətin əsasını təşkil edir. 

Samir Qocayev,
​YAP Goranboy rayon təşkilatının sədri