Müasir dövrdə dövlətlərin əsas inkişaf meyarlarından biri dayanıqlı inkişafın təmin olunmasıdır. Dayanıqlı inkişaf anlayışı yalnız iqtisadi artımı deyil, eyni zamanda sosial rifahın yüksəldilməsini, ətraf mühitin qorunmasını, hüquqi-siyasi sabitliyin möhkəmləndirilməsini və gələcək nəsillərin maraqlarının təmin olunmasını özündə ehtiva edir. Bu məqsədlərə nail olmaq isə təsadüfi addımlarla deyil, əsrlər boyu formalaşmış, möhkəm və ardıcıl dövlətçilik ənənələri üzərində qurulan idarəetmə modeli ilə mümkündür.
Azərbaycan dövləti zəngin tarixi keçmişə, güclü dövlətçilik ənənələrinə malikdir. Qədim dövrlərdən başlayaraq müxtəlif dövlət qurumları və siyasi sistemlər Azərbaycan ərazisində formalaşmış, xalqın idarəçilik təfəkkürünün inkişafına mühüm töhfələr vermişdir. Məhz bu tarixi irs müasir Azərbaycan dövlətinin dayanıqlı inkişaf strategiyasının ideoloji və praktiki əsasını təşkil edir.
Azərbaycan ərazisində dövlətçilik ənənələrinin tarixi minilliklərə söykənir. Qafqaz Albaniyası, Atropatena, Şirvanşahlar dövləti, Səfəvilər imperiyası kimi dövlət qurumları vahid idarəetmə sistemi, hüquq normaları və mərkəzləşdirilmiş hakimiyyət prinsipləri ilə seçilmişdir. Bu dövlətlərdə ədalət, qanunlara hörmət, sosial nizam və ictimai sabitlik əsas dəyərlər kimi qəbul edilmişdir.
Xüsusilə Səfəvilər dövründə dövlətçilik ənənələri yeni mərhələyə qədəm qoymuş, mərkəzləşdirilmiş idarəetmə sistemi formalaşmış, dövlət maraqları ali prinsip kimi müəyyən edilmişdir. Bu tarixi təcrübə Azərbaycan xalqında güclü dövlət anlayışının formalaşmasına, milli kimliyin və siyasi şüurun inkişafına mühüm təsir göstərmişdir.
Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması milli dövlətçilik tariximizdə mühüm mərhələ olmuşdur. 1918–1920-ci illərdə mövcud olmuş bu dövlət Şərqdə ilk demokratik respublika kimi tarixə düşmüş, parlamentli idarəetmə, qanunun aliliyi, insan hüquq və azadlıqlarının qorunması kimi mühüm prinsipləri təsbit etmişdir. Hərçənd qısaömürlü olsa da, AXC-nin ideyaları müasir Azərbaycan dövlətçiliyinin formalaşmasında mühüm rol oynamışdır.
Müstəqilliyin bərpasından sonra isə dövlətçilik ənənələrinin yenidən dirçəldilməsi və müasir tələblərə uyğun inkişaf etdirilməsi zəruri olmuşdur. Bu mərhələdə Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətləri xüsusi qeyd olunmalıdır. Onun rəhbərliyi ilə ölkədə siyasi sabitlik bərpa edilmiş, hüquqi dövlət quruculuğunun əsası qoyulmuş, milli dövlətçilik ənənələri müasir idarəetmə modeli ilə vəhdət təşkil etmişdir.
Dayanıqlı inkişafın əsas şərtlərindən biri hüquqi dövlətin mövcudluğudur. Hüququn aliliyi, qanun qarşısında bərabərlik, ədalətli məhkəmə sistemi və effektiv dövlət institutları olmadan uzunmüddətli inkişaf mümkün deyil. Azərbaycan Respublikasının Konstitusiyası bu prinsipləri təsbit edərək dövlətin demokratik, hüquqi və dünyəvi xarakterini müəyyən etmişdir.
Hüquqi dövlətçilik ənənələrinin möhkəmləndirilməsi iqtisadi sabitliyə, investisiya mühitinin yaxşılaşmasına və sahibkarlığın inkişafına əlverişli şərait yaradır. Eyni zamanda, vətəndaşların dövlətə olan inamı artır, ictimai münasibətlərdə şəffaflıq və məsuliyyət prinsipləri güclənir. Bütün bunlar dayanıqlı inkişafın sosial və iqtisadi əsaslarını möhkəmləndirir.
Aydan Dilqəmli,
YAP Xətai rayon təşkilatının fəalı
Avropa Parlamentində Azərbaycanla bağlı dinləmələr qərəzli kampaniyanın tərkib hissəsidir
Humanizm həyata keçirilən dövlət siyasətinin əsas ideoloji dayaqlarından biri kimi çıxış edir
Siyasi demaqogiyanın iflası: Bir həbslə çökən “düşərgə” və kirli oyunların sonu