19 dekabr 2025 17:40
124

Humanizm həyata keçirilən dövlət siyasətinin əsas ideoloji dayaqlarından biri kimi çıxış edir

Ümummilli Lider Heydər Əliyevin  siyasi iradəsi sayəsində müstəqil və güclü dövlət ideyası hüquqi çərçivəyə salınmış, idarəetmənin effektiv mexanizmləri ilə təmin edilmişdir. Demokratik idarəetmə prinsiplərinin sistemli şəkildə tətbiqi, qanunun aliliyi və insan hüquqlarının qorunması dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrilmişdir. O baxımdan 1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq səsverməsi (referendum) nəticəsində Azərbaycan Respublikası Konstitusiyasının qəbulu ali hüquqi sənəd olaraq milli dövlətçilik konsepsiyasının və xalqın iradəsinin ifadəsi kimi dəyərləndirilir.  Bu sənəd həm də milli dövlətçilik ideologiyasının, siyasi mədəniyyətin və vətəndaş-dövlət münasibətlərinin inkişafında mühüm önəm kəsb etmişdir.Konstitusion təməl üzərində formalaşan dövlət siyasətinin əsas fəlsəfəsini humanizm, sosial ədalət və vətəndaş rifahı təşkil etmişdir. İnsan amilinin ali dəyər kimi qəbul edilməsi, hüquq və azadlıqların qorunması Ümummilli Liderin siyasi kursunun ayrılmaz tərkib hissəsi olmuş, bu xətt sonrakı dövrdə də ardıcıl şəkildə davam etdirilmişdir. Həmin yanaşma dövlətin vətəndaşlara münasibətində etik və humanist prinsipləri gücləndirən siyasət mexanizmi kimi dəyərləndirilir.

Prezident İlham Əliyevin fəaliyyətində bu prinsip ardıcıl və qətiyyətli şəkildə öz əksini tapır. Ölkə başçısının təşəbbüsü ilə Milli Məclisə təqdim edilən genişmiqyaslı amnistiya aktı da məhz bu humanist siyasətin parlaq nümunəsidir. Birmənalı şəkildə qeyd etmək olar ki, amnistiya aktı Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu humanizm və mərhəmət siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bir daha sübut etdi. 2025-ci ilin mühüm ictimai-siyasi hadisələrindən biri kimi yadda qalan bu humanist addım xalq tərəfindən böyük rəğbətlə qarşılandı, minlərlə ailəyə sevinc və ümid bəxş etdi. İrəli sürülən təşəbbüs tətbiq olunacaq şəxslərin sayına görə müstəqillik dövrünün ən genişmiqyaslı amnistiyası kimi dəyərləndirilir. Amnistiya aktı ümumilikdə 20 mindən çox şəxsə şamil ediləcəkdir. Onlardan 5 mindən çoxu azadlıqdan məhrum etmə cəzasından tam azad ediləcək, 3 mindən artıq şəxsin cəzası azaldılacaq, minlərlə məhkum isə digər cəza növlərindən və ya cinayət məsuliyyətindən azad olunacaq.  Sözügedən addım bir daha göstərdi ki, Azərbaycan dövləti hər zaman öz vətəndaşının yanındadır, onun taleyinə biganə deyil. Bu humanist yanaşma cəmiyyətin sosial birliyini gücləndirməklə yanaşı, hüquqi dövlət quruculuğu prosesinə də mühüm töhfə olacaq. Bağışlamaq və əfv etmək dövlətimizin dəyərlərinə xas olan keyfiyyətlərdəndir. 1995–2003-cü illərdə Ümummilli Lider Heydər Əliyev 32 əfv fərmanı imzalamış və 7 amnistiya aktını təsdiqləmişdir. 2003–2025-ci illərdə Prezident İlham Əliyev isə 39 əfv sərəncamı verərək 5 amnistiya aktının qəbuluna rəhbərlik etmişdir. Ümumilikdə 71 əfv fərmanı və sərəncam vasitəsilə 10 162 məhkum azad edilmiş, onlardan 7 060 nəfərə birbaşa Prezident İlham Əliyevin sərəncamları şamil olunmuşdur.

Humanizm həyata keçirilən dövlət siyasətinin əsas ideoloji dayaqlarından biri kimi çıxış edir. Sosial yönümlü islahatlar, əhalinin həssas təbəqələrinə xüsusi diqqət, hüquq-mühafizə və məhkəmə sistemində aparılan islahatlar insan ləyaqətinə hörmət prinsipinə söykənir. Bu baxımdan qəbul edilən əfv fərmanları və sərəncamları, amnistiya aktları dövlətin humanist mahiyyətinin real təzahürü kimi çıxış edir. Həmin qərarlar cəmiyyətin sosial barışına, hüquqi sabitliyə və vətəndaşların ictimai məsuliyyət hissinin gücləndirilməsinə xidmət edir. Amnistiya təşəbbüsü də bu baxımdan təsadüfi deyil, məntiqi və ardıcıl dövlət siyasətinin tərkib hissəsi kimi dəyərləndirilir. Həmin addım dövlətin vətəndaşla münasibətində humanist, ədalətli və məsuliyyətli yanaşmanı nümayiş etdirir. Prezident İlham Əliyev tərəfindən 15 dekabr 2025-ci ildə irəli sürülmüş amnistiya təşəbbüsü dövlətin ədalətli və mərhəmətli yanaşmasının növbəti göstəricisidir. Bu təşəbbüs cinayət törətmiş şəxslərin cəmiyyətə yenidən inteqrasiyasına imkan yaratmaqla yanaşı, hüquqi məsuliyyət anlayışının humanist çərçivədə tətbiqini də təmin edir. Hüquqi siyasətdə əsas məqsəd cəmiyyətdə sosial harmoniya və ictimai təhlükəsizliyin təmin edilməsi ilə yanaşı, fərdlərin islah olunması, onların cəmiyyətə qaytarılmasıdır. Dövlət siyasətində insan amilinin mərkəzi yer tutması, cəzanın yalnız repressiv mexanizm kimi deyil, həm də islah edici və tərbiyəvi funksiya daşıması hüquqi mədəniyyətin yüksək səviyyədə olmasının bariz nümunəsidir. Ümumilikdə əfv fərmanı və sərəncamların, amnistiya aktlarının ardıcıl tətbiqi ölkədə humanizmə əsaslanan hüquqi ənənənin formalaşmasına xidmət etmişdir. Bu sahədə atılan addımlar göstərir ki, mərhəmət prinsipi dövlət siyasətində davamlı və sistemli xarakter daşıyır. Həmin prosesdə parlament təşəbbüsləri, ictimai gözləntilər və dövlətin strateji baxışı birləşərək hüquqi-humanitar qərarların qəbulunu təmin edir və sosial barışın möhkəmlənməsinə töhfə verir.

“Konstitusiya və Suverenlik İli” çərçivəsində irəli sürülən amnistiya təşəbbüsü müasir dövlətçilik ənənələrinin, hüquqa sədaqətin və humanist idarəetmənin real göstəricisidir. Həmin addım bir daha sübut edir ki, güclü dövlət anlayışı yalnız siyasi və hərbi imkanlarla deyil, insan ləyaqətinə hörmət, ədalət və mərhəmət dəyərləri ilə ölçülür.

Ayaz Cəbrayılov,

Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının sədri