Rəsmi Ankara Suriyaya 2 milyon 370 min qaçqının qayıtmasını sürətləndirməyi planlaşdırır və bunun üçün üçmərhələli plan hazırlanıb.
“İki sahil” xəbər verir ki, bu barədə Türkiyənin bir sıra aparıcı media orqanlarında məlumat verilib. Bildirildiyinə görə, Suriyada vəziyyətin normallaşması ilə paralel olaraq, Türkiyə hakimiyyəti bu ölkədə 15 il yaşayan suriyalılar üçün qaçqın statusunu ləğv etməyi planlaşdırır.
Məlumatlara əsasən, qaçqınların geri qayıtmasını stimullaşdıran planın birinci mərhələsi suriyalılar üçün pulsuz səhiyyə xidmətlərinin ləğvini nəzərdə tutur. 2026-cı il yanvarın 1-dən etibarən qaçqın statusu olan suriyalılar sosial sığorta haqlarını ödəməli olacaqlar. Əks halda, səhiyyə xidmətləri onlar üçün pullu olacaq.
Bundan əlavə, sığınacaq axtarışı ilə bağlı icazələrin müddətinin bitməsi ilə suriyalılar bütün digər kateqoriyalı əcnəbilər kimi Türkiyədə yaşayış icazəsi üçün müraciət etməlidirlər. Bunun üçün onlar miqrasiya orqanlarına daşınmaz əmlakın mövcud olması və ya mənzilin kirayəyə götürülməsi barədə müqavilə, eləcə də əmək müqaviləsi, tibbi sığorta və bank çıxarışı təqdim etməlidirlər. Qaçqınların qaldığı evlərdəki şərait də nəzərə alınacaq.
Üçüncü mərhələdə isə suriyalılara vətənlərinə qayıtmalarını təşviq etmək üçün maliyyə yardımı göstəriləcək. Lakin bu, Türkiyə büdcəsi deyil, BMT vəsaitləri hesabına olacaq.
Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib ki, Ankara suriyalıların könüllü və layiqli şəkildə vətənlərinə qayıtmalarını təmin etməyi hədəfləyir. “Türkiyədə yaşayan qaçqınların sayından asılı olmayaraq, onlara heç vaxt təzyiq formalarını tətbiq etməyəcəyik”, - deyə nazir vurğulayıb.
Rəsmi məlumatlara görə, artıq Türkiyədən Suriyaya 600 mindən çox qaçqın qayıdıb.
Bildirildiyinə görə, Dəməşqdə hakimiyyət dəyişikliyindən sonra Ankara suriyalıların dərhal vətənlərinə qayıtmasını tələb etməyib. Suriyalıların birdən və kütləvi şəkildə axışıb getməsi əmək bazarına təsir göstərərdi. Həmçinin hakimiyyət orqanları suriyalı uşaqların və gənclərin Türkiyənin təhsil müəssisələrində təhsillərini davam etdirməsini nəzərə alıb.