05 dekabr 2025 10:52
214

Mehdiyev Kərimlinin gizli sponsoru və himayədarı olub

Nigar Arpadarai,
Milli Məclisin deputatı

Yerli və xarici mətbuatda Azərbaycan Xalq Cəbhəsi Partiyasının “əbədi” sədri Əli Kərimliyə qarşı dövlət çevrilişinə cəhd və digər ağır dövlət cinayətlərində ittihamların irəli sürülməsi barədə xəbərlər yayılıb. Bununla yanaşı, mətbuatda yayılan məlumata görə, onun cinayət işi birbaşa Ramiz Mehdiyevin ictimaiyyətə artıq bəlli olan işi ilə əlaqəlidir. AXCP-də və onun ətrafında daha bir neçə həbslər və ittihamlarla bağlı məlumatlar da ortaya çıxıb.

Azərbaycan cəmiyyətində uzun illərdir ki, Əli Kərimli ilə Mehdiyevin bir-biri ilə bağlı olduğu və Mehdiyevin onun gizli sponsoru və himayədarı olduğu barədə fikir mövcuddur. Buna görə də baş verənlər yalnız sadəlövh və ya məlumatı az olan insanları təəccübləndirə bilər. Onu da qeyd etmək lazımdır ki, Ramiz Mehdiyevin, Əli Kərimlinin və digərlərinin törətməkdə ittiham olunduqları əməllər həm mənəvi, həm də hüquqi baxımdan ağır cinayətlərdir. Eyni zamanda bu insanların cəmiyyət daxilində heç bir sosial dayağı, dəstəyi yoxdur.

Lakin burada bu cinayətləri daha da ağırlaşdırıcı amil var. Mətbuata sızan məlumatlardan belə nəticə çıxarmaq olar ki, Mehdiyev təkcə dövlət quruluşuna qarşı çıxmayıb, həm də bu prosesdə xarici qüvvələrdən dəstək ala biləcəyinə ümid edirmiş. Bu da, yenə də, keçmiş məmurun uzun illər davam edən sabit əlaqələrini nəzərə alsaq, təəccüblü deyil. Bu isə tamamilə başqa bir məsələdir. Xarici oyunçuların ölkəmizin daxili işlərinə müdaxilə cəhdlərinin istənilən halda kökündən qarşısı alınmalıdır. Bu-uzaq, yaxın-bütün xarici dövlətlərə aiddir. Məhz bu amil və həmçinin Mehdiyevin uzun illər sistemdə öz təyinat şəbəkəsini yaratmaq və əslində xalqı və dövləti talayan bəzi “biznesmenləri” himayə etmək imkanına malik olması bu cinayət işlərini daha da ağır edir.

Anlaşılandır ki, Azərbaycan hüquq-mühafizə orqanları bu cür işlərlə qarşılaşarkən ictimaiyyətə verilən məlumatlara çox diqqətlə yanaşırlar. Bu tamamilə düzgündür və, əlbəttə, istintaq başa çatdıqdan sonra biz bu ağır dövlət cinayətlərinin bütün iştirakçılarını və əsas hallarını artıq mətbuatdan deyil, birbaşa rəsmi mənbələrdən öyrənəcəyik.