25 sentyabr 2026 01:26
95

Dünyada presedenti olmayan hal

Cənubi Qafqazın tarixində yeni siyasi reallıq formalaşıb. Belə ki, uzun illər davam edən Ermənistan-Azərbaycan münaqişəsinin yaratdığı qarşıdurma artıq əvvəlki məzmununu itirib. Bir sözlə, hazırda qarşıdurmadan əməkdaşlığa, müharibədən davamlı sülhə doğru yol başlayıb.

Şübhəsiz, bu məsələdə 2025-ci il avqustun 8-də Vaşinqtonda Prezident İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə sülh sazişinin mətninin paraflanması mühüm yer tutur. Beynəlxalq sərhədlərin toxunulmazlığı və ərazi əldə etmək məqsədilə gücdən istifadənin yolverilməzliyi əsasında yeni münasibətlər qurmaq niyyətini özündə ehtiva edən bu sənəd Azərbaycanla Ermənistan arasında münasibətlərə tamamilə yeni siyasi məzmun qazandırıb.

Elə bu sənəd əsasında atılan addımlar sayəsində Azərbaycanla Ermənistan arasında normallaşma prosesi sürətlənib. Belə ki, etimad quruculuğu istiqamətində praqmatik addımlar atılıb və iki ölkənin vətəndaş cəmiyyəti nümayəndələri heç bir vasitəçi olmadan qarşılıqlı səfərlər ediblər. Bu isə o deməkdir ki, Azərbaycan sülh prosesini yalnız dövlət səviyyəsində deyil, həm də xalqlar arasında etimadın artırılması müstəvisində dəstəkləyir.

Azərbaycandan Ermənistana yüklərin tranziti ilə bağlı mövcud məhdudiyyətlər aradan qaldırılıb. Artıq Azərbaycandan Ermənistana yanacaq məhsulları da tədarük edilir. Azərbaycan ilə Ermənistanın dövlət sərhədinin delimitasiyası üzrə müvafiq dövlət komissiyaları fəal çalışır. Sülh Zirvə görüşünün mühüm nəticələrindən biri olan “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu”nun (TRIPP) həyata keçirilməsi ilə bağlı praktiki addımlar atılır.

Bəli, uzun illər regionda təhlükəsizlik anlayışı əsasən münaqişə, hərbi qarşıdurma və sərhəd problemləri ilə əlaqələndirilirdi. İndi isə təhlükəsizliyin yeni komponentləri – iqtisadi əməkdaşlıq, nəqliyyat bağlantıları, qarşılıqlı ticarət və siyasi dialoq ön plana çıxıb. Bu da Cənubi Qafqazın daha firavan gələcəyə doğru yol aldığından xəbər verir. Buradan belə qənaətə gəlmək olar ki, uzunmüddətli münaqişədən sonra münasibətlərin yeni hüquqi-siyasi əsaslar üzərində qurulması baxımından yeni bir nümunə yaranıb.

Prezident İlham Əliyev sentyabrın 23-də İsveç Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Luis Morsinqi qəbul edərkən səfir dövlətimizin başçısına Azərbaycanla Ermənistan arasında sülh gündəliyi ilə əlaqədar əldə olunmuş nailiyyətlər münasibətilə təbriklərini çatdırıb. Həmçinin iki ölkə arasında etimadın qurulması istiqamətində atılan addımları alqışladığını bildirib.

Prezident İlham Əliyev sülh gündəliyinin təşəbbüskarının və müəllifinin məhz Azərbaycan olduğunu bildirməklə yanaşı, iki ölkə arasında əldə edilən sülhü dünyada presedenti olmayan bir hal kimi qiymətləndirib. Şübhəsiz, bunu münaqişələrin nizamlanması istiqamətində addım atan, eləcə də müharibə vəziyyətində olan ölkələr üçün yeni bir model kimi xarakterizə etmək olar.

Bu da Prezident İlham Əliyevin bütün xarici təzyiqlərə rəğmən əldə etdiyi diplomatik nəticənin miqyasını daha bariz şəkildə üzə çıxarır. Bu məqamda Prezident İlham Əliyevin bu sözlərini də xatırlatmaq yerinə düşər: “Bizim nümunəmiz göstərir ki, uzunmüddətli münaqişəyə, əzablara və qarşılıqlı etimadsızlığa baxmayaraq, sülh mümkündür”.

Qvami Məhəbbətoğlu, “İki sahil”