24 sentyabr 2026 18:15
132

Azərbaycan beynəlxalq sülhün və təhlükəsizliyin təmin olunmasına böyük töhfələr verir - TƏHLİL

Dövlətimizin başçısı İlham Əliyev IV Bakı Təhlükəsizlik Forumunun iştirakçılarına müraciətində bu məqamı xüsusi qeyd etdi ki, açıq və etibarlı dialoq əsasında qurulan tərəfdaşlıqlar ən mürəkkəb təhlükəsizlik çağırışlarının belə daha çevik və effektiv şəkildə qarşısının alınmasına imkan yaradır

Azərbaycan qlobal miqyasda ictimai-siyasi sabitliyin,  təhlükəsizliyin və dayanıqlı iqtisadi inkişafın hökm sürdüyü, Avrasiya məkanında etibarlı və əməkdaşlığa açıq yeganə strateji mərkəzlərdən biri kimi çıxış edir. Ölkə daxilində yaradılan sabitlik beynəlxalq səviyyədə Azərbaycanın təhlükəsiz investisiya və tərəfdaşlıq mərkəzi kimi rolunu möhkəmləndirir. Cənubi Qafqazda sülhün, əməkdaşlığın və qlobal təhlükəsizlik arxitekturasının əsas təminatçılarından birinə çevrilib. Təbii ki, bu uğurların təməlində dövlətimizin düşünülmüş və gələcəyə hesablanmış siyasəti dayanır. Həmçinin Azərbaycanın xarici siyasətinin dəyişməz prinsipləri onun beynəlxalq münasibətlər sistemində yerinin və mövqeyinin möhkəmləndirilməsində əhəmiyyətli rol oynayır. Ölkəmiz demək olar ki, hər gün müəyyən bir sahə ətrafında  qlobal məsələnin müzakirəsinə həsr olunan beynəlxalq tədbirə ev sahibliyi ilə diqqətdədir. Dünyanın yeni xarici siyasətinin  ölkəmizdə müzakirə edilməsi, təhlükəsizlik məsələrinin həllinə həsr olunan forumların Azərbaycanda təşkili özündə əsas məqamları ehtiva edir. Tarixi Zəfərimizin və suverenliyimizin yaratdığı reallıqlar fonunda belə tədbirlərin sayının artması, iştirakçı ölkələrin  coğrafiyasının genişlənməsi  diqqətdən kənarda qalmır. Ölkəmiz bu ilin mart ayında   “Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması” mövzusunda XIII Qlobal Bakı Forumuna ev sahibliyi etdi.

Prezident İlham Əliyev tədbirdəki çıxışında Azərbaycanın sülh təcrübəsindən geniş bəhs edərək bu çağırışı etdi ki, işğala, etnik təmizləməyə və soyqırımına məruz qalmış, suverenliyini, ərazi bütövlüyünü və ləyaqətini güc tətbiqi ilə bərpa etmiş, daha sonra isə o zaman məğlub olmuş düşmənə sülh təklif etmiş ölkə olmağımız  beynəlxalq ictimaiyyətlə paylaşa biləcəyimiz nadir bir təcrübədir. Ermənistanla sülhü yalnız kağız üzərində əldə etməmişik, sülh sazişi  paraflandı və birgə bəyanat qəbul olundu. Lakin biz artıq real həyatda sülhü təmin etmişik. Sərhədimizdə sakit vəziyyət hökm sürür, atəş açılmır, artıq heç bir qurban və itki yoxdur. Biz uzunmüddətli deyil, əbədi sülhə sadiqik. Bu, bizim strategiyamız və siyasətimizdir və bir daha onu nümayiş etdirir ki, Azərbaycan sülhsevər ölkədir. İkinci Qarabağ müharibəsi və daha sonra antiterror əməliyyatı zamanı bizi ittiham edənlər ya uzaqgörən deyildilər, ya da qərəzli idilər. Çünki bizim gördüyümüz hər bir iş beynəlxalq hüquqa uyğun idi, biz gücdən istifadə edərək sülhə nail olduq və bu gün bunu nümayiş etdiririk.

    Azərbaycanın xarici siyasət uğurlarını şərtləndirən, davamlılığını təmin edən əsas amillərdən biri  dövlətlərarası münasibətlərdə qarşılıqlı etimad mühitinin möhkəmləndirilməsinə xüsusi önəm verməsidir. Dövlətlərarası münasibətlərdə qarşılıqlı hörmət, bərabərhüquqluluq və milli maraqların qorunması beynəlxalq əməkdaşlığın əsas təməlidir. Bunun üçün ölkəmizin müxtəlif dövlətlərlə istər ikitərəfli, istərsə də çoxtərəfli çərçivədə əlaqələrinin inkişaf dinamikasına diqqət yetirmək kifayətdir. Şərq və Qərb dəyərlərini birləşdirməklə dünya birliyi üçün əhəmiyyətini balanslaşdırılmış siyasəti ilə təsdiqləyən,  dəyişən beynəlxalq münasibətlərə, yeni çağırışlara  real yanaşmaları ilə  cavab verən Azərbaycanın xarici siyasət uğurları bir-birini əvəzləyir. Əvvəldə də qeyd etdiyimiz kimi, sivilizasiyalar arasında körpü olan Azərbaycana artan maraq,  dünya ictimaiyyətini narahat edən məsələlərin həlli yollarını əks etdirən hədəflərin ölkəmizdə müəyyənləşdirilməsi, beynəlxalq qurumların tədbirlərinin ölkəmizdə keçirilməsi  respublikamızın daxili sabitliyi, xarici siyasəti sayəsində qazandığı  uğurlardandır. Tarixi Zəfərimizdən ötən 6 ilə diqqət yetirsək keçirilən tədbirlərin mövzularının  sülh, təhlükəsizlik, əməkdaşlıq çağırışlarını özündə ehtiva etdiyinin şahidi olarıq. Həmin tədbirlərdə, həmçinin  qlobal təhlükəsizlik və güc tarazlığı, beynəlxalq hüquqa hörmət, çoxtərəfliliyin  böhran içində olması, qlobal əməkdaşlığı yenidən düşünmək kimi  günümüzün aktual məsələləri ətrafında fikir mübadiləsi aparılır. Azərbaycanın ev sahibliyi  isə ölkəmizə beynəlxalq baxışın nə qədər yüksək səviyyədə olduğunu təsdiqləyir. Bu günlərdə Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin V toplantısını da qeyd etmək istərdik. Cənab İlham Əliyev tədbir iştirakçılarına müraciətində bu reallıqları bir daha diqqətə çatdırdı ki, müasir dünyada ənənəvi təhdidlərlə yanaşı, bəşəriyyəti narahat edən yeni çağırışlar, o cümlədən kibertəhdidlər meydana gəlir, yeni qeyri-sabitlik ocaqları yaranır, beynəlxalq hüququn böhranı müşahidə olunur. Bunların hamısı regional və qlobal problemlərin həlli istiqamətində ortaq gündəliyimizin müəyyənləşdirilməsini, mühüm məsələlərə dair vahid mövqeyimizin formalaşdırılmasını və bütün istiqamətlər üzrə fəaliyyətimizin əlaqələndirilməsini labüd edir. İkitərəfli əsasda həyata keçirdiyimiz hərbi təlimlər müdafiə sahəsində əməkdaşlığımıza töhfə verməklə, dövlətlərarası əlaqələrimizin strateji mahiyyətini bir daha bariz şəkildə təsdiq edir.

Bu mühüm məqam da xüsusi qeyd edildi ki, beynəlxalq terrorçuluq, transmilli mütəşəkkil cinayətkarlıq, narkotik vasitələrin qanunsuz dövriyyəsi, dini ekstremizm, hibrid təhdidlərlə mübarizə, kritik infrastrukturun mühafizəsi kimi məsələlər istənilən dövlətin təkbaşına həll edə bilməyəcəyi məsələlərdir. Bu səbəbdən mühüm koordinasiya mexanizmi olaraq, təhlükəsizlik şuralarının üzərinə böyük məsuliyyət düşür.

Azərbaycan hər zaman sabit, təhlükəsiz məkan kimi tanınıb və nüfuz qazanıb. Tarixən mənsub olduğu multikulturalizm, tolerantlıq ənənələrini əsrlərlə  yaşadan Azərbaycan  həmişə  xalqların birgə yaşadığı ölkə olduğu kimi, bu gün də  bütün dinlərin və etnik qrupların nümayəndələrinin  bir ailə kimi sülh və əmin-amanlıq şəraitində yaşadığı dövlətdir. “Multikulturalizm Azərbaycanda dövlət siyasətidir, bizim həyat tərzimizdir. Biz çoxmillətli, çoxkonfessiyalı cəmiyyətimizdən fərəhlənirik” söyləyən Prezident İlham Əliyevin bildirdiyi kimi,  ölkə vətəndaşlarının bütün səyləri təhlükəsizliyin, sabitliyin, xalqlar arasında sülh şəraitində birgə yaşamanın və anlaşmanın möhkəmləndirilməsinə yönəlib. Münasibətlərini çoxformatlı əməkdaşlıq   prinsipləri əsasında  inkişaf etdirən ölkəmizin təşəbbüslərinin  dünya ictimaiyyəti tərəfindən dəstəklənməsi, ən mühüm, qlobal  enerji, nəqliyyat layihələrinin müəllifi kimi  böyük nüfuz qazanması Azərbaycanın beynəlxalq aləmdə strateji əhəmiyyətini artırır.  Sivilizasiyalararası dialoq mərkəzi,  humanitar platforma kimi tanınan, ən mühüm çağırışların səsləndiyi   Azərbaycanı əbəs yerə  siyasi sabitliyi ilə seçilən nadir ölkə adlandırmırlar. Ölkəmiz dünyaya nadir əməkdaşlıq modelini təqdim etməklə ədalətə və beynəlxalq hüquqa söykənən siyasətinə böyük dəstəyin şahidinə çevrilir.   Regionda yaşanan problemlərin həlli, sabitliyin, təhlükəsizliyin,  iqtisadi inkişafın təmin edilməsi üçün  səylərini artıran, beynəlxalq təşkilatlarda  təmsilçiliyə böyük önəm verən Azərbaycanın ədalətli yanaşmalarının nəticəsidir ki, Zəfərimizin və suverenliyimizin tam bərpasının yaratdığı reallıqlar dəstəklənir və təbliğ edilir. Dövlətimizin başçısı İlham Əliyev regional və beynəlxalq səviyyədə sülhün, təhlükəsizliyin, mədəniyyətlərarası dialoqun və əməkdaşlığın möhkəmləndirilməsinə verdiyi töhfələrə görə bir çox ölkələr və beynəlxalq təşkilatlar tərəfindən müxtəlif ali mükafatlar, ordenlər və fəxri adlarla təltif edilib.

Azərbaycanın  bu günlərdə  “Qlobal təhlükəsizlik arxitekturasında yeni çağırışlar və terrorçuluğa qarşı effektiv əməkdaşlıq mexanizmlərinin formalaşdırılması” mövzusunda IV Bakı Təhlükəsizlik Forumuna ev sahibliyi də  mühüm məqamları açıqlayır. Dövlətimizin başçısı İlham Əliyev Forum iştirakçılarına müraciətində  “Bu gün dünya sürətli və mürəkkəb dəyişikliklər dövrünü yaşayır. Beynəlxalq münasibətlər sistemində baş verən proseslər, geosiyasi rəqabətin kəskinləşməsi, müxtəlif regionlarda davam edən münaqişələr və qarşıdurmalar qlobal təhlükəsizlik mühitinə ciddi təsir göstərir. Etimad böhranının kəskinləşməsi və qarşılıqlı anlaşmanın çətinləşməsi milli təhlükəsizlik arxitekturasının möhkəmləndirilməsini və beynəlxalq sabitliyin qorunmasını bütün ölkələrin qarşısında duran fundamental və təxirəsalınmaz prioritetə çevirir” söyləyərək əlavə olaraq onu da bildirdi ki, dünyada sülhün, sabitliyin və təhlükəsizliyin təmin olunması bütün dövlətlərin ortaq məsuliyyətidir. Müasir çağırışların miqyası və təhdidedici xarakteri qarşılıqlı əməkdaşlığın gücləndirilməsini, çevik və əlaqələndirilmiş yanaşmaların tətbiqini zəruri edir. Çünki təhlükəsizlik anlayışı artıq ayrı-ayrı dövlətlərin sərhədləri ilə məhdudlaşmır. Hər hansı bir regionda meydana gələn böhran və ya gərginlik ocağı qısa müddət ərzində digər regionlara təsir göstərə, siyasi və iqtisadi sabitliyə, enerji və ərzaq təhlükəsizliyinə xələl gətirə, nəqliyyat və kommunikasiya əlaqələrində ciddi fəsadlara yol aça bilir. Terrorçuluq və ekstremizm, transmilli mütəşəkkil cinayətkarlıq, qanunsuz silah və narkotik dövriyyəsi, kibercinayətkarlıq və digər transsərhəd təhdidlər də məhz bu qarşılıqlı bağlılıqdan istifadə edərək daha mürəkkəb xarakter alır.

O da  qeyd edildi ki, təhlükəsizliyin etibarlı təmin olunması üçün yalnız mövcud təhdidlər və onların nəticələri ilə mübarizə aparmaq deyil, riskləri əvvəlcədən müəyyən etmək və onların qarşısını vaxtında almaq vacibdir. Bunun üçün dövlətlər arasında qarşılıqlı etimadın möhkəmləndirilməsi, təhlükəsizlik orqanları arasında peşəkar əlaqələrin inkişaf etdirilməsi və qarşılıqlı məlumat mübadiləsinin effektivliyinin artırılması xüsusi əhəmiyyət kəsb edir. Təcrübə göstərir ki, açıq və etibarlı dialoq əsasında qurulan tərəfdaşlıqlar ən mürəkkəb təhlükəsizlik çağırışlarının belə daha çevik və effektiv şəkildə qarşısının alınmasına imkan yaradır.

Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasını, dövlətlər arasında qarşılıqlı etimadın möhkəmləndirilməsini və əməkdaşlığın genişləndirilməsini əsas prioritetlərdən hesab edir. Ölkəmiz müxtəlif beynəlxalq və regional platformalarda təhlükəsizlik məsələləri ilə bağlı dialoqun təşviqinə, qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsinə mühüm əhəmiyyət verir. Bakı Təhlükəsizlik Forumunun keçirilməsi də bu məqsədlərə xidmət edərək konkret əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsinə və qarşılıqlı etimadın daha da möhkəmləndirilməsinə şərait yaradır.

Ümumiləşdirilmiş şəkildə qeyd etsək regionda, dünyada dayanıqlı sülhün, təhlükəsizliyin təmin edilməsi iqtisadi inkişafı, yeni əməkdaşlıq formatlarının yaradılmasını şərtləndirir. Onu da qeyd edək ki,  Prezident İlham Əliyev Azərbaycan və Ermənistan arasında sülhün əldə edilməsi istiqamətində göstərdiyi səylərə görə 2026-cı il üzrə nüfuzlu “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülmüşdür.  Bu mükafatın dövlətimizin başçısına verilməsi həm də Azərbaycanın multikulturalizm və dini tolerantlıq modelinin böyük uğuru kimi qiymətləndirildi.  Qeyd etdiyimiz kimi, Azərbaycan müxtəlif   dinlərin və mədəniyyətlərin harmoniyada yaşadığı məkan kimi tanınır.  Azərbaycanın ev sahibliyi  etdiyi beynəlxalq dinlərarası forumlar, mədəniyyətlərarası dialoq təşəbbüsləri artıq qlobal platformalarda qəbul edilmiş modelə çevrilib. Bu mükafat birgəyaşayışın, dialoqun, mərhəmətin, insanlıq fəlsəfəsinin ünvanı sayılan Azərbaycan modelinin nümunəviliyinə  verilən qiymətdir. Cənab İlham Əliyev, həmçinin Azərbaycan ilə Ermənistan arasında sülhün əldə olunması və dialoqun təşviqi istiqamətində göstərdiyi səylərə görə “Sülh və Barışıq üçün Gernika mükafatı”na layiq görüldü. Prezident İlham Əliyev bu ilin aprel ayında “Sülh və Barışıq üçün Gernika mükafatı”nın təqdimolunma mərasiminin iştirakçılarına müraciətində bir daha bildirdi ki, hazırda Azərbaycan bu yeni reallığa və sülh mühitində yaşamağa uyğunlaşır. Ümumi müsbət atmosfer, sabitliyə və təhlükəsizliyə daha çox inam bizi irəliləməyə və inkişaf gündəliyimizə daha çox vaxt və resurs ayırmağa imkan verir. Biz eyni zamanda sülhü möhkəmləndirmək və onu əməli fəaliyyətə çevirmək üçün addımlar atırıq və artıq hər iki cəmiyyətimiz sülhün iqtisadi, ticari və digər sahələrdə real faydalarının şahidi olur. Bu gün artıq Azərbaycanın neft məhsulları, üçüncü ölkələrdən taxıl və digər məhsullar ölkəmizin ərazisindən keçməklə Ermənistana ixrac edilir. Azərbaycanın və Ermənistanın nümunəsi göstərir ki, uzunmüddətli münaqişəyə, iztirablara və qarşılıqlı etimadsızlığa baxmayaraq, güclü siyasi iradə və beynəlxalq dəstək mövcud olduqda sülh əldə etmək mümkündür.

Yeganə Əliyeva, “İki sahil”