28 noyabr 2025 01:27
76

Dağıdıcı müxalifətin ölməz Kaşşeyi…

Saxladığı sirləri gizlədən pərdə götürülür

Yəqin ki, “Ağacı qurd içindən yeyər” kəlamı belə məqamlarda deyilib. Azərbaycanda bir neçə şəxsdən biridir ki, İkinci Qarabağ müharibəsində ölkəmizin möhtəşəm Qələbəsinə sevinmədi, əksinə, yasa batdı. Çünki vaxtilə şöbə müdiri və dövlət katibi işlədiyi müddətdə təmsil etdiyi iqtidar işğalçı Ermənistanı dayandırmağı bacarmadı. İndi utanmadan hər kəsi tənqid edir. Kimdir o?

Azərbaycanın dağıdıcı müxalifət düşərgəsinin ölməz Kaşşeyi sayılan Əli Kərimli dəstəkçilərinin vasitəsi ilə milyonların sahibi olub. Bəs o, nə alıb, nə satıb ki, belə varlanıb, axı, əkmir-biçmir, nə isə istehsal etmir? Qısaca desək, vicdanını piştaxtaya çıxarıb. Əvvəllər deyirdilər ki, o, xaricdən göndərilən pulların gücünə hökküldəyir. İndi məlum olur ki, ən böyük pulları onun başına elə Bakının özündə yağdırırmışlar. O, Vətənimizi, xalqımızı kimlərəsə satmaqla haram pullar əldə edib. Onun bir çox bəd əməlləri “məşhuri-cahan” idi. Təzəlikcə yeni faktlar da üzə çıxıb.

Haqqında dövlətə xəyanət ittihamı ilə cinayət işi açılan Prezident Adminstrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevlə dağıdıcı müxalifət, xüsusilə AXCP sədri Əli Kərimli arasında gizli əlaqələrin olduğu və koordinasiyalı fəaliyyət göstərdikləri ilə bağlı məlumatlar gündəmdədir.

Əli Kərimli ilə Ramiz Mehdiyev arasında təmasların Əbülfəz Elçibəyin yaşadığı vaxtlarda yarandığı deyilir. O vaxt Kərimli AXCP-də Elçibəyə qarşı öz cəbhəsini yaratmışdı və Mehdiyevin köməyi ilə siyasətdə ön plana çıxmağa çalışırdı. O dövrdə Mehdiyevə də Kərimli kimi birisi lazım idi. 2000-ci illərdə isə artıq AXCP-nin sədri olan Əli Kərimli Ramiz Mehdiyevlə təmasları sıxlaşdırdı və ondan təlimatlar almağa başladı. Məlumatlara görə, Mehdiyevlə Əli Kərimli arasındakı gizli əlaqəni Prezident Administrasiyasının sabiq şöbə müdiri Əli Həsənov yaradıb. Deyilənlərə görə, Əli Həsənov 2000-ci illərin əvvəllərində “Gənclik” metrosunun yaxınlığındakı restoranların birində Əli Kərimli ilə görüşüb. Həmin görüşdə gələcək əməkdaşlığın istiqamətləri cızılıb. Kim nə alacağı, kiminsə nə verəcəyi aydınlaşdırılıb. Sonralar Əli Həsənov konspirasiyaya əməl edərək izini itirmək üçün görüşlərə özü gəlməyib, yaxın adamı vasitəsi ilə Mehdiyevin tapşırıq və təlimatlarını AXCP sədrinə çatdırıb. Yəqin bu alverin nəticəsi idi ki, o illərdə nazirlərə verilən bahalı xidməti “Maksima” markalı maşından Əli Kərimlinin də var idi. Cəbhəçilər bununla öyünürdülər.

2010-cu ilin parlament seçkilərindən sonra radikal müxalifət Əli Kərimlinin timsalında Ramiz Mehdiyevlə ittifaq qurmağa çalışırdı. Düşünürdülər ki, bu ittifaqdan yaxşı pul qazana bilərlər. Lakin parlament seçkilərində məğlub olan radikal müxalifətin siyasi gələcəyi də sual altına düşdü, çünki 2003-cü il məğlubiyyətindən sonra onların ən böyük ümidləri qarşıdakı seçkilərə idi. 2005-ci il parlament, 2008-ci il prezident, 2010-cu il yendən parlament seçkilərində heç bir nəticə əldə edə bilməyən radikal müxalifət 2013-cü il prezident seçkilərində vəziyyəti xeyirlərinə dəyişmək haqda düşünürdülər. Ciddi elektorata malik olmayan dağıdıcılar utanıb-çəkinmədən hər seçkiyə qatılırdı. Görünür, Əli Kərimlinin timsalında radikal müxalifətin Ramiz Mehdiyevlə təmasları yenidən sıxlaşdırması da buna hesablanmışdı. Ölkədə xalqın dəstəyindən məhrum olmuş müxalifət ümidlərini xarici dairələrə bağlayırdı. Ona görə də bir neçə Avropa ölkələrinə emissarlar göndərildi. Qeyd etməliyik ki,  Mehdiyevlə qurulan təmasların əsas məqsədi isə Rusiyadan dəstək almağa və 2013-cü il seçkilərində nəticə əldə etməyə hesablanmışdı. 2013-cü ildə “Milyarderlər ittifaqı”nın ortaya çıxması, radikal müxalifətin isə oyuncaq “milli şura” yaradaraq onunla bir araya gəlməsi eyni planın tərkib hissəsi olaraq görünür.

“Milyarderlər İttifaqı” adlanan müxalif qurum seçkidə öz namizədi ilə çıxış etmək qərarını açıqlamışdı. Bu qurum xaricdən idarə olunur və Azərbaycan əsilli milyarder və milyonçuları birləşdirirdi. “Milyarderlər İttifaqı”nın haradan dəstək alması sirr  deyildi.

O zaman yaxınlaşan prezident seçkilərində müxalifətin təmsilçisi olaraq Müsavat başqanı İsa Qəmbərin və AXCP sədri Əli Kərimlinin namizədliyi müzakirə olunurdu. Gözlənilmədən Əli Kərimli prezidentliyə namizəd olmayacağını bəyan etdi, avtomatik olaraq peşəkar mediada və sosial şəbəkədə İsa Qəmbərə qarşı “qara piar” kampaniyası başladıldı. Cəbhəçi fəallar və onlara qoşulanlar Müsavat liderini şantaj edirdilər ki, o da prezidentliyə namizəd olmasın, vahid namizəd kimi “Milyarderlər İttifaqı”nın irəli sürdüyü namizəd dəstəklənsin. Bu şantaj kampaniyası öz nəticəsini verdi, “ İbrahimbəyov, İbrahimbəyov!” şüarı səslənməyə başlandı. Açıq sezilirdi ki, müxalifətin Əli Kərimli qolu “Milyarderlər İttifaqı” ilə anlaşıb.

Daha sonra yazıçı-ssenarist Rüstəm İbrahimbəyovun Azərbaycan vətəndaşı olmadığı, Bakıya gəlməkdən çəkindiyi üçün prezidentliyə namizəd olmayacağı gerçəyi üzə çıxdı və “milli şura” və birləşmiş müxalifət Cəmil Həsənlinin namizədliyini irəli sürərək onu dəstəkləməyə məcbur oldu.

Qeyd edək ki, Azərbaycandakı “beşinci kolon”a rəhbərlik edən Ramiz Mehdiyev xarici və daxili oyunçuları koordinasiya edən rezident rolunda çıxış edir, ziyankar ünsürlərlə gizli təmasda olurdu. Siyasətin əlifbasını belə bilməyən iş adamı Adnan Əhmədzadənin də son illər bu işə bağlanması “söyüş müxalifəti”ni maliyyələşdirmək məqsədi güdürdü. Pula şirnikən bir neçə “ağzıəyri” hakimiyyətdəkiləri leksikonumuzda olmayan ifadələrlə təhqir etməkdən, hökumətin siyasətini sərt tənqid etməkdən çəkinmirdilər. Bununla onlar vətəndaş itaətsizliyi yaratmaq, iqtidardakıları gözdən salmaq niyyəti güdürdülər. Danışıqlarından hiss olunurdu ki, tərbiyəsiz küçə adamlarını kimsə yaxşı maliyyələşdirir. Anlaşılırdı ki, heç bir yerdə işləməyən bu şəxslər xarici ölkələrdə kefcil həyat şəraiti ilə təmin olunublar.  Fikir verirsinizmi, Adnan Əhmədzadə həbs olunandan az sonra küçə təbliğatçıları susublar, vəsait çatışmazlığına görə şər-böhtan kanallarını bağlamağa məcbur qalıblar. Deməli, Ramiz Mehdiyev-Əli Həsənov-Əli Kərimli triosunun təşkil etdiyi pul mənbələrindən yalnız birinin kəsilməsi ilə xəyanətkarlar sürətlə sıradan çıxır. O da məlum olacaq ki, Prezident Adminstrasıında, nazirliklərdə, komitələrdə, gedən söhbətləri ertəsi gün xaricdəki “pul müxalifətinə” kim və ya kimlər ötürürmüş.  

Hamının ürəyindən keçən odur ki, bu torpağın varından yetərincə bəhrələnib firavan həyat sürən parazitlər, sonra nankorluq edərək onu yadlara satanlar layiqli cəzalarını alsınlar. Murdarlanmış cəmiyyət təmizlənsin, bu xalq yaxasını xainlərdən qurtarsın. Xəyanətkarlar və agentlər nədən can qurtarsalar da xalqın qəzəbindən yayına bilməzlər. Çünki Türkün qanununda torpağı və mənsub olduğu xalqı satmaqdan dəhşətli cinayət yoxdur və cəzası ağırdır.

Vəli İlyasov, “İki sahil”