27 noyabr 2025 23:36
83

ƏCƏMİ NAXÇIVANİ MEMARLIĞINDA TƏBİƏTİN SÜKUT DİLİ

Əcəmi Naxçıvani sadəcə memar deyil, daşla kainatın dilini danışan bir filosof olmuşdur. Onun əsərlərində torpağın sabitliyi, suyun axıcılığı, havanın şəffaflığı və odun işığı bir araya gələrək ruhani bir bütövlük yaradır. Əcəminin inşa etdiyi tikililər yalnız ibadət və ya xatirə məkanı deyil, təbiətin dörd ünsürünün – torpağın, havanın (yelin), suyun və odun (atəşin) sükutla səsləndiyi bir kainat modelidir. Dahi memarın hər bir əsəri torpaqla söhbətdən doğmuşdur. Əcəmi abidələrini bəzəyən dördbucaqlı ornamentlər (kvadratlar, kublar, düzbucaqlılar), dördguşəli ulduzlar, dörd medalyon, svastika elementləri, dördləçəkli çiçəklər sanki təbiətin dilini danışır, torpağın sabitliyini, yelin azadlığını, suyun axıcılığını və odun həyatverici istiliyini daşda əbədiləşdirir. Daşın yaddaşında bu bəzək elementləri sayəsində sanki kainatın dörd səsi səslənir.

Əcəminin memarlığında torpaq sadəcə bünövrə deyil, varlığın başlanğıcıdır. Onun abidələrinin hər daşı torpağın yaddaşından yoğrulmuş, min illərin sükutunu içində saxlamışdır. Torpaq burada həm yaradılışın, həm də dönüşün rəmzidir. Torpaq insanın gəldiyi və yenidən qovuşacağı məkandır. Əcəminin şah əsəri sayılan Möminə Xatun türbəsinin möhkəm dayaqları torpağın sabitliyini, gücünü, sakit, amma dərin nəfəsini hiss etdirir. Dahi memar sanki daşla torpağın sirrini birləşdirərək, hər tikilidə insanla təbiət arasında görünməz bir bağ qurmuşdur. Onun memarlığında torpaq səssiz danışır. Bu səsdə bütöv bir kainatın harmoniyası eşidilir. Əcəmi memarlığında torpaq həm maddi başlanğıc, həm də mənəvi sabitlik rəmzi olmuşdur.

Əcəmi Naxçıvani yaradıcılığında suyun simvolu dekorativ elementlərdə və yazı ornamentlərində axıcılıq şəklində hiss olunur. İslimi, yəni arabeska adlanan nəbati ornamentlər sanki suyun öz ritmini daşıyır, axan bulaq kimi canlı, təzələyici və həyat verici bir enerjini daşın sinəsində canlandırır. Əcəmi abidələrini bəzəyən meandr ornamentləri sanki dalğalanan su kimi hərəkət edir. Daş üzərində axan “S” şəkilli xətlər həyatın sonsuz axarını, suyun əbədi dövranını xatırladır. Möminə Xatun türbəsinin incə sütuncuqları üzərindəki su damcısı formalı naxışlar sanki daşın üzərinə hopmuş dua kimidir. Bu bəzək elementləri həyatın başlanğıcını, təbiətin tükənməz nəfəsini xatırladır. Ümumiyyətlə, Əcəminin memarlıq kompozisiyasında su həm ruhani təmizlənmənin, həm də əbədiyyətin nişanəsidir. Bu, İslam memarlığının ruhunda olan “can verən ünsür” kimi interpretasiya edilir.

Əcəminin tikililərində hava sadəcə boşluq deyil, mənəvi nəfəs, ruhun görünməz hərəkətidir. Məkanın içində hərəkət edən hava axınları Əcəminin memarlıq fəlsəfəsində ilahi nurun təcəllası kimi təqdim olunur. Bu memarlıq abidələrində dolaşan hava axını sanki zamanın öz nəfəsini daşıyır. Günəş işığı daşın sinəsində açılmış işıq yollarından süzülərək bu nəfəsə qarışır, məkanı ilahi bir şəffaflığa, nura bürüyür. Hava burada həm maddi, həm də mənəvi təmizliyin rəmzidir. Bu ünsür insanın iç dünyasını aydınladan, ruhunu yüngülləşdirən bir qüvvə kimi duyulur. Əcəmi elə bir harmoniya yaratmışdır ki, hava onun inşa etdiyi memarlıq abidələrinin içində sükutla hərəkət edir. Amma bu sükutda kainatla insan arasında qurulan görünməz bir bağın duası var. Onun memarlığında hava azadlığın, nurun və ilahi nəfəsin təcəssümüdür. Memarın inşa etdiyi Atabəylər məscidinin (Cümə məscidinin) içərisinin boş olması həm ruhdakı boşluğu, həm də ruhun mövcudluğunu ifadə etmişdir.

Əcəmi memarlığında od yalnız işıq deyil, ruhun alovudur. Günəşin daşa toxunduğu hər dəqiqə bu alovun titrəyişini, həyatın dirçəlişini göstərir. Əcəmi üçün od yandıran deyil, dirildən ünsürdür. Dahi memarın əsərləri üzərindəki dairə ornamentləri günəşi təsvir edir. Günəş işığının daş ornamentlərdə yaratdığı parıltılar isə odu simvolizə edir. Od burada həm istilik, həm enerji, həm də ilahi yaradıcılığın simvoludur. O, materiyanı işıqla ruhlandırır, daşdan ilahi bir alov doğurur. Dairə ornamenti sanki odun rəqsini daşa köçürür, parıltısı ilə məkanı canlandırır, ruhu yandırır, sükutu işıqla doldurur. Əcəmi, daşda odu məskunlaşdıraraq, onu sadəcə gözə görünən bir element kimi deyil, hiss edilən, duyulan və yaşanan bir varlıq kimi təqdim edir. Onun memarlığında od kainatın ilahi alovu, yaradılışın enerjisi və insan ruhunun içində yanan sonsuz ilhamdır.

Əcəmi Naxçıvani memarlığı yalnız daşdan tikilmiş abidələrdən ibarət deyil, dörd ünsürün harmonik ahəngdə danışdığı bir kainatdır. Əcəmi Naxçıvani təbiətin dörd ünsürünü insan ruhunun dörd halı kimi təqdim edir. Onun memarlığında torpaq sabitlik və möhkəmlik, su axıcılıq və həyatvericilik, hava səffaflıq və azadlıq, od isə enerji və yaradıcılıq gücüdür. Bu dörd ünsür birlikdə Əcəminin memarlıq fəlsəfəsini formalaşdırır. Onlar bir-birinə qarışaraq Əcəmi əsərlərini təkcə bəzəmir, həm də bu abidələrə canlı bir varlıq kimi nəfəs aldırır, insanla kainat arasında görünməz bir dialoq yaradır. Təbiətin bu dörd ünsürü ilahi nizamın daşdakı təsviridir. Biz Əcəmi memarlığına baxanda təkcə daş görmürük, torpağın dərin nəfəsini, suyun axınını, havanın sükutunu, odun parıltısını hiss edirik. Və o zaman anlayırıq ki, bu abidələr sadəcə tarix deyil, kainatın memarlıq dilidir. Əcəmi abidələrinin hər detalı təbiətin sükut dilini danışır, insan ruhunu dərin bir meditasiya içərisinə çəkir. Əcəmi Naxçıvani sadəcə bir memar deyil, təbiətin və insan ruhunun əbədi vəhdətini daşda yazan bir filosofdur. Bu monumental şəxsiyyətin abidələri yalnız tarixi miras deyil. Onlar təbiətin dörd ünsürünü insan təcrübəsi ilə birləşdirən, ruhu oyandıran və hər baxışda yeni bir anlam kəşf etdiyimiz əbədilik simvoludur. Bu memarlıq dili bizə xatırladır ki, kainatın hər elementi bir-biri ilə bağlıdır və insan onun içində həm müşahidəçi, həm də iştirakçıdır.

Brilyant Cəfərli,
AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Memarlıq, şəhərsalma və abidələrin bərpası şöbəsinin elmi işçisi