28 noyabr 2025 00:58
82

İki qardaş ölkənin beyin mərkəzləri bir arada

Noyabrın 24-də Şuşa şəhərində Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) və Türkiyədə fəaliyyət göstərən Strateji Araşdırmalar Mərkəzinin təşkilatçılığı ilə Azərbaycan–Türkiyə Beyin Mərkəzlərinin Birinci Forumu keçirilib. Forumda iki ölkənin aparıcı analitik qurumlarının rəhbərləri, ekspertlər və elm adamları iştirak ediblər.

Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin sədri Araz Aslanlı mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında bildirdi ki, belə bir tədbirin təşkili çoxdan gündəmdə idi: “Beyin mərkəzlərini bir araya gətirən Forumun Şuşada keçirilməsi həm rəmzi, həm də siyasi əhəmiyyət daşıyır. Unutmayaq ki, 15 iyun 2021-ci ildə məhz bu şəhərdə Azərbaycan və Türkiyə arasında müttəfiqlik haqqında Bəyannamə imzalanıb. Bu Bəyannamə ilə Azərbaycanla Türkiyə arasında müttəfiqlik daha da genişləndirilib. İki ölkənin formalaşan strateji müttəfiqlik münasibətləri regionda gedən proseslərin daha səmərəli idarə olunmasına imkan verir. Bu Forumda keçirilən müzakirələrdə bir daha Azərbaycan - Türkiyə strateji müttəfiqliyinin regionda formalaşan yeni reallıqlar fonunda konstruktiv rolunun daha da gücləndirilməsinin vacibliyi diqqətə çatdırıldı. Onu da deyim ki, müzakirələr həm açıq, həm də qapalı formatlarda keçirildi”.

Həmin tədbirin iştirakçısı olan A. Aslanlı vurğuladı ki, bütün bunlar dərin təhlillər tələb edir: “Elə bu səbəbdən iki ölkənin beyin mərkəzlərinin nümayəndələrinin iştirakı ilə bir sıra əsas istiqamətlər üzrə mövcud vəziyyət və perspektivlər müzakirə olundu. Məsələn, bildirildi ki, artıq Azərbaycan Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşünün tamhüquqlu iştirakçısı olub. Bu da Türk dünyasının, həmçinin Türkiyənin bu regiondakı maraqları ilə tam uzlaşır. Digər məsələlər kimi, Ermənistanla, Zəngəzur dəhlizi, Transxəzər marşrutu ilə bağlı proseslərdə iki ölkənin paralel şəkildə addımlar atıldığı qeyd olundu”.

Müsahibimiz daha sonra bildirdi ki, Türk dünyasında inteqrasiya proseslərinin yeni mərhələyə keçməsi üçün prioritet istiqamətlər və əlaqələrin gücləndirilməsi də gündəmə gətirildi: “Müzakirələrdə iki ölkənin regional təhlükəsizlik, xarici siyasət strategiyaları və əməkdaşlıq imkanları dərindən təhlil edildi. Cənubi Qafqazda dayanıqlı sülhün bərpa olunması imkanları, potensialı, onun reallaşdırma yolları göstərildi. Mənim şəxsi qənaətimə görə, Şuşa Forumu göstərdi ki, Azərbaycan və Türkiyə artıq regionda prosesləri izləyən deyil, onları istiqamətləndirən aktorlar kimi çıxış etdilər.

Onu da deyim ki, bu Forumda Azərbaycan və Türkiyənin analitik qurumlarının eyni regional prioritetlərə malik olduğu, xarici siyasət, təhlükəsizlik, enerji və nəqliyyat məsələlərində oxşar strateji yanaşmalar ortaya qoyduqları bir daha özünü göstərdi. Odur ki, tədbirin yekununda iki ölkənin beyin mərkəzləri arasında elmi-analitik əməkdaşlığın genişləndirilməsi, ortaq tədqiqat layihələrinin həyata keçirilməsi, birgə strateji hesabatların hazırlanması və belə forumların mütəmadi keçirilməsi qərara alındı. Düşünürəm ki, bu platformanı daha da gücləndirməli, əməkdaşlığımız daha açıq şəkildə davam etdirilməlidir”.

Müsahibimizin fikrincə, Azərbaycan–Türkiyə Beyin Mərkəzlərinin Birinci Forumu iki ölkənin beyin mərkəzlərinin gələcək strateji təşəbbüslərin koordinasiyası baxımından böyük əhəmiyyət kəsb edəcək. Bu Forum həm də Azərbaycan və Türkiyə arasında strateji tərəfdaşlığın dərinləşməsinə və regional əməkdaşlığın möhkəmlənməsinə böyük rol oynayacaq. Yeri gəlmişkən, bu ilin sentyabr ayında AQEM-in (Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə) Beyin Mərkəzləri Forumunun 13-cü sessiyasının iştirakçılarına Prezident İlham Əliyevin müraciətində deyildiyi kimi, müasir dünyada beyin mərkəzlərinin dövlətlərin və cəmiyyətlərin inkişafında rolu olduqca böyükdür: “Onların müxtəlif sahələrdə apardığı araşdırmalar qlobal çağırışların - təhlükəsizlik, iqtisadiyyat, texnologiya və ekoloji problemlərin həlli üçün mühüm zəmin yaradır. Bununla da beyin mərkəzləri həm milli, həm də beynəlxalq səviyyədə qərarların daha səmərəli və düzgün qəbuluna öz töhfələrini verirlər”.

Qvami Məhəbbətoğlu, “İki sahil”