19 noyabr 2025 02:16
114

Türkoloji Qurultay: Tarixi missiya və milli kimliyin dirçəldilməsi

Prezident İlham Əliyevin “Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamı bu toplantının tarixi əhəmiyyətini yenidən gündəmə gətirir

Türk xalqlarının mədəni inteqrasiyasında xüsusi və mühüm bir mərhələnin əsasını qoymuş bu möhtəşəm Qurultay ilk növbədə geniş vüsəti və böyük bir coğrafi məkanda yaşayan çoxsaylı türk xalqları üçün bir sıra taleyüklü məsələlərin qoyuluşu, işlənib hazırlanması və ardıcıl şəkildə gerçəkləşdirilməsi baxımından müstəsna əhəmiyyət daşıyır. Belə ki, məhz bu mötəbər məclisdə keçmiş Sovetlər Birliyi məkanında yaşayan türk xalqlarının tarixi, ədəbiyyatı, dili, əlifbası, etnoqrafiyası və mədəniyyəti ilə bağlı yaxın gələcək üçün düşünülmüş bir sıra mühüm və əhəmiyyətli qərarlar qəbul edilib, latın qrafikalı əlifbaya keçidin elmi-metodik prinsipləri ətraflı şəkildə işlənib hazırlanıb. I Türkoloji Qurultayın Bakıda keçirilməsi tamamilə qanunauyğun idi. Çünki həmin dövrdə bir sıra sahələrdə olduğu kimi, türkologiya elmində də Azərbaycan öndə gedirdi, birinci idi. Ölkədə bu istiqamətdə tanınmış və nüfuzlu söz sahibləri, elm adamları çoxdan bəri səmərəli fəaliyyət göstərirdi. Təsadüfi deyil ki, keçən əsrin 70-ci illərində də nüfuzlu “Sovetskaya Türkologiya” jurnalı məhz Bakıda nəşr edilməyə başladı. Bu fakt Azərbaycanın və onun paytaxtı Bakı şəhərinin postsovet məkanında türkologiyanın mərkəzi kimi məşhurluğunun və təsdiqinin ifadəsidir. Onu da qeyd etmək yerinə düşər ki, sözügedən jurnal hazırda da “Türkologiya” adı ilə Bakıda öz işini uğurla davam etdirir.

I Bakı Türkoloji Qurultayın nə dərəcədə möhtəsəm və mötəbər bir tədbir kimi tarixi əhəmiyyət daşıması haqqında əyani təsəvvür əldə etmək üçün aşağıdakı faktlara diqqət yetirək: Qurultayda 131 nəfər nümayəndə iştirak etmiş, 17 iclas keçirilmiş, türklərin, bütövlükdə Türk Dünyasının dili və tarixinə, etnogenezisi və etnoqrafiyasına, ədəbiyyat və mədəniyyətinə dair 38 məruzə dinlənilmişdi. Qeyd edək ki, Qurultay məşhur türkoloq Radlovun və İsmayıl bəy Qaspıralının şərəfinə keçirilib. Qurultayda V.Bartold, F.Köprülüzadə, Ə.Hüseynzadə, A.Krımski, N.Poppe, N.Aşmarin kimi tanınmış türkoloq-şərqşünas alimlərin iştirakı da onun böyük əhəmiyyəti və mötəbərliyindən xəbər verirdi. Qurultayda olan məruzələr sırasında aşağıdakılar xüsusilə diqqətçəkicidir: V.V.Bartold “Türk xalqlarının tarixinin müasir vəziyyəti və öyrənilməsinin yaxın vəzifələri”, S.F.Oldenburq “Türk xalqları arasında ölkəşünaslıq işlərinin metodları”, A.A.Müller “Türk xalqlarının təsviri sənəti haqqında”, F.Köprülüzadə “Türk xalqlarının ədəbi dillərinin inkişafı”, A.N.Samoyloviç “Türk dillərinin öyrənilməsinin müasir vəziyyəti və yaxın vəzifələri”, B.Çobanzadə “Türk ləhcələrinin yaxın qohumluğu haqqında”, C.Məmmədzadə “Türk xalqlarının əlifba sistemləri haqqında”, Kemanov “Türk dillərinin tədrisi metodikasının əsasları”, N.Poppe “Türk dillərinin altay dillərinin qarşılıqlı qohumluğu məsələsinin tarixi və müasir vəziyyəti” və s.

I Bakı Türkoloji Qurultayında türk dillərinin aşağıdakı yeddi böyük problemi müzakirə obyekti oldu və müvafiq qərarlara imza atıldı: 1. Əlifba məsələsi; 2. İmla-orfoqrafiya problemi; 3. Termin məsələsi; 4. Tədris-metodika məsələsi; 5. Qohum və qonşu dillərin qarşılıqlı əlaqəsi və interferensiya problemləri; 6. Türk dillərinin ədəbi dil problemləri, o cümlədən, ortaq ədəbi dil məsələsi; 7. Ulu dil nəzəriyyəsi və türk dillərinin tarixi problemləri. Məlum olduğu kimi, Yaxın Şərqdə əlifba islahatı məsələsi ilk növbədə görkəmli Azərbaycan mütəfəkkiri, böyük maarifçi Mirzə Fətəli Axundzadənin adı ilə bağlıdır. İsmayıl bəy Qaspıralı, Üzeyir bəy Hacıbəyli, Cəlil Məmmədquluzadə, Məmmədağa Şahtaxtılı, Firidun bəy Köçərli, Vəli Xuluflu da bu yöndə səmərəli fəaliyyət göstərmişlər. Onu da qeyd edək ki, Azərbaycanda hələ Qurultaydan öncə - 1922-ci ildə Cəlil Məmmədquluzadənin rəhbərliyi altında “Yeni yol” qəzeti latın əlifbası ilə nəşr olunurdu. Eləcə də həmin il “Yeni türk əlifbası” komitəsi yaradılaraq ona Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin sədri Səməd Ağamalıoğlu rəhbərlik edirdi. Hətta 20 oktyabr 1923-cü ildə Azərbaycan hökuməti Yeni türk əlifbasının dövlət əlifbası kimi qəbul edilməsi adlı qərar da çıxarmışdı.Bununla belə, Azərbaycanda, bütünlüklə latın əlifbasına keçid məsələsi bir neçə il sonra gerçəkləşdi.

Azərbaycan XX əsrdə ikinci dəfə öz dövlət müstəqilliyini bərpa etdikdən sonra I Bakı Türkoloji Qurultaya dövlət səviyyəsində hüquqi qiymət verildi və 2005-ci ilin noyabr ayının 5-də Prezident İlham Əliyev həmin tarixi hadisənin 80 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzaladı. Həmin Sərəncama uyğun olaraq 2006-cı ildə Bakıda I Türkoloji Qurultayın 80 illik yubileyinə həsr olunmuş Beynəlxalq konfrans keçirildi. Prezident İlham Əliyevin 18 fevral 2016-cı il tarixli "Birinci Türkoloji Qurultayın 90 illik yubileyinin keçirilməsi haqqında" Sərəncamına əsasən, Azərbaycanda Birinci Türkoloji Qurultayın 90 illik yubileyi baş tutdu, bu da türkologiya sahəsində görkəmli alimlərin xidmətlərini qeyd etmək və türkoloji elmin inkişafına töhfə vermək məqsədi daşıyırdı. Təsadüfi deyil ki, Qurultayın 100 il öncə təqdim etdiyi ideyalar bu gün Türk Dövlətləri Təşkilatının (TDT) timsalında gerçəkləşməkdədir. Belə ki, Qurultayın ortaq əlifbaya keçidlə bağlı ideyaları 2024-cü ildə Türk Dövlətləri Təşkilatı tərəfindən yaradılan Türk Dünyası Ortaq Əlifba Komissiyasının iclasında qəbul olunub. Prezident İlham Əliyev Türk dünyasını bizim ailəmiz adlandırdırır, Azərbaycanın Türk Dövlətləri Təşkilatına üzv ölkə kimi Türk dünyasında qərarların qəbulunda, birliyin, həmrəyliyin möhkəmlənməsində mühüm rol oynadığını daim vurğulayır. Bu ideoloji xəttin müasir mərhələdə davamı kimi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 22 oktyabr 2025-ci il tarixli Sərəncamı xüsusi əhəmiyyət kəsb edir. Dövlət başçısının Bakıda keçirilmiş I Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsi haqqında Sərəncamı təkcə tarixi hadisənin qeyd olunması deyil, həm də türk xalqlarının ortaq köklərinə, mənəvi birliyinə və milli yaddaşına verilən dərin dəyərin göstəricisidir.

Hər bir yubiley, kimə və ya hansı hadisəyə həsr olunmasından asılı olmayaraq, mahiyyət etibarilə yaddaşın təzələnməsi, oyanması ilə əlamətdardır. Lakin elə yubileylər var ki, xalqın, millətin və ümumən mənsub olduğu etnosun tarixi taleyi ilə fövqəladə dərəcədə bağlı olur. Türkoloji Qurultayın 100 illiyinin qeyd olunması haqqında Prezident İlham Əliyevin Sərəncamı da məhz bu qəbildəndir. O, milli yaddaşın unudulmaz, qapanmaz və əbədi yaşayacaq səhifəsini bir əsrdən sonra yenidən açdı. Açdı ki, millətin övladları bu tarixi öyrənsin, yadda saxlasın və Azərbaycan xalqının, eləcə də bütün Türk dünyasının gələcək yolunun hansı hədəfə doğru yönəldiyini heç vaxt unutmasın.

Sevinc Azadi, “İki sahil”