Mərkəzi Asiya regionu son illər geosiyasi və geoiqtisadi baxımdan qlobal güc mərkəzlərindən birinə çevrilərək Avrasiyanın siyasi arxitekturasında mühüm yer tutmağa başlayıb. Bu fonda Prezident İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) verdiyi müsahibəsi həm Azərbaycan–Özbəkistan strateji əməkdaşlığının konturlarını, həm də türk dünyasının gələcək inteqrasiya xəritəsini müəyyən edən prinsipial mesajlarla diqqəti çəkdi. Dövlət başçısı müsahibədə bir daha vurğuladı ki, Azərbaycan ilə Özbəkistan arasındakı münasibətlər yalnız diplomatik əlaqələrlə məhdudlaşmır, əksinə ortaq tarixə, mədəni kimliyə, türk kimliyi və qardaşlıq hissinə söykənən dərin strateji təməllər üzərində qurulub. Müsahibə, əslində, regionda yeni geosiyasi konfiqurasiyanın formalaşdığını nümayiş etdirir və Azərbaycanın Mərkəzi Asiya ilə inteqrasiyasının strateji əsaslarını üzə çıxarır.
Prezident İlham Əliyevin müsahibədə və Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündəki çıxışında vurğuladığı əsas məqamlardan biri, ölkələrimizin təkcə coğrafi deyil, həm də tarixi-mədəni, dini və mənəvi yaxınlıq üzərində birləşməsidir. Xəzər dənizi bu coğrafi ayrılığı deyil, əksinə birləşdirici rolu ilə regionu vahid inteqrasiya mərkəzinə çevirir. Ölkələr arasında müttəfiqlik münasibətləri son illər misilsiz şəkildə güclənib, ikitərəfli səfərlərin intensivliyi yeni siyasi mədəniyyətin formalaşmasına təkan verib. Son üç ildə Prezident İlham Əliyevin Mərkəzi Asiya ölkələrinə 14 səfəri, həmin ölkələrin liderlərinin isə Azərbaycana 23 səfərinin reallaşması bu əməkdaşlığın sistemli xarakter aldığını sübut edir. Dövlət başçıları arasında səmimi siyasi dialoq, şəxsi etimad mühiti və ortaq inkişaf vizyonu regionun gələcəyini müəyyən edən əsas faktorlardandır.
İqtisadi əməkdaşlıq sahəsində də son dövrlər rekord göstəricilər əldə olunub. Prezident İlham Əliyevin müsahibəsində qeyd etdiyi kimi, Azərbaycan və Özbəkistan arasında ticarət dövriyyəsi sürətlə artır: 2025-ci ilin ilk 9 ayında 319 milyon dollara yüksələn dövriyyə münasibətlərin real iqtisadi məzmun daşıdığını göstərir. Ümumi kapitalı 500 milyon dollar olan Azərbaycan–Özbəkistan İnvestisiya Şirkətinin yaradılması isə gələcək sənaye və istehsal layihələrinin əsasını qoyur. Nəqliyyat sahəsində əməkdaşlıq, xüsusilə Orta Dəhlizin inkişafı, Bakı-Tbilisi-Qars dəmir yolunun modernləşdirilməsi və Ələt limanının gücünün artırılması regionu Avrasiyanın mühüm logistika mərkəzinə çevirir. Dövlət başçısının vurğuladığı kimi, Zəngəzur dəhlizinin açılması bütün Mərkəzi Asiya üçün strateji əhəmiyyət daşıyır və region ölkələrinin qlobal bazarlara çıxış imkanlarını genişləndirir.
Humanitar, mədəni və mənəvi əməkdaşlıq sahəsində əldə olunan nəticələr də münasibətlərin qardaşlıq xarakterini təsdiqləyir. Özbəkistanın Qarabağın bərpasında göstərdiyi qardaşlıq dəstəyi bu münasibətlərin ən parlaq nümunələrindəndir. Füzulidə Mirzə Uluqbəy adına məktəbin inşası, Ağdamda Manas məktəbinin fəaliyyətə başlaması, Türkmənistanın Füzulidə məscid tikintisinə başlaması türk dünyasının həmrəylik ruhunu əks etdirir. Prezident İlham Əliyevin Daşkənddə İslam Sivilizasiyası Mərkəzini ziyarəti zamanı səsləndirdiyi fikirlər bu həmrəyliyin həm dini, həm də mədəni sahədə daha da güclənəcəyini göstərir. İslam Sivilizasiyası Mərkəzi həm islamofobiya meyllərinə qarşı cavab, həm də İslam dünyasının elmə, mədəniyyətə verdiyi tarixi töhfələrin nümayiş etdirildiyi mühüm platformaya çevrilir.
Bütün bu proseslərin məntiqi nəticəsi kimi, Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşünə tamhüquqlu üzv qismində qəbul edilməsi regionda yeni siyasi mərhələnin başlanğıcını qoydu. Bu qərar Azərbaycanla Mərkəzi Asiya arasında vahid geosiyasi və geoiqtisadi məkanın formalaşdığını təsdiqləyir və münasibətlərin institusional səviyyədə möhkəmləndirilməsinə xidmət edir. Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin sözləri ilə desək, “Mərkəzi Asiya artıq beş ölkə deyil, Azərbaycan da bu ailənin tam hüquqlu üzvüdür”. Bu tarixi qərar nəqliyyat, enerji, tranzit, investisiya və təhlükəsizlik məsələlərində yeni əməkdaşlıq imkanları açır, regionun qlobal siyasətdə daha güclü aktora çevrilməsinə zəmin yaradır. Nəticə olaraq, Prezident İlham Əliyevin qətiyyətli, uzaqgörən və inteqrativ siyasəti Azərbaycanı həm Türk dünyasında, həm də Avrasiyada əsas strateji oyunçulardan birinə çevirib və regionun gələcək siyasi-iqtisadi arxitekturasının formalaşmasında həlledici rol oynamaqdadır.
Təvəkkül Əliyev,
YAP Şuşa rayon təşkilatının sədri