44 günlük haqq savaşımız tariximizin ən şanlı səhifəsidir. Qeyrətli Vətən övladları öz qanı bahasına 30 il düşmənə əsir düşən Qarabağımızı azad etdilər. Bu müqəddəs, şərəfli yolda şücaət göstərib şəhidlik zirvəsinə ucalan oğullardan biri də Lənkəran rayonu, Yuxarı Nüvədi kəndində boya-başa çatan şəhid baş leytenant Vüsal Kazımovdur. Ölümsüzlüyə qovuşan Lənkəranın igid oğlu dövlət tərəfindən 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, "Vətən uğrunda", "İgidliyə görə" və digər medallarla təltif edilib.
Qazanılan möhtəşəm qələbəmizin qəhrəmanlıq simvoluna çevrilən Vüsal Kazımov heç vaxt unudulmur. Kiçik də, böyük də onun xatirəsini əziz tutmağı özünə müqəddəs borc sayır.
İki ali təhsil almış Vüsal Kazımov Lənkəran Uşaq Gənclər İdman Məktəbinin direktoru vəzifəsində çalışmışdır. Bu günlər Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin rəisi Teymur Babazadə, idarə əməkdaşları və bir qrup idmançı məşqçi-müəllim qəhrəman Vətən sevdalısının ailəsini ziyarət ediblər.
T. Babazadə şəhidin valideynləri və ailə üzvləri ilə söhbət zamanı ölkəmizin qazandığı tarixi qələbədə Vüsal kimi qeyrətli oğulların müstəsna payı olduğunu deyib və buna görə də bir daha onu boya-başa çatdıran ata-anaya öz dərin minnətdarlığını bildirib.
Həmçinin qeyd edilib ki, bundan sonra da regionda olan idmançı yeniyetmə və gənclər canını Vətəninə fəda edən bütün şəhidlərin, o cümlədən də Vüsal Kazımovun rəşadətini heç vaxt unutmayacaq, onun qəhrəmanlıqla dolu həyat yolu hər zaman örnək olaraq nümunə göstərilər.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Azərbaycanla Özbəkistan arasında ticarət dövriyyəsi 1 milyard dollara çatdırılacaq