17 noyabr 2025 08:14
92

Ağdam - dünən və bu gün

Ağdam rayonu Azərbaycanın qədim, füsunkar təbiətli torpağı olan Qarabağın mərkəzində – Qarabağ dağ silsiləsinin şimal-şərq ətəklərində, Kür-Araz ovalığının qərbində yerləşir. Gözəl Qarabağın ürəyi sayılan Ağdamın qədim tarixi abidələri minillik keşməkeşli illərdən keçərək bu günə qədər gəlib çatmışdır. Rayonun ərazisində XX əsrin 50-ci illərindən başlayaraq aparılan arxeoloji tədqiqat işləri zamanı məlum olmuşdur ki, Ağdamın ərazisi qədim insanların yaşayış məskənlərindən biridir. Tanınmış arxeoloq İdeal Nərimanovun Üçoğlantəpə deyilən yerdə apardığı arxeoloji tədqiqatlar zamanı aydın oldu ki, ilk qədim insanlar rayon ərazisində altı-səkkiz min il bundan əvvəl, yəni, Eneolit dövründə (e.ə. IV-VI minilliyi əhatə edir, “misdaş” dövrü adlanır) yaşamış, qədim əkinçilik və maldarlıq mədəniyyətinə bələd olmuşlar.

23 iyul 1993-cü ildə Ağdam Ermənistan tərəfindən işğal olundu. Bu tarixdən etibarən şəhərdə həyat dayanmışdı. Dünənə qədər al-verlə dolu bazarlar, toy şənlikləri, məktəb həyətlərindəki gülüş səsləri indi yalnız xatirələrdə yaşayırdı. Dağıdılmış evlər, sökülmüş divarlar, viran olmuş küçələri olan Ağdam sanki nəfəsi kəsilmiş bir şəhəri xatırladırdı. Hər addımda bir zamanlar yaşamış insanların izi, bir vaxtlar gülən gözlərin xatirəsi qalmışdı. Ağdamı Qafqazın Xirosiması da adlandırmaq olar.

2020-ci ilin 20 noyabrında Ağdam torpağı yenidən öz sahiblərinə qovuşdu,erməni işğalçılarından təmizləndi.30 ilə yaxın işğal dövründə erməni vəhşiləri Ağdamı xaraba qoymuşdular.İşğaldan əvvəlki Ağdamdan heç bir əsər-əlamət yox idi.Bu gün Ağdamda yenidən həyat başlayır. Uçmuş divarların yerində yeni binalar yüksəlir, səssizliyin yerini tikinti səsləri, ümid dolu addımlar əvəz edir. Bir vaxtlar dağıdılmış bu şəhər indi yenidən dirçəlir - daha möhkəm, daha işıqlı və daha ümidli şəkildə.23 noyabr 2020-ci il tatixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev işğaldan azad olunmuş Ağdama ilk səfəri zamanı Ağdam şəhərində Azərbaycan Dövlət Bayrağını ucaltdı və dağıdılmış Ağdam Cümə məscidini ziyarət etdi.

Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyev azad olunmuş Ağdama dəfələrlə səfər etmişdir.

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.  Zəngilan rayonunun Məmmədbəyli və Ağdam rayonunun Xıdırlı kəndlərinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər. Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 50 mindən çox insan yaşayır.

Aydan Nəsibova,
YAP Xətai rayon təşkilatının"General Şıxlinski56/2"  ünvanı üzrə ərazi partiya təşkilatının üzvü