Bütün şəhərlərdə içməli su layihələri icra edilir. Kəndlərdə də içməli su ilə bağlı lazımi tədbirlər görülür, suvarma layihələri icra edilir, yeni su anbarlarının, su kanallarının tikintisi və suvarma ilə bağlı vəziyyət, ümumiyyətlə, müsbətə doğru dəyişir. Bütün digər infrastruktur layihələri, o cümlədən sosial infrastruktur layihələri icra edilir. Bir sözlə, Azərbaycanın bölgələrində bütün bu məsələlər öz həllini tapır. Hər bir şəhərdə müasir xəstəxana fəaliyyət göstərir və bütün bunlar, əlbəttə ki, həm böyük vəsait, həm də gündəlik diqqət tələb edir. Bu məsələlər dövlət xətti ilə, dövlət büdcəsi hesabına regionların sosial-iqtisadi inkişafı proqramlarının icrası nəticəsində həll etmişdir.
Prezident İlham Əliyev rəhbər vəzifələrə təyin olunan şəxslərə öz tapşırıqlarını verməklə yanaşı onlara öz tövsiyələrini də çatdırdı. Ölkə başçısı xüsusilə vurğuladı ki, vəzifəli şəxslər təvazökar olmalıdırlar. Həyatda, məişətdə özü, onun yaxın qohumları özlərini elə aparmalıdırlar ki, bizim ümumi işimizə heç bir irad tutulmasın. Əfsuslar olsun ki, bəzi hallarda məmurlar özlərini cəmiyyətdə düzgün apara bilmirlər, ifrat dərəcədə təkəbbürlülük göstərirlər, özlərini hamıdan üstün tutmağa çalışırlar və beləliklə, həm öz nüfuzlarını itirirlər, eyni zamanda, dövlətimizə, dövlətin siyasətinə də ləkə vurmuş olurlar.
Ölkə başçısı rəhbər vəzifələrə təyin olunan şəxslərə bildirdi ki, insanlara diqqət göstərmək, onların qayğıları ilə yaşamaq, daim onların arasında olmaq, bütün kəndləri bir-bir gəzib kəndlərdə insanlarla təmasda olmaq lazımdır.
Əlişah Rəcəbov,
YAP Ağdaş rayon təşkilatının sədri