14 noyabr 2025 02:58
188

Xalqa xidmət edin, xalqla bir yerdə olun - Prezidentin icra başçılarına tapşırığı

“Mən hər dəfə bölgələrə rəhbər vəzifələrə şəxsləri təyin edəndə verdiyim tapşırıqlar onlar üçün əsas iş prinsipləri olmalıdır - ilk növbədə, xalqa xidmət etmək, xalqla bir yerdə olmaq”. Bu sözləri Prezident İlham Əliyev noyabrın 12-də Naxçıvanda Prezidentin yeni səlahiyyətli nümayəndəsini və bir sıra rayonların icra hakimiyyətlərinə təyin olunan başçıları qəbul edərkən söyləyib. Dövlətimizin başçısı, həmçinin vurğulayıb ki, əfsuslar olsun ki, bəzi hallarda məmurlar özlərini cəmiyyətdə düzgün apara bilmirlər, ifrat dərəcədə təkəbbürlülük göstərirlər: “Bununla bərabər, bəzi hallarda korrupsiyaya, rüşvətxorluğa düçar olurlar. Azərbaycan ictimaiyyəti yaxşı bilir ki, əyri yola gedən hər bir dövlət məmuru nəticədə məhkəmə, qanun qarşısında cavab verməli olur və belə hallar əfsuslar olsun ki, bu gün də var. Ancaq o da cəmiyyət üçün tam aydındır ki, heç bir qanunsuz hərəkət nəticəsiz qalmayacaq”.

Yeni kadrların fonunda bunun bütün məmurlara aid olduğunu diqqətə çatdıran Prezident bir daha sərt xəbərdarlıq etdi ki, qanun qarşısında hamı bərabərdir, heç kim qanundan üstün ola bilməz.

Yeri gəlmişkən qeyd edək ki, indiyədək Prezidentin etimadını doğrultmayan bir sıra məmurlar - Balakən, İmişli, Biləsuvar, Neftçala, Cəlilabad, Şəmkir, Qax və digər rayonların sabiq icra başçıları öz cəzalarını çəkməkdədirlər. Onlar qulluq mövqeyindən istifadə etməklə xüsusilə külli miqdarda dövlət əmlakını mənimsəmə cinayətində ittiham olunublar. Dövlətimizin başçısı ölkəmizdəki vəziyyəti daha da sağlamlaşdırmaq məqsədi ilə   xoşagəlməz hallara qarşı mübarizənin bundan sonra da daha qətiyyətlə aparlıcağını, lazımi ölçilər götürüləcəyini bildirib.

Şübhəsiz, xalqın dərisini soyan, vətəndaşa pul kisəsi kimi baxan, mənəvi deqradasiyaya uğrayan, ölkəmizə, iqtidara ləkə olan, ancaq öz ciblərini güdərək qanunsuz varlanmaya üstünlük verən anormal düşüncəli rüşvətxor məmurların həbsi bir daha göstərir ki, Azərbaycan Prezidentinin siyasətinin əsas məzmununu xalqımızın rifahının təmin edilməsi, bütün sosial-iqtisadi və hüquqi münasibətlərdə şəffaflığın təmin olunması təşkil edir. Ümumiyyətlə, Prezident İlham Əliyev çıxışlarında hər bir dövlət qulluqçusunun davranışının cəmiyyət üçün nümunə olmasının əhəmiyyətinə toxunur, vətəndaşın problemlərinin həllində üzərinə düşən öhdəliklərin yüksək səviyyədə yerinə yetirilməsinin ölkənin hərtərəfli inkişafı baxımından zəruri amil olduğunu diqqətə çatdı­rır. Həmişə xəbərdar edir ki, məmurlar daim insanlarla təmasda olmalı, onların problemlərini həll etməyə çalışmalıdır­lar. Prezidentin çıxışından belə qənaətə gəlmək olur ki, korrupsiya ilə mübarizədə heç bir cinayət əməli cəzasız qalmayacaq və heç kimə qanundan yuxarıda dayanmağa imkan verilməyəcək.

Prezident, həmçinin bildirib ki, vaxtilə bizim bölgələrimizdə proseslərin mənfi istiqamətdə getməsinin səbəbi mərkəzi icra orqanlarındakı bəzi məmurların xoşagəlməz hərəkətləri və tapşırıqları olub. Dövlət başçımızın sözlərinə görə, artıq o məmurlardan əsər-əlamət qalmayıb. Belə ki, mərkəzi icra orqanlarında aparılan kadr islahatları nəticəsində vəziyyət yüksək dərəcədə sağlamlaşdırılıb: “Ona  görə mən tam əminəm ki, bundan sonra mərkəzdən sizə hansısa bir qanunsuz tapşırıq verilməyəcək”.

Prezident İlham Əliyev yeni icra hakimiyyəti başçıları ilə görüşündə onların qarşısına konkret vəzifələr də qoydu: ”İnsanlara diqqət göstərmək, onların qayğıları ilə yaşamaq, daim onların arasında olmaq lazımdır. Bütün kəndləri bir-bir gəzib orada - kəndlərdə insanlarla təmasda olmaq. Yəni, mənim tələblərim bundan ibarətdir. Hər təyinatda icra başçısı olsun, digər rəhbər şəxs olsun, mənim təlimatlarım bundan ibarətdir”. Dövlətimizin başçısı bununla həm də dövlət qulluqçusunun vətəndaşın problemlərinin həllində üzərinə düşən öhdəliklərin yüksək səviyyədə yerinə yetirilməsinin ölkənin hərtərəfli inkişafı baxımından zəruri amil olduğunu diqqətə çatdırdı.

Prezident İlham Əliyev çıxışında qeyd etdi ki, son illərdə dövlət büdcəsi hesabına regionların sosial-iqtisadi inkişafı proqramlarının icrası nəticəsində ölkənin infrastruktur siması tam dəyişib. Eyni zamanda, bölgələrdə insanları işlə təmin etmək üçün indi dövlət müxtəlif addımlar atır, müəssisələr yaradılır, sahibkarlara güzəştli kreditlər verilir, özünüməşğulluq proqramı uğurla icra edilir. Artıq on minlərlə insan bu proqramla əhatə olunub.  Buna rəğmən Prezident bir daha yerlərdəki rəhbərlərdən tələb edib ki, iş yerlərinin yaradılmasına çalışsınlar, iş adamlarına şərait yaratsınlar.

Bütün bunlar bir daha göstərir ki, dövlətimizinn ən məsul vəzifəsi xalq-iqtidar birliyini qorumaq və inkişaf etdirməkdir. Bu birliyin qorunması isə dövlətin daxili siyasətinin ana xəttini təşkil edir.

Qvami Məhəbbətoğlu, “İki sahil”