Suverenlik-bir dövlətin və ya xalqın daxili və xarici siyasətində tam müstəqil və sərbəst olması deməkdir.Bu anlayış,həm hüquqi,həm siyasi,həm mədəni mənada işlədilir. Hüquqi baxımdan,suverenlik o deməkdir ki,dövlətin qanunvericilik,icra və məhkəmə orqanları yalnız Konstitusiya və qanunlara tabe olur.
Siyasi baxımdan isə suverenlik dövlətin öz ərazisində vətəndaşları üzərində ali hakimiyyətə sahib olması və digər dövlətlərlə bərabərhüquqlu münasibətlər qurmasıdır.1995 ci ildə qəbul edilən Konstitusiya ölkəmizin suveren hüquqi dövlət olduğunun göstəricisidir.Dövlətimizin başçısı İlham Əliyev tərəfindən 20 sentyabr gününün “Dövlət Suverenliyi Günü”kimi qeyd olunması haqqında sərəncam,göstərir ki, Konstitusiyamızın əsas qayəsi olan ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunması,Konstitusiyanın tələblərinə və suveren hüquqlarına əsaslanaraq qarşıda duran strateji hədəflərə doğru əmin addımlarla irəliləyir.Müstəqil və suveren ölkədə yaşamaq hər bir vətəndaşa nəsib olmur.Azərbaycan tarix boyu işğallara məruz qalan,ərazisi işgal olunan,suverenliyi və ərazi bütövlüyü pozulan lakin iradə əzmi qırılmayan,hər daim inkişaf edən,ərazisindən bütün terrorçuları təmizləməyə müvəffəq olan bir dövlətə çevrilib.2020-ci ildə Vətən müharibəsində əldə edilən Zəfər,2023-cü ilin 19-20 sentyabrında aparılan antiterror əməliyyatları zamanı xalq Ali Baş Komandan İlham Əliyev və Rəşadətli Azərbaycan Ordusu ətrafında sıx birləşərək,qələbə qazanıb,bütün Azərbaycan ərazisində öz suverenliyini bərpa etmişdir.
Bu gün artıq müstəqil,suveren Azərbaycan dövləti inkişafın yeni mərhələsində ərazi bütövlüyünü,suverenliyini qoruyan,tam təmin edən bir ölkəyə çevrilib. Ölkəmizin belə bir şərəfli,məsuliyyətli bir döməmində siyasi suverenliklə bərabər mədəni suverenliyin əhəmiyyəti,əsasları,qorunması yolları haqqında da danışmaq yerinə düşər.Bəs mədəni suverenlik dedikdə nə başa düşülür?Əgər siyasi suverenlik-bir dövlətin öz ərazisində müstəqil şəkildə idarə olunmaq hüququdursa,mədəni suverenlik hər bir xalqın və dövlətin öz mədəniyyətini,milli mənəvi dəyərlərini qoruma və inkişaf etdirmə hüququna sahib olması deməkdir. Aydın məsələdir ki,bu hüquq yalnız siyasi qərarların qəbul olunması ilə məhdudlaşmır,həmçinin mədəni dəyərlərin qorunması,təşviqi üçün şərait yaradır. Beləliklə,siyasi suverenliyi mədəni suverenliyin həyata keçməsi üçün əsas zəmin hesab etmək olar.Siyasi cəhətdən müstəqil olan ölkələr belə,qloballaşma səbəbi ilə mədəni təsirlərə məruz qalırlar.Bu zaman mədəni suverenlik, yəni öz mədəniyyətini xarici təsirlərdən qorumaq bacarığı siyasi qərarlarla dəstəklənməlidir.Mədəni suverenlik,bir xalqın və ya cəmiyyətin öz mədəni kimliyini,dəyərlərini,adət-ənənələrini və mənəvi irsi qorumaq,inkişaf etdirmək və xarici təsirlərdən müstəqil şəkildə idarə etmək hüququdur.
Mədəni suverenlik hər bir xalqın və dövlətin öz mədəniyyətini,milli mənəvi dəyərlərini qoruma və inkişaf etdirmə hüququna sahib olmasını təsbit edir. Bu isə o deməkdir ki,bu bir hüquq deyil,eyni zamanda xalqın kimliyinin,tarixinin,gələcəyinin qorunması üçün vacib amildir. Qloballaşan dünyada mədəniyyətlərarası təmaslar artdığı üçün milli mədəniyyətlərin özünəməxsusluğunu,unikallığını,identikliyini qorumaq daha da mürəkkəbləşir.Mədəni suverenlik olmadığı təqdirdə bir xalqın identifikasiya kodları hesab olunan dil,adət və ənənələr,milli kimlik zamanla itə bilər.Çünki qloballaşan dünyamızda çox vaxt dominant mədəniyyətlər başqalarını sıxışdırıb kənara çıxara bilir.Belə olduqda isə mədəni suverenlik yerli mədəniyyətlərin bu prosesdə yoxa çıxmamasını təmin edir.Həmçinin mədəni suverenlik bütün mədəniyyətlərin dəyərli olduğunu vurğulayır,təkcə dominant olanı deyil,millətlər,dinlər arasında qarşılıqlı hörməti,tolerant münasibəti aşılayır.
Mədəni suverenlik müdrik,əhatəli şəkildə tətbiq olunarsa öz kimliyinə sadiq qalan,bütün mədəniyyətlərlə əlaqə qura bilən daha güclü və dayanıqlı millətlərin formalaşmasına komək edər.
Mədəni suverenlik bir neçə sahədə özünü göstərir:
1)milli dilin qorunması və inkişafı - dil bir millətin daşıyıcısıdır.Dilin zəifləməsi milli kimliyin zəifləməsinə səbəb ola bilər.
2)adət və ənənələrin yaşadılması-xalqın minilliklər boyu formalaşmış adət-ənənələri onun mədəni ruhunun təzahürüdür.
3)incəsənət və ədəbiyyatın inkişafı -musiqi,rəsm,ədəbiyyat və digər sənət növləri mədəniyyətin ifadə formalarıdır və onların qorunması mühüm əhəmiyyət daşıyır.
4)tarixi və mədəni irsin qorunması-muzeylər,abidələr və tarixi məkanlar xalqın keçmişinin canlı şahidləridir.
Mədəni suverenlik hər bir xalqın öz milli dəyərlərini,dilini,tarixi yaddaşını,adət və ənənələrini qoruma və inkişaf etdirmə haqqıdır. Muzeylər isə bu dəyərlərin toplanmasında,qorunmasında və gələcək nəsillərə ötürülməsində mühüm rol oynayan mədəniyyət məbədidir.Bu baxımdan,muzeylər mədəni suverenliyin qorunmasında strateji əhəmiyyətə malikdir.Diqqətlə nəzər yetirsək,görərik ki,muzeylər sadəcə hansısa bir əşyanın saxlandığı məkan deyil,həm də hər bir millətin tarixinin,mədəniyyətinin,düşüncə tərzinin nümayiş olunduğu canlı təhsil ocağıdır. Muzeylər mədəni irsi sənədləşdirir,nümayiş etdirir və qoruyur.Muzeylər vasitəsilə bir xalqın keçmişi öyrənilir,unudulmağa qoyulmur,nümayiş olunan eksponatlar,təşkil edilən sərgilər,xalqın dəyərlərinə xidmət edir,ən vacib məqamlardan biri isə gənclərdə milli kimlik,mədəni irs haqqında bilikləri,məlumatları aşılamaq üçün ən effektiv vasitələrdən biridir.Burdan aydın olur ki, muzeylər bir sıra vacib funksiyaları yerinə yetirmək iqtidarında olan bir qurumdur:
a)tarixi yaddaşın qorunması;
b)milli dəyərlərin təbliği;
c)təhsil və maarifçilik
Qloballaşan və dəyərlərin daimi dəyişdiyi ,stabil qalmadığı,kiçik mədəniyyətlərin assimilyasiyaya uğrama təhlükəsi artdığı bir dövrdə muzeylər öz mədəni sərvətlərini qorumaqla mədəni qala rolunu oynaya bilirlər.
Ölkəmizdə muzeylər milli mədəniyyətin qorunmasında mühüm rol oynayır.Millli mədəniyyətlərin öyrədilməsi,gənc nəslin öz xalqının tarixi,dəyərləri.adət-ənənələri və mənəvi irs ilə bağını gücləndirmək Azərbaycan kontekstində xüsusi əhəmiyyət kəsb edir,çünki zəngin mədəni irsə malik olan ölkəmizdə milli mədəniyyətin gələcək nəsillərə ötürülməsi həyati önəm daşıyır. Bu mədəni sərvətlərin qorunması və gələcək nəsillərə ötürülməsi dövlət siyasətinin mühüm istiqamətlərindən biri olmuşdur.Xüsusilə də ümummilli lider Heydər Əliyevin bu sahədəki xidmətləri əvəzsizdir.Ulu Öndər Heydər Əliyev Azərbaycanın mədəni irsinin qorunmasına bütün fəaliyyəti boyu böyük diqqət yetirmişdir.Məhz Onun rəhbərliyi dövründə mədəniyyət sahəsi dövlət siyasətinin əsas prioritetlərindən birinə çevrildi.Heydər Əliyev hər zaman vurğulayırdı ki,milli mədəniyyət xalqın varlığı və gələcəyin əsasıdır.Heydər Əliyev tərəfindən Qarabağ bölgəsinin tarix və mədəniyyətinə xüsusi diqqət ayrılmış,işğaldan azad olunacağı təqdirdə bərpası ilə bağlı strateji planlar hazırlanmışdır.Bu siyasət bu gün prezident İlham Əliyev tərəfindən cənnət Qarabağımızda 5 ildir ki,2020-ci ildə əldə edilən Böyük Zəfərdən sonra, uğurla davam etdirilir. Məhz Ulu Öndərin uzaqgörən siyasəti,mədəniyyətə və ədəbiyyata verdiyi dəyər nəticəsində hələ SSRİ dövründə, 1982-ci ildə Şuşada böyük şair Vaqifin şərəfinə məqbərənin ucaldılması geniş əks səda doğurmuşdur.Sovetlər dönəmində Qarabağ xanlığının baş vəziri olmuş şəxs üçün məqbərə ucaltmaq sıradan bir hadisə kimi qəbul etmək olmazdı. Bu layihə təkcə bir abidənin tikintisi deyil,həm də Vaqifin timsalında Azərbaycanın zəngin ədəbi irsinə,Qarabağ mədəniyyətinə verilən yüksək dəyərin ifadəsi idi. Dahi Liderin mədəni dəyərlərə,milli kimliyin qorunmasına verdiyi töhfə bununla da bitmirdi. Yenə 1982 -ci ildə Heydər Əliyev misli görünməmiş bir addım da atır,represiya qurbanı filosof-şair Hüseyn Cavidin məzarının uzaq,şaxtalı Sibirdən doğma Vətənə gətirilərək,ulu Naxçıvan torpağında təntənəli şəkildə dəfn edilir,burada şairin şərəfinə məqbərə ucaldılır və ailə üzvləri də burada dəfn olunurlar. Həmçinin Bakıda Cavidin 1920-1937-ci illərdə yaşadığı evində Ev Muzeyi təsis edilir.Ümummilli liderin bu əməlləri göstərir ki, O hər zaman milli kimliyin qorunması,təbliğ olunması,mədəni irsin sənədləşdirilməsi,tarixi yaddaşın saxlanması ,təqdim və təbliğ olunması kimi vacib məqamları hakimiyyəti illərində mədəni suverenliyin əsas subyekti kimi qəbul etmişdir.Çəkdiyim nümunələrin Sovetlər dönəmindən olmasının səbəbi isə 1991 ci ildə bərpa edilən müstəqillikdən sonra mədəniyyət siyasətində uğurlu addımlar atılmışdır: bura çövkən milli oyunu,Novruz bayramı,xalçaçılıq,tar ifaçılıq sənəti,Naxçıvan yallısı və siyahını daha da uzatmaq olar bu kimi milli kimliyimizin nümunələrini UNESCO-nun qeyri-mədəni irs siiyahısına daxil olmasını qeyd etmək olar. Yuxarıda qeyd etdiyim nümunələr isə Sovetlər ideologiyasına uyğun gəlməyən hadisələr idi.Bu cür qətiyyətli addımları isə məhz Heydər Əliyev kimi Vətənini,millətini sevən insan edə bilərdi. Ümummilli Lider Heydər Əliyevin milli mədəniyyətə və mənəvi dəyərlərə verdiyi yüksək qiymət Azərbaycan xalqının bu gün mədəni irsi ilə fəxr etməsinə zəmin yaratmışdır.Onun müəyyən etdiyi yol,bu sahədə möhkəm təməllər üzərində qurulmuş mədəni siyasət, bu gün də Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Nübar Səfiyar qızı,
YAP Xətai rayon təşkilatının fəalı