20 dekabr 2025 14:53
124

Qalib Azərbaycanın memarı

Müasir Azərbaycan güclü dövlətçilik ənənələrinə, müstəqil xarici siyasətə və dayanıqlı sosial-iqtisadi inkişaf modelinə əsaslanan yeni tarixi mərhələdə inamla irəliləyir. Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən düşünülmüş və prinsipial siyasət nəticəsində Azərbaycan regional liderlikdən qlobal aktorluğa yüksəlmiş, beynəlxalq münasibətlər sistemində söz sahibi olan nüfuzlu dövlətə çevrilmişdir. Azərbaycan artıq yalnız regional deyil, qlobal miqyasda da təşəbbüskar ölkə kimi çıxış edir. COP29-a ev sahibliyi bunun bariz nümunəsidir. Qısa müddətdə həyata keçirilən hazırlıq işləri və əldə olunan mühüm razılaşmalar Azərbaycanın iqlim diplomatiyasında yeni mərhələ açdığını göstərdi. Bakı Maliyyə Məqsədi inkişaf etməkdə olan ölkələr üçün iqlim maliyyəsinin kəskin artırılmasını hədəfləyən qlobal çağırışdır və Azərbaycanın beynəlxalq məsuliyyətinin təzahürüdür. 2024-cü ildə Azərbaycanın İqtisadi Əməkdaşlıq Təşkilatına (D-8) üzv qəbul edilməsi ölkəmizin İslam dünyası və inkişaf etməkdə olan dövlətlər arasında artan nüfuzunun göstəricisidir. Xankəndidə keçirilən Zirvə görüşü, eləcə də Ağdam, Laçın və Şuşada təşkil olunan forumlar Azərbaycanın postmünaqişə dövründə əməkdaşlıq və inkişaf mərkəzinə çevrildiyini təsdiqlədi.

Prezident İlham Əliyevin dövlət siyasətində xüsusi yer tutan Qərbi Azərbaycana qayıdış məsələsi artıq beynəlxalq gündəliyin ayrılmaz hissəsidir. Sülhsevər və hüquqa əsaslanan yanaşma ilə irəli sürülən bu konsepsiya beynəlxalq təşkilatların sənədlərində əksini tapmış, insan hüquqları müstəvisində Azərbaycanın mövqeyini əhəmiyyətli dərəcədə gücləndirmişdir. Qərbi Azərbaycan İcmasının fəaliyyəti tarixi ədalətin bərpası istiqamətində sistemli mübarizənin nümunəsidir. Azərbaycan–Ermənistan normallaşma prosesində əldə olunan nəticələr də müasir diplomatiyanın mühüm uğuru kimi qiymətləndirilir. Vaşinqtonda imzalanmış Birgə Bəyannamə Azərbaycanın sülh gündəliyinin beynəlxalq səviyyədə qəbul edildiyini göstərmiş, ATƏT-in Minsk Prosesi kimi köhnəlmiş mexanizmlərin tarixə qovuşması regionda yeni təhlükəsizlik arxitekturasının formalaşdığını təsdiqləmişdir. Bütün bu siyasi nailiyyətlər güclü iqtisadi təmələ söykənir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar nəticəsində Azərbaycan dayanıqlı makroiqtisadi sabitliyə, şaxələndirilmiş iqtisadiyyata və güclü sosial müdafiə sisteminə malik ölkəyə çevrilmişdir. Enerji və nəqliyyat layihələri – Bakı-Tbilisi-Ceyhan, Cənub Qaz Dəhlizi, Bakı-Tbilisi-Qars, Şərq-Qərb və Şimal-Cənub dəhlizləri – Azərbaycanın geoiqtisadi əhəmiyyətini xeyli artırmışdır. Ölkəmiz etibarlı enerji tərəfdaşı, mühüm tranzit qovşağı və regional logistik mərkəz kimi çıxış edir. Eyni zamanda, Azərbaycan kosmik sənaye, hərbi sənaye kompleksi, müasir ordu quruculuğu və yüksək texnologiyalar sahəsində də ciddi irəliləyişlərə nail olmuşdur. 44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbə və 2023-cü ilin antiterror əməliyyatı nəticəsində dövlət suverenliyinin tam bərpası Prezident İlham Əliyevin söz və əməlinin vəhdətinin parlaq təzahürüdür.

Bu gün qalib, ərazi bütövlüyü və suverenliyi tam bərpa olunmuş Azərbaycan “Böyük Qayıdış” proqramını uğurla həyata keçirir. Qarabağ və Şərqi Zəngəzur dirçəlir, insanlar doğma torpaqlarına qayıdır, yeni həyat qurulur. Bu proses təkcə fiziki bərpa deyil, milli ruhun, tarixi ədalətin və dövlət suverenliyinin bərpasıdır. Bütün bunlar bir daha sübut edir ki, müasir Azərbaycan qalib dövlət, güclü iqtisadiyyat, yüksək beynəlxalq nüfuz və möhkəm milli birlik üzərində qurulan gələcəyə doğru inamla irəliləyir. Bu yol Prezident İlham Əliyevin uzaqgörən siyasətinin, xalq–lider birliyinin və milli iradənin yoludur.

Bahar Cəfərova,
Şirvan şəhər Mərkəzi kitabxanasının Uşaq şöbəsinin böyük biblioqrafı