12 Noyabr – Azərbaycan Respublikasının Konstitusiya Günü xalqın müstəqil dövlətçilik iradəsini, hüquqi və demokratik seçimini təcəssüm etdirir. Bu gün Ümumxalq Səsverməsi nəticəsində qəbul edilən Konstitusiya, xalqın ali hakimiyyət mənbəyi olmasını rəsmiləşdirən ali hüquqi sənəddir.
Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı ən böyük xidmətlərindən biri məhz müstəqil dövlətin yeni Konstitusiyasının hazırlanması oldu. Keçmiş sovet konstitusiyalarından fərqli olaraq, müstəqil Azərbaycanın Konstitusiyası insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin olunmasını dövlətin ali məqsədi kimi bəyan etdi. Bu Konstitusiya müstəqil dövlət quruculuğu prosesini tənzimləyən, demokratik inkişafa təminat yaradan, cəmiyyətin siyasi, sosial, mədəni, iqtisadi sferalarında köklü dəyişiklikləri özündə ehtiva edən, qanunvericiliyin təkmilləşdirilməsində hüquqi baza rolunu oynayan mükəmməl və mütərəqqi sənəddir.
Konstitusiya hakimiyyət bölgüsünün əsas prinsiplərini müəyyənləşdirdi. İnsan və vətəndaş hüquqlarının, azadlıqlarının müdafiəsini qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanları üzərinə ümdə vəzifə olaraq qoydu. Təsadüfi deyil ki, şəxsiyyətin toxunulmazlığı, insan həyat və sağlamlığının qorunması, layiqli həyat səviyyəsinin təmin olunması, humanizm və insanpərvərlik prinsipləri Azərbaycan Konstitusiyasının başlıca mahiyyətini təşkil edir. Dahi şəxsiyyət bütün sahələrin dirçəlişinə və inkişafına diqqət göstərdiyi kimi, qanunvericilik bazasının formalaşması və təkmilləşdirilməsinə, xüsusilə ölkəmizin ana qanunu olan Konstitusiyamızın qəbul edilməsi prosesinə də xüsusi diqqət göstərirdi, bunun dövlətçilik tariximizdə olduqca vacib bir addım olduğunu vurğulayırdı.
Ötən 30 ildə ölkəmizin sürətli inkişafı nəticəsində yeni dövrün tələblərinin yaratdığı zərurətlə əlaqədar Azərbaycan Konstitusiyasına bir neçə dəfə əhəmiyyətli dəyişikliklər və əlavələr edilib, dövlətin inkişaf dinamikasına uyğun olaraq 2002, 2009 və 2016-cı illərdə referendumlar yolu ilə əlavə və dəyişikliklərə məruz qalmışdır. Bu islahatlar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən davamlı islahatlar kursunun hüquqi bazasını daha da gücləndirmişdir. Beləliklə, Azərbaycan Respublikasının Konstitusiyasına edilən əlavə və dəyişikliklər nəticəsində Əsas Qanunumuz daha da təkmilləşdirilərək yeni dövrün tələblərinə uyğunlaşdırılıb.
2020-ci ilin Vətən müharibəsində qazanılmış Qələbə və 2023-cü ilin antiterror əməliyyatları nəticəsində ölkənin ərazi bütövlüyü və suverenliyi tam təmin olunub. Bununla Konstitusiyanın hüquqi qüvvəsi işğaldan azad edilmiş bütün ərazilərdə bərqərar edilib. 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması dövlətimizin müstəqil hüquq sisteminin, milli birliyinin və siyasi iradəsinin təntənəsidir. Dövlətimizin başçısının 2025-ci il 11 fevral tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə bağlı Tədbirlər Planı” təsdiq edilib. Sərəncama əsasən, həm Konstitusiyanın qəbulunun 30 illiyi, həm də Qələbənin 5 illiyi münasibətilə xüsusi proqramlar həyata keçirilir. Bu çərçivədə təsis edilmiş “Azərbaycan Respublikası Konstitusiyasının 30 illiyi (1995–2025)” yubiley medalı dövlətçiliyimizin və hüquqi inkişaf yolunun təzahürünə çevrilib.
Konstitusiyamız bu gün Qarabağ və Şərqi Zəngəzurda bərpa edilən suverenliyimiz, “Böyük Qayıdış” proqramı və ölkəmizin beynəlxalq münasibətlər sistemində artan nüfuzu üçün etibarlı hüquqi zəmin yaratmaqda davam edir. Konstitusiya Günü münasibətilə hər bir vətəndaşımızı əsas qanunumuzun prinsiplərinə sadiq qalmağa, dövlətçilik dəyərlərini qorumağa və Azərbaycanın daha da çiçəklənməsi naminə səylərini davam etdirməyə çağırırıq.
Anar Məmmədov,
Milli Məclisin deputatı