Bakının Binəqədi rayonunda 30 nömrəli Şəhər Poliklinikasının nəzdində imtiyazlı xəstələr üçün yeni aptek fəaliyyətə başlayıb.
Bu barədə "İki sahil"ə TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, aptek Binəqədi rayonunun Biləcəri qəsəbəsi əhalisinin qeydiyyatda olduğu 15 nömrəli və Binəqədi qəsəbəsi əhalisinin qeydiyyatda olduğu 35 nömrəli Şəhər Poliklinikalarının imtiyazlı xəstələrinin dərman təminatını həyata keçirəcək.
9 nömrəli Şəhər Poliklinikasının mərkəzləşdirilmiş apteki 9-cu mikrorayon ərazisində yerləşdiyindən, məsafənin uzaq olması Biləcəri və Binəqədi qəsəbəsi sakinlərinə dərman təminatı zamanı bir sıra çətinliklər yaradırdı. Artıq bu çətinliklərə son qoyulur. Yeni fəaliyyətə başlayan aptekin yaxın məsafədə yerləşməsi sözügedən qəsəbələrin sakinlərinin işini xeyli asanlaşdıracaq.
Aptek ümumilikdə, 4692 nəfər əhaliyə tibbi xidmət göstərəcək. Bunlardan ümumilikdə, 2400 nəfəri 15 nömrəli, 2292 nəfəri isə 35 nömrəli Şəhər Poliklinikalarının dispanser qeydiyyatda olan xəstələrini əhatə edir.
Belə ki, 52 kvadrat metr sahədə yerləşən aptek müasir tibbi avadanlıqlarla təmin olunub.
Qeyd edək ki, əhaliyə göstərilən tibbi xidmətin əlçatanlığının təmin edilməsi, tibbi xidmətin keyfiyyətinin artırılması məqsədilə TƏBİB rəhbərliyi tərəfindən ilkin səhiyyə xidməti müəssisələrində tədbirlərin həyata keçirilməsi mütəmadi olaraq davam etdirilir.
Qeyd edək ki, Bakı şəhəri üzrə ilkin səhiyyə xidməti müəssisələrində qeydiyyatda olan imtiyazlı xəstələrin dərman təminatı rayonlar üzrə mərkəzləşdirilmiş qaydada imtiyazlı apteklər tərəfindən həyata keçirilir. Binəqədi rayonu ərazisində isə mərkəzləşdirilmiş aptek 9 nömrəli Şəhər Poliklinikasında yerləşir. Bu isə vətəndaşların dərman təminatı zamanı bir sıra növbələrin yaranmasına səbəb olurdu.