30 oktyabr 2025 17:52
151

Vüsal Qasımlı OECD nümayəndələrini qəbul edib

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Avrasiya İdarəsinin rəhbəri Uilyam Tompson və Şərqi Avropa və Cənubi Qafqaz şöbəsinin müdiri Danyel Kvadbeki qəbul edib.

“İki sahil” xəbər verir ki, V.Qasımlı Azərbaycanın iqtisadi islahatları və inkişaf prioritetləri üzrə qarşılıqlı əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb.  Xüsusilə kiçik və orta müəssisələrin rəqabət qabiliyyətinin artırılması sahəsində beynəlxalq təcrübələrin tətbiqi, rəqəmsal transformasiya, vergi islahatları və korporativ idarəetmə sahələrində strateji əməkdaşlığın gücləndirilməsi müzakirə olunub.

Görüşdə həmçinin ölkənin iqtisadi diversifikasiya ilə bağlı qəbul etdiyi strateji sənədlər, o cümlədən “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” və "Azərbaycan Respublikasının 2022─2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” çərçivəsində görülən işlər müzakirə olunub. Eyni zamanda, ölkəmizin rəqəmsal xidmətlər sahəsində əldə etdiyi irəliləyişlər, KOS-lərin xarici bazarlara inteqrasiyası və rəqəmsal şəbəkələrə qoşulmalarını təmin edən platformalar, xüsusilə İİTKM-in operatoru olduğu “Azexport” portalının fəaliyyəti barədə ətraflı məlumat verilib.

Uilyam Tompson isə Azərbaycanda dövlət müəssisələrinin korporativ idarə edilməsi, maliyyə sektorunun inkişafı, ticarət və nəqliyyat əlaqələrinə dair məsələləri ön plana çəkib. O, kiçik və orta müəssisələrin inkişafı, iqtisadi diversifikasiya, rəqəmsal transformasiya, KOB-lar üçün maliyyə alətləri, regional əlaqələr, infrastruktur layihələri və beynəlxalq əməkdaşlıq üzrə tədqiqatların  Azərbaycan üçün əhəmiyyət kəsb etdiyini qeyd edib.

Görüşdə tərəflər arasında gələcək əməkdaşlıq istiqamətləri və konkret sahələr üzrə birgə fəaliyyətlərin təşkili ilə bağlı fikir mübadiləsi aparılıb.

Sonda İİTKM-in OECD ilə birgə tərəfdaşlıq çərçivəsində hazırlayıb nəşr etdirdiyi “Orta Dəhliz” kitabı qonaqlara təqdim edilib.