28 oktyabr 2025 23:37
134

Braziliyada polislərlə cinayətkarların qarşıdurmasında ölənlərin sayı 64-ə çatıb

Braziliyanın Rio-de-Janeyro şəhərindəki Alemaon və Penya gecəqondularında oktyabrın 28-də keçirilən genişmiqyaslı polis əməliyyatı zamanı ölənlərin sayı artıq 64 nəfərə çatıb.

“İki sahil” xəbər verir ki, bu barədə "CNN Brasil" təhlükəsizlik qüvvələrinə istinadla məlumat yayıb.

"Rio-de-Janeyro hökumətinin məlumatına görə, bu, ştatın tarixində ən böyük əməliyyatdır", - xəbərdə qeyd olunur.

Ölənlər arasında 60 cinayətkar və polisin xüsusi əməliyyat batalyonunun iki zabiti də daxil olmaqla, dörd asayiş keşikçisi də var.

"Çəkindirmə" adlı əməliyyatda təxminən 2 500 hərbçi və mülki polis iştirak edir. Əməliyyatın məqsədi "Comando Vermelho" cinayətkar qrupunun üzvləri üçün 100 həbs orderinin icrasıdır.

Əməliyyat zamanı 81 nəfər həbs edilib, 10 tüfəng, bir tapança və doqquz motosiklet müsadirə olunub.