22 oktyabr 2025 15:23
204

Xankəndidə “Azərbaycan mədəniyyətində Üzeyir Hacıbəyli fenomeni” mövzusunda elmi-praktik seminar keçirilib

Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi (MEMİM) tərəfindən Qarabağ bölgəsində həyata keçirilən “Mədəniyyət rüzgarı” layihəsi çərçivəsində oktyabrın 21-də Qarabağ Universitetinin İncəsənət fakültəsində “Azərbaycan mədəniyyətində Üzeyir Hacıbəyli fenomeni” mövzusunda elmi-praktik seminar təşkil olunub.

“İki sahil” xəbər verir ki, dahi bəstəkar, musiqişünas alim, pedaqoq, publisist, dramaturq, ictimai xadim Üzeyir Hacıbəylinin 140 illiyinə həsr olunan tədbirdə universitetin professor-müəllim heyəti və tələbələri iştirak ediblər.

Əvvəlcə tədbir iştirakçıları Şuşa şəhərində Üzeyir Hacıbəylinin, Bülbülün və Xurşidbanu Natəvanın I Qarabağ müharibəsi zamanı erməni vandalizminə məruz qalmış büstlərini ziyarət ediblər.

Seminarda Qarabağ Universiteti İncəsənət fakültəsinin dekanı bəstəkar Türkər Qasımzadə və MEMİM-in direktor vəzifəsinə icra edən sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Vüqar Hümbətov giriş sözü söyləyiblər. Qeyd olunub ki, seminarın məqsədi müasir Azərbaycan professional musiqisinin banisi olan Üzeyir Hacıbəylinin zəngin yaradıcılıq irsini gənc nəsillərə çatdırmaqla onları maarifləndirməkdən ibarətdir. Bildirilib ki, Üzeyir Hacıbəyli fenomeni bir əsrdən çoxdur mədəniyyətimizin inkişafına öz töhfəsini verir. Dahi bəstəkarın musiqi irsi dünya miqyasında Azərbaycan mədəniyyətinin zənginliyini nümayiş etdirir.

Sonra seminar MEMİM-in əməkdaşı, Əməkdar mədəniyyət işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Səadət Təhmirazqızının moderatorluğu ilə davam edib. Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Bakı Musiqi Akademiyasının professoru Zümrüd Dadaşzadə “Üzeyir Hacıbəyli dühası XXI əsrin mədəniyyət güzgüsündə” adlı yeni faktlar və sənədlərlə zəngin məruzəsində sənətkarın yaradıcılığını dünya musiqisi kontekstində işıqlandırıb, onun ideyalarının həmişəyaşarlığı fikrini vurğulayıb.

Sənətşünaslıq üzrə fəlsəfə doktoru, Qarabağ Universiteti İncəsənət fakültəsinin baş müəllimi Aybəniz Növrəsli “Üzeyir Hacıbəyli və musiqi pedaqogikası” mövzusunda çıxış edərək musiqi təhsili sahəsində mövcud müxtəlif sistemlərdən söz açıb, onlardan bəhrələnməyin zəruriliyi məsələsinə toxunub.

Məruzəçilər auditoriyanın suallarını cavablandırıb. Sonda Qarabağ Universitetinə bir sıra elmi nəşrlər hədiyyə edilib.

Seminarın gedişində bədii proqram da təqdim olunub. Qarabağ Universiteti tələbə xorunun (bədii rəhbər: Rüfət Xəlilov, konsermeysterlər: Ehtiram Ağazadə, Aytac Dadaşova) ifasında Ü.Hacıbəylinin “Arşın mal alan” operettasından “Qızların xoru” və “Leyli və Məcnun” operasından “Şəbi-hicran” xoru səsləndirilib. İncəsənət fakültəsinin müəllimi Əməkdar artist Anar Şuşalı “Arşın mal alan”dan Əsgərin ariyasını (konsertmeyster: həmin fakültənin müəllimi, pianoçu Zakir Əsədov) ifa edib. Tələbələr İsmayıl İsmayılov və Elnarə Abdullayeva isə “Leyli və Məcnun” operasından “Görüş” səhnəsini səsləndiriblər. Onları fakültənin müəllimləri Bəhruz Zeynalov (tar) və Fərid Babayev (kamança) müşayiət ediblər.

Xatırladaq ki, MEMİM-in 20-31 oktyabr tarixlərini əhatə edən Qarabağda “Mədəniyyət rüzgarı” layihəsi Qarabağ Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə gerçəkləşir.