25 oktyabr 2025 21:50
123

Aİ nadir torpaq metallarının tədarükündə Çindən asılılığını azaldacaq

Avropa İttifaqı (Aİ) Çinin vacib xammalından asılılığını azaltmaq üçün strategiya hazırlayır.

“İki sahil” xəbər verir ki, bunu Avropa Komissiyasının (AK) prezidenti Ursula fon der Lyayen Berlində keçirilən konfransda açıqlayıb.

O bildirib ki, qısa müddətdə Aİ Çin tərəfdaşları üçün həll yolları tapmağa diqqət yetirəcək, eyni zamanda, alternativ mineral mənbələrinə çıxışı təmin etmək üçün digər ölkələrlə əlaqələndirmə səylərini gücləndirəcək.

"Məqsəd Avropa sənayemiz üçün qısa, orta və uzunmüddətli perspektivdə alternativ vacib xammal mənbələrinə çıxışı təmin etməkdir. Ukrayna, Avstraliya, Kanada, Qazaxıstan, Özbəkistan, Çili kimi ölkələrlə vacib xammal tərəfdaşlığı üzrə işimizi sürətləndirəcəyik", - Lyayen bildirib.

AK rəhbəri vurğulayıb ki, bu minerallar avtomobil, müdafiə, yaşıl texnologiya və rəqəmsal sənayelər üçün əsasdır.

"İstehlak etdiyimiz nadir torpaq maqnitlərinin 90 %-dən çoxunun Çindən gəldiyini nəzərə alsaq, Avropa və onun ən strateji sənaye sektorları üçün riskləri görə bilərsiniz", - deyə o əlavə edib.