25 oktyabr 2025 08:51
136

Tramp Çin lideri ilə Rusiya-Ukrayna müharibəsini və Tayvanı müzakirə edəcək

ABŞ Prezidenti Donald Tramp oktyabrın 30-da Cənubi Koreyada Çin Xalq Respublikasının Sədri Si Cinpinlə görüşdə Moskva və Kiyevlə bağlı məsələləri müzakirə etmək niyyətində olduğunu, həmçinin Rusiya-Ukrayna münaqişəsinin həllində Pekinin köməyinə ümid etdiyini açıqlayıb.

“İki sahil” xəbər verir ki, bu barədə Tramp təyyarəsində jurnalistlərə açıqlama verərkən deyib.

Görüş barədə danışan ABŞ prezidenti vurğulayıb: "Müzakirə edəcəyimiz mövzulardan biri Rusiya və Ukraynadır. Çinin Rusiya ilə bağlı bizə kömək etməsini istərdim. Biz Rusiyaya qarşı çox geniş sanksiyalar tətbiq etmişik. Bunlar çox sərt sanksiyalardır, çox təsirlidir, lakin mən Çinin bizə kömək etməsini istərdim", - o, münaqişənin həllində yardıma toxunaraq əlavə edib.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp Asiya turuna yola düşməzdən əvvəl Ağ Evdə jurnalistlərlə görüşündə Si Cinpinlə Tayvanla bağlı məsələləri müzakirə edəcəyini də bəyan edib.