Bu mövzuda beynəlxalq konfrans keçirilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və DOST Agentliyinin təşkilatçılığı ilə baş tutan beynəlxalq tədbirin açılış mərasimində əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev, Azərbaycanın Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev, Türkiyənin əmək və sosial müdafiə nazirinin müavini Ahmet Aydın, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov və BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreeva çıxış ediblər.
Süni intellekt sosial siyasətdə yeni imkanlar yaradır
Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev çıxışında qeyd edib ki, süni intellekt təkcə texnoloji yenilik deyil, o, sosial məsələlərdə dəqiqlik, proqnozlaşdırma, fərdi yanaşma, operativ qərarvermə və ədalətli resurs bölgüsü üçün yeni imkanlar yaradır.
Anar Əliyev, həmçinin qeyd edib ki, əlillik altsistemində süni intellekt əsaslı məsləhət mexanizmi hazırlanır. Bu mexanizm nəticəsində həm qərarvermə prosesi sürətlənəcək, həm də obyektivlik və şəffaflıq səviyyəsi daha da artacaq: "Azərbaycanda "2025-2028-ci illəri əhatə edən Süni İntellekt Strategiyası" təsdiq edilib. Süni intellekt imkanlarının tətbiqi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üçün xüsusi əhəmiyyət daşıyır. Bu istiqamətdə fəaliyyətimizi nazirliyin strategiyası çərçivəsində hazırlanmış üçillik "Yol xəritəsi"nə uyğun şəkildə həyata keçiririk".
Nazir əlavə edib ki, süni intellekt həllərinin, həmçinin məşğulluq sahəsində fərdi məşğulluq proqramları, reabilitasiya sahəsində isə fərdi reabilitasiya və abilitasiya proqramlarının hazırlanmasında tətbiqi nəzərdə tutulur.
Süni intellekt vasitədir, məqsəd deyil
Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev vurğulayıb ki, süni intellekt idarəetmədə və digər sahələrdə vasitədir. Yəni o, məqsəd deyil: "Məqsəd isə süni intellekt kimi texnologiyalardan istifadə etməklə qarşıya qoyulan hədəflərə, vəzifələrə, vətəndaşların rifahına və inkişafına nail olmaqdır. Son illər müxtəlif beyin araşdırma mərkəzləri, elmi institutlar, beynəlxalq araşdırma mərkəzləri də bu sahədə ciddi araşdırmalar aparırlar və çox ciddi hesabatlar hazırlayırlar. Məsələn, Dünya İqtisadi Forumunun 2025-ci il üzrə süni intellekt sahəsində araşdırma hesabatında qeyd olunub ki, süni intellektli texnologiyaların və "yaşıl keçid" transformasiyasının nəticəsində dünyada 90 milyondan çox iş yeri bağlanacaq, amma onun əvəzində 170 milyona yaxın yeni iş yerləri formalaşdırılacaq".
Onun sözlərinə görə, yeni iş yerləri ümumilikdə iş anlayışının strukturuna, arxitekturasına ciddi təsir göstərəcək: "Çünki ləğv olunan iş yerlərinə münasibətdə yeni iş yerləri yeni bacarıqlar, yeni biliklər tələb edəcək. Bu istiqamətdə artıq istər beynəlxalq şirkətlər, təşkilatlar, istərsə də dövlətlər vətəndaşlarını hazırlamaq üçün ciddi tədbirlər həyata keçirirlər. Azərbaycan da bu istiqamətdə geridə qalmır".
Ülvi Mehdiyev qeyd edib ki, "ASAN xidmət" innovasiyası hazırda 30-dan çox ölkəyə ixrac olunur: ""ASAN xidmət" konsepsiyasının mahiyyəti və məqsədi vətəndaşyönömlü etik və məsuliyyətli xidmətlərin təşkil edilməsidir. Bu istiqamətdə qarşıya qoyulan vəzifələrin uğurlu icrasında innovasiyaların, müasir texnologiyaların çox böyük rolu var". O, əlavə edib ki, süni intellektli, müasir texnologiyalar yeni çağırışlar yaradır: "Biz bu yeni çağırışlara cavab vermək üçün islahatlar baxımından təkmilləşdirmələr aparmalıyıq".
Süni intellektin geniş tətbiqi üçün möhkəm qanunvericilik bazasına ehtiyac var
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib ki, Azərbaycanda süni intellektin coğrafi miqyasda geniş tətbiqi üçün möhkəm qanunvericilik bazasına ehtiyac var. Onun sözlərinə görə, dünyada süni intellekt texnologiya deyil, ictimai nəzarət və maraq predmeti kimi qiymətləndirilir: “Süni intellekt gündən-günə cəmiyyətdə özünü daha çox göstərir, müasir həyata sürətlə inteqrasiya edir. Dördüncü Sənaye İnqilabı ilə birlikdə sosial inkişafın hərəkətverici qüvvəsinə çevrilib. Həmçinin bu sahənin ölkəmizdə tətbiqi üçün beynəlxalq əməkdaşlıq da zəruridir".
KOBİA süni intellektə əsaslanan biznes analitikası sisteminin inkişafını nəzərdən keçirir
KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov bildirib ki, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi KOB sektorunda daha effektiv strateji qərarların qəbulu üçün süni intellektə əsaslanan biznes analitikası sisteminin yaradılması üzərində düşünür. Onun sözlərinə görə, KOBİA süni intellekt sahəsindəki qlobal trendlərdən kənarda qalmır və fəaliyyətini iki əsas istiqamət üzrə qurub: "Birinci istiqamət süni intellektə əsaslanan həllərin agentliyin daxili biznes proseslərinə və KOB-lara yönəlmiş xidmət alətlərinə inteqrasiyası ilə bağlıdır. Bu məqsədlə e-KOB evi portalı layihəsi çərçivəsində işlər aparılır. Portalda rəqəmsal mühitdə süni intellekt üzərindən ‘biznes bələdçisi" alətinin yaradılması nəzərdə tutulur. Yaxın gələcəkdə, həmçinin KOB sektorunda qiymətləndirmə və strateji qərarların qəbuluna dəstək üçün süni intellektə əsaslanan biznes analitikası sisteminin inkişafı istiqamətində addımlar atılacaq".
O. Məmmədov əlavə edib ki, KOBİA-nın ikinci istiqaməti süni intellekt texnologiyalarının KOB sektorunda tətbiqinin təşviqinə yönəlib: "Bu istiqamətdə həm mövcud dəstək mexanizmləri, həm də tərəfdaş qurumlarla birgə layihələr çərçivəsində tədbirlər həyata keçirilir. KOB-lar cəmiyyətin süni intellekt texnologiyalarına hazırlıq səviyyəsini və bu sahədə bacarıqlarını artırmaq potensialına malikdir. Hazırda ölkədə muzdlu işçi qüvvəsinin 44 %-i KOB sektorunda çalışır. Bu, geniş əhali kütləsinə çıxış və təsir imkanı baxımından mühüm göstəricidir. Düşünürəm ki, süni intellekt təşəbbüsləri həyata keçirilərkən bu amil mütləq nəzərə alınmalıdır".
BMT rəsmisi: Azərbaycanda süni intellektin inkişafına dəstək göstərməyə hazırıq
BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreeva bildirib ki, BMT Azərbaycanda süni intellektin inklüzivliyə və "yaşıl inkişafa" töhfə verən əsas qüvvəyə çevrilməsi istiqamətində dəstək göstərməyə hazırdır. Onun sözlərinə görə, hazırda dünyada süni intellektdən istifadə məsələsi sual doğurmur, sadəcə əsasə məsələ ondan necə yararlanmaqdır: "Biz, eyni zamanda, ayıq-sayq olmalıyıq. Süni intellekt rəqəmsal uçurumu dərinləşdirməməli və ya ayrı-seçkiliyi gücləndirməməlidir. Süni intellekt sosial xidmətlərdə, təhsilin fərdiləşdirilməsində və əmək bazarında işçiləri uyğun imkanlarla əlaqələndirməkdə güclü bir vasitə ola bilər. Ancaq bu sahədə uğur, böyük ölçüdə rəqəmsal savadlılıqdan, inklüziv siyasətdən və hər bir fərdin öz gələcəyini formalaşdırmaq üçün gücləndirilməsindən asılı olacaq".
Türkiyə rəsmisi: Azərbaycanla rəqəmsal transformasiyada birgə addımlayacağıq
Türkiyənin əmək və sosial müdafiə nazirinin müavini Ahmet Aydın çıxışında qeyd edib ki, rəqəmsal transformasiya yalnız xidmətlərin təqdimatını deyil, eyni zamanda, qərar qəbuletmə proseslərini də köklü şəkildə dəyişir: "Xüsusilə əmək həyatında süni intellekt dəstəklı sistemlərin tətbiqi dövlət idarəçiliyində səmərəliliyi artırmaqla yanaşı, işçilərin hüquqlarının daha etibarlı qorunmasına imkan yaradır. Biz Türkiyə olaraq süni intellekti rəqəmsal dövlət infrastrukturumuza inteqrasiya etməklə sosial siyasətlərdə daha çevik, inklüziv və effektiv həllər formalaşdırırıq. Qarşıdakı dövrdə rəqəmsal dövlətlərin yalnız texnoloji deyil, eyni zamanda insani, iştirakçı və sosial yönü güclü strukturlar kimi yüksələcəyinə inanırıq. Türkiyə bu transformasiyada dost və qardaş ölkə Azərbaycanla birlikdə və bütün dünya ilə yanaşı addımlamaqda davam edəcək".
Panel müzakirələrində beynəlxalq təcrübə paylaşılıb
Daha sonra "Rəqəmsal dövlət və süni intellektlə transformasiya" mövzusunda ilk panel iclası keçirilib. Paneldə Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev, Serbiyanın ailə rifahı və demoqrafiya naziri Yelena Zariç Kovaçeviç, Moldovanın Milli Sosial Sığorta Kassasının baş direktoru Yelena Tsıburne, Türkiyənin ailə və sosial xidmətlər nazirinin müavini Adil Çalışkan və KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov spiker qismində müzakirələr aparıblar.
İkinci panel "Sosial xidmətlərdə süni intellekt və sosial inklüzivlik" mövzusuna həsr olunub. Sessiyada Türkiyənin Əmək və Sosial Təminat üzrə Təlim və Tədqiqat Mərkəzinin prezidenti Prof. Dr. Elif Gökçearslan, Avropa Sosial Şəbəkəsinin İdarə Heyətinin üzvü Zorana Uzelak Boşnyak, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin Kommersiya üzrə baş direktoru Salar İmaməliyev, BMT Universitetinin baş tədqiqatçısı Zoran Yordanoski və DOST Rəqəmsal İnnovasiyalar Mərkəzinin direktoru Kənan Əkpərov çıxış ediblər.
Üçüncü panel əmək bazarının gələcəyi, bacarıqların inkişafı və rəqəmsal sahibkarlıq mövzusunda müzakirələrlə davam edib. Norveçin Əmək və Rifah İdarəsinin hüquq üzrə məsləhətçisi Filip Madsen, Türkiyənin Əmək və Sosial Müdafiə Nazirliyinin tabeliyindəki İş Qurumu Baş İdarəsinin layihə eksperti Eser Erol, "Digital Umbrella" şirkətinin təsisçisi Ulduzə Xəlilova və Qazaxıstan Dövlət Sosial Sığorta Fondunun nümayəndəsi Darin Tolubayev süni intellektin tətbiqi sahəsində təcrübələrini bölüşüblər.
Bununla da konfrans işini başa çatdırıb.
Nigar Orucova, "İki sahil"