“Qubadlıya öz sahibləri qayıdıb. Qubadlının işğaldan azad edilməsi tarixi hadisə idi. Oktyabrın 25-də Qubadlı şəhərinin azad edilməsi bizim qələbəmizi yaxınlaşdırdı”. Azərbaycanın ərazi bütövlüyü uğrunda apardığı 44 günlük Vətən müharibəsi tariximizin ən şanlı səhifələrindən biridir. Bu qarşılaşmada qəhrəman Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğal altında olan torpaqlarımızı mərhələli şəkildə azad etdi. Bu qələbələr sırasında Qubadlının azad edilməsi də xüsusi yer tutur.
Qubadlı rayonu 1993-cü ilin 31 avqustunda Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu. İşğal nəticəsində minlərlə Qubadlı sakini doğma yurdunu tərk etməyə məcbur qaldı, yaşayış məntəqələri dağıdıldı, tarixi abidələr, qəbiristanlıqlar və təbiətə zərbə vuruldu. Lakin qubadlılılar hər zaman inanırdılar ki, bir gün doğma torpaqlarına qayıdacaqlar.
2020-ci il oktyabrın 25-də Azərbaycan Ordusu qəhrəmanlıq göstərərək Qubadlı şəhərini işğaldan azad etdi. Bu döyüşlərdə ll Korpus Komandir muavini, Aprel döyüşlərində Azərbaycanın Milli Qəhrəmanı adını alan, polkovnik Şükür Həmidov qəhrəmancasına şəhid olmuşdur. Qubadlının azad edilməsi Azərbaycanın hərb tarixində taktiki cəhətdən çox mühüm əməliyyat idi. Çünki bu əməliyyat nəticəsində həm Zəngilan, həm də Laçın istiqamətində ordumuz strateji üstünlük qazanıb, cənubla sərhəd əlaqələri təmin ediləcəkdi. Cəbhə isdiqamətində itgilərin olmasına baxmayaraq hər gün yeni bir ərazi işğaldan azad olunurdu. Bu xəbər Azərbaycan xalqında böyük sevinc və qürur hissi doğurdu. Prezident İlham Əliyev həmin gün xalqa müraciətində belə dedi: “Qubadlıya öz sahibləri qayıdıb. Qubadlının işğaldan azad edilməsi tarixi hadisə idi. Oktyabrın 25-də Qubadlı şəhərinin azad edilməsi bizim qələbəmizi yaxınlaşdırdı.” Bu gün Qubadlıda yaşayış təmin olunur. Azad edilmiş torpaqlarda bərpa və quruculuq işləri geniş vüsət alıb. Yeni yollar, məktəblər, xəstəxanalar və evləri inşa olunur. “Ağıllı kənd” layihələri həyata keçirilir, sakinlərin mərhələli şəkildə doğma yurdlarına qayıdış edir. Qubadlının yenidən qurulması Azərbaycanın müasir inkişafının və xalqımızın dönməz iradəsinin rəmzidir. Qubadlının işğaldan azad edilməsi xalqımızın birliyinin, ordumuzun gücünün və dövlətimizin qətiyyətinin simvoludur. Bu gün hər bir azərbaycanlı üçün Qarabağ azadlıq, qürur və zəfər simvoludur.
Sevinc Həsənova,
İlqar Cəfərov adına 260 nömrəli məktəbin tarix müəlllimi