Qədim Azərbaycan torpağı, Zəngəzurun qapısı sayılan Qubadlı rayonunun işğaldan azad olunmasından 5 il keçir.
Azərbaycan Respublikasının cənub qərbində yerləşən Quabdlı rayonunun səthi əsasən dağlıqdır. Qubadlı rayonu qərbdən 120 km məsafədə Ermənistan Respublikası ilə, şimaldan Laçın rayonu, Hadrut rayonu, şərqdən Cəbrayıl rayonu, cənubdan isə Zəngilan rayonu ilə həmsərhəddir. Rayonun ərazisindən Bərgüşad, Həkəri və onların qolları axır. Bu çayların suyundan əsasən suvarma məqsədləri ilə istifadə olunurdu. Qubadlı rayonunda mineral maddələrlə zəngin olan 600-dən çox bulaq var. Onlardan Məmər kəndindəki “Şirin bulaq”, “İmamzadə”, Göyyal kəndindəki “Turşsu”, digər ərazilərdə “Sobu”, “Kəklik”, “Söyüdlü Əli”, “Çimli”, “Çayzəmi” və başqalarını qeyd etmək olar. Qubadlı rayonunda Hacılı kəndində mişar daşı yatağı var. Bu daşdan tikinti, abadlıq işlərində geniş istifadə edilirdi. Yataqda 6118 min kubmetr daş ehtiyatı qalırdı. Qubadlı rayonu zəngin flora və faunaya sahibdir. Buradakı meşə sahələrində çöldonuzu, qonur ayı, canavar, vaşaq, cüyür və s., yamac və düzənliklərdə boz dovşan, porsuq, tülkü, çaqqal, süleysin, oxlu kirpi, qumsiçanı və s. yaşayır. Quşlardan boz kəklik, turac, qırqovul, göyərçin, bildirçin, sərçə, bülbül, qartal, sürünənlərdən gürzə ilanı, kərtənkələ, koramal, boz ilan çoxluq təşkil edir.
Rayon ərazisindəki (Muradxanlı, Qaracallı və Əliquluuşağı kəndlərinin yaxınlığında) təbii və süni mağaraların olması onların hələ Paleolit dövründən məskunlaşdığını təsdiq edir. İbtidai insan düşərgələri olan belə mağaralar sonralar müqəddəsləşdirilmişdir. Qubadlının daxil olduğu Bərgüşad mahalı 1840-cı il inzibati-ərazi islahatlarına qədər Qarabağ əyalətinin tərkibində qaldı. 1941-ci ilin əvvəllərindən bu əyalətin yerində Xəzər vilayətinin tərkibində əvvəlcə Qarabağ, sonra usə Şuşa qəzası yaradıldı. 30 avqust 1930-cu il tarixdə Azərbaycan Xalq Komissarları Sovetinin və Mərkəzi İcraiyyə Komitəsinin birgə qərarı ilə Azərbaycanda rayonlaşma aparılmış, bu zaman I, II və III kateqoriyalı rayonlar yaradılmışdır. Həmin qərarla yaradılan I kateqoriyalı rayonlara 22 rayon daxil idi ki, onlardan da 1-i Qubadlı rayonu idi.
1931-ci il noyabr ayının 24-də Mərkəzi İcraiyyə Komitəsinin qərarı ilə Qubadlı rayonu Zəngilan rayonu ilə birləşdirilmiş, 1933-cü il mart ayının 14-də ayrılaraq müstəqil rayon olmuşdur. Qubadlı rayonu 1993-cü il avqustun 31-də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir. İşğal nəticəsində rayonun şəhəri və 94 kəndi düşmənin nəzarətinə keçmiş, təqribən 30 min sakin öz yurdundan didərgin düşmüşdür. Erməni işğalçıları tərəfindən rayon ərazisində geniş sahələri əhatə edən qiymətli ağac növlərindən ibarət meşələr, böyük ehtiyata malik yeraltı sərvətlər, mineral maddələrlə zəngin su mənbələri istismar olunmuş, özünün qeyri-adi flora və faunası ilə seçilən əsrarəngiz təbiət guşələri dağıdılmış və məhv edilmişdir. Azərbaycan Ordusunun sentyabrın 27-də başladığı əks-hücum nəticəsində aparılan uğurlu döyüş əməliyyatları ilə 2020-ci il oktyabrın 25-də Qubadlı rayonu erməni işğalından azad edildi. Bununla da Qubadlı rayonu üzərində
Azərbaycanın suverenliyi bərqərar olmuş, Azərbaycan Respublikasının ərazi bütövlüyü bərpa olunmuşdur. Qubadlının işğaldan azad edilməsi tarixi hadisədir. Çünki Qubadlının azad edilməsi tarixi Qələbəmizi yaxınlaşdırdı. Öldürülən, əsir götürülən insanların, uzun illərdir həsrət acısından gözləri qan ağlayan məcburi köçkünlərin və bütövlükdə, qəhrəman Azərbaycan xalqının qisası alındı.
İşğaldan azad olunduqdan sonra Qubadlı rayonunda böyük quruculuq-bərpa işləri həyata keçirilir. Görülən bütün bərpa işləri dövlət başçısı İlham Əliyevin nəzarətindədir. Qubadlının gələcək inkişafı ilə bağlı praktiki işlər aparılır. Həyata keçirilən infrastruktur layihəsi Qubadlının 2050-ci ilə qədərki inkişaf dinamikasını nəzərə alır. Rayonda ekoloji kənd təsərrüfatı, balıqçılıq, sənətkarlıq, aqroturizm və digər sahələrin inkişafı üçün imkanlar mövcuddur. İşğaldan azad ediləndən sonra Ali Baş Komandan İlham Əliyev bir neçə dəfə Qubadlıya səfər edib. Ölkə Prezidentinin Qubadlıya hər səfəri mühüm hərbi və infrastruktur obyektlərinin açılışı, təməlqoyma mərasimləri ilə yadda qalır.
İnanırıq ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Qubadlıda bütün infrastruktur layihələr uğurla icra olunacaq, yurdumuzun bu cənnət guşəsinə yeni həyat gələcək.
Firuzə Məmmədova,
260№li tam orta məktəbin tarix müəllimi