24 oktyabr 2025 10:47
219

Qubadlı bu gün azad, güclü və gələcəyə ümidlə baxan bir şəhərdir

2020-ci il…44 günlük Vətən müharibəsinin davam etdiyi həyəcanlı günlərdən biri idi.Hər kəs-bütün xalq Ali Baş Komandan İlham Əliyevin xalqa müraciətini səbirsizliklə gözləyirdi.Ali Baş Komandanımız xalqına bu xəbəri çatdırmaq üçün daha çox səbirsizlənirdi.Axı o az sonra bütün televiziya kanallarında qələbənin ilk müjdələrindən olan Qubadlının azadlıq xəbərini çatdıracaqdı.Bu necə gözəl,necə müqəddəs amaldır!Səndən xəbər gözləyən milyonlarla insana şad xəbər vermək,onların qəlbindəki 30 illik atəşi söndürmək!O an xalqımızın,ordumuzun və Müzəffər Ali Baş Komandan İlham Əliyevin keçirdiyi hissləri dillə ifadə etmək mümkün deyil.Biz bu tarixi günlərə şahidlik etdik!Şəhid verdik, birlikdə ağladıq,qələbə qazandıq,birlikdə sevindik!

Bəxtiyar Vahabzadənin “Şəhidlər” poemasındakı bu misraları biz xalq olaraq birlikdə yaşadıq!

Azadlıq verilmir, alınır,dayan!

Onun elçisidir, ölüm, qan-qada.

Ölümə, cəfaya hazır olmayan

Millət hazır deyil azadlığa da!

Qubadlı- düz 30 ildir ki,bu adı yalnız televiziya kanallarından,bu yeri görən nənələrimizin,babalarımızın dilindən eşitdik,lakin ayaq basa bilmirdik.Bu şəhər haqqında daim köks ötürülərək danışıldı,çünki işğal altında idi.Sanki Qubadlı bir gün həqiqi sahiblərinin ona geri qayıdacağını hiss edirdi,ona görə 2020-ci il oktyabrın 25-də qollarını qəhrəman oğullara,Azərbaycan əsgərinə açaraq onları ürəklə qarşıladı.Həsrətə son qoyuldu.İndi artıq Qubadlı haqqında nitqlərdə yalnız onun azadlığı,inkişafı ilə bağlı gözəl sözlər eşidirik.Bizlərə bu qələbəni xalq,qəhrəman Azərbaycan əsgərləri və Müzəffər Ali Baş Komandan İlham Əliyevin birliyi qazandırdı.

Hər kəs bir nəfər kimi bu günün baş verəcəyinə çox inanırdı,çünki tarixi ədalət bərpa olmalı idi.Qəhrəman Azərbaycan əsgəri təkcə bir rayonu deyil,orda olan keçmiş günləri,xatirələri,doğma sahiblərini gözləyən dağları,dərələri,gülləri,çayları azad etdi!Bu tarixi qələbənin bir hissəsi idi!

Qubadlı rayonu Azərbaycan Respublikasının cənub-qərbində, Qarabağ yaylasının cənub şərqində yerləşir.

Qubadlı Ermənistan Respublikası ilə , Hadrut rayonu ilə , Laçın, Cəbrayıl və Zəngilan rayonları ilə həmsərhəddir. İnzibati Mərkəzi Qubadlı şəhəridir. 24.07.1990-cı ildə şəhər statusu almışdır. Bu gözəl diyar təbiəti, tarixi və mərd insanları ilə tanınır. Dağları, meşələri, saf bulaqları və füsunkar mənzərələri ilə Qubadlı Azərbaycanın təbii xəzinəsinin ayrılmaz hissəsidir.

Qubadlı təkcə təbiəti ilə deyil, həm də qəhrəman övladları ilə fəxr edilən bir yerdir. Bu torpağın insanları hər zaman Vətənə sədaqət, igidlik və mərdlik nümunəsi göstəriblər. Təəssüf ki, uzun illər ərzində Qubadlı erməni işğalı altında qalmış, kəndləri dağıdılmış, təbiəti məhv edilmişdi.

Qanunsuz məskunlaşma siyasəti

Uzun illər ərzində Ermənistan dövləti beynəlxalq hüququn bütün prinsiplərini pozaraq işğal etdiyi Azərbaycan torpaqlarında qanunsuz məskunlaşma siyasəti aparmışdır. Bu siyasətin məqsədi işğal edilmiş ərazilərin etnik tərkibini dəyişmək, həmin torpaqlarda süni “erməni izləri” yaratmaq və gələcəkdə bu torpaqlara sahib çıxmaq cəhdlərini möhkəmləndirmək idi.

    Xüsusilə Qarabağ və ətraf rayonlarda , o cümlədən Laçın, Kəlbəcər və Qubadlıda Ermənistan hökuməti Suriyadan, Livandan və digər ölkələrdən gətirdiyi erməniləri yerləşdirirdi. Bu addımlar beynəlxalq hüquqa, BMT-nin nizamnaməsinə və Cenevrə konvensiyalarına tam zidd idi.

Ermənistanın bu siyasəti həm də Azərbaycan xalqına qarşı mədəni və tarixi soyqırımı idi. İşğal dövründə Qubadlı, Zəngilan, Füzuli və digər bölgələrdə kəndlər dağıdılmış, məscidlər təhqir edilmiş, tarixi abidələr saxtalaşdırılmışdı. Lakin 2020-ci ildə Azərbaycanın qazandığı möhtəşəm Zəfər bu qanunsuz siyasətə son qoydu. Qubadlı, Laçın və digər rayonlar azad edildi, torpaqlar öz sahiblərinə qayıtdı.

Qubadlı rayonu tamamilə işğaldan azad oldu

Azərbaycan Ordusunun sentyabrın 27-də başladığı əks-hücum nəticəsində aparılan uğurlu döyüş əməliyyatları ilə 2020-ci il oktyabrın 25-də Qubadlı şəhəri erməni işğalından azad edildi. Bununla da Qubadlı rayonu üzərində Azərbaycanın suverenliyi bərqərar olmuş, Azərbaycan Respublikasının ərazi bütövlüyü bərpa olunmuşdur. Bununla əlaqədar, 2020-ci il noyabrın 26-da “ Qubadlının azad olunmasına görə” medalı təsis edildi. Azərbaycan Respublikasının Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 15189 hərbi qulluqçusu Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edildilər.

Qubadlının yeni inkişaf tarixi başlanıb

Bu gün Qubadlı yenidən dirçəlir. Azad olunmuş torpaqlarda quruculuq və bərpa işləri aparılır, yollar, məktəblər, evlər tikilir. İnsanlar doğma yurdlarına qayıdır, torpaqlar yenidən canlanır. Qubadlının hər daşı, hər bulağı şəhidlərimizin qanı ilə müqəddəsləşib. Qubadlı təkcə coğrafi bir məkan deyil.O, vətən sevgisinin, səbrin və qələbə əzminin simvoludur. Bu torpaq bizə bir daha xatırladır ki, azadlıq və müstəqillik hər xalq üçün ən böyük dəyərdir.

Tarixi Qələbə günlərinin əbədiləşdirilməsi ilə bağlı Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli sərəncamına əsasən 25 oktyabr Qubadlı şəhəri günü kimi müəyyən edilmişdir. Azərbaycan xalqı bu unudulmaz tarixi qürurla qeyd edir. Prezidentin “Qubadlıya öz sahibləri qayıdıb” sözləri o gün bütün azərbaycanlıların qəlbində qürur hissi yaratdı. Hər bir insan anlayırdı ki, bu torpaqlara nəhayət, ədalət və sülh qayıdıb.

Qubadlıda bayrağın dalğalanması şəhidlərimizin ruhuna ehtiram, qəhrəman ordumuzun igidliyinə minnətdarlıq idi. Bu, həm də gələcək nəsillərə bir mesaj idi: Vətən torpağı müqəddəsdir, onu qorumaq hər bir azərbaycanlının borcudur.

Qubadlı Azərbaycanın gözəlliyi, mərdliyi və yenilməzliyinin simvoludur. Uzun illər işğal altında qalan bu torpaq 2020-ci ildə azad edilərək öz sahiblərinə qovuşdu. Qubadlının azadlığı göstərdi ki, Vətən torpağı müqəddəsdir və onu qorumaq hər bir azərbaycanlının borcudur. Qubadlı bu gün azad, güclü və gələcəyə ümidlə baxan bir şəhərdir!

Dürdanə Nuriyeva ,
Bakı şəhəri, 269 saylı tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi